Tailandın 89 yaşlı kralının dünən vəfat etməsindən sonra onun yerinə yeganə varisi olan 64 yaşlı oğlu Maha Vajiralongkorn keçəcəyi açıqlandı.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri bəyanat verib.
Kralın oğlu ilk dəfə 2009-cu ildə həyat yoldaşı ilə Münhenə səfəri zamanı imici ilə dünya mediasının manşetlərində yer almışdı. Beldən aşağı şalvar, top kofta və döymələri ilə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olan Maha 3 dəfə evli olub və 7 uşaq atasıdır. Atasından qalan 35 milyard avronun tək varisi olan Vajiralongkornun adı mətbuat üçün o qədər də yad deyil. 2009-cu ildə itinə etdiyi ad günü şənliyinin video görüntüləri dünya KİV-ində yer almışdı.
Bundan başqa, WikiLeaks 2011-ci ildə varisin səhhətinin ürəkaçan olmadığını, QİÇS-dən əziyyət çəkdiyini yazmışdı. WikiLeaks, eyni zamanda Mahanın psixi durumunun da qaydasında olmadığını iddia etmişdi.
Şayiələrə görə isə, varis narkotik istifadəçilərinin sevimli məkanı olan Pxanqan adasının sahibidir.