Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Suriyadakı son hadisələrdə ABŞ kəşfiyyatı rus kəşfiyyatına uduzdu (?)

Suriyadakı son hadisələrdə ABŞ kəşfiyyatı rus kəşfiyyatına uduzdu (?)

Arzu Nağıyev: “Məhz buna görə də Rusiya ABŞ və İranın yaxınlaşmasına imkan verə bilməzdi”

“Bu münaqişənin sonu çox dumanlıdır”

Rusiya İŞİD qruplaşmasını Xəzər dənizində üzən hərbi gəmilərindən buraxılan raketlərlə vurduğunu bildirib. Müdafiə naziri Sergey Şoyqu deyib ki, Xəzər dənizində mövqe tutan dörd hərbi gəmidən İŞİD qruplaşmasının 11 hədəfinə 26 raket buraxılaraq həmin hədəflər məhv edilib.
Bu arada Suriya fəallarının məlumatına əsasən, Rusiya təyyarələri ölkənin şimal-şərqində yeni hava həmlələrini həyata keçirib. Hava həmlələri ilə yanaşı, hökumət qüvvələrinin quruda əməliyyata başladığı bildirilir.
Prezident Putin Rusiya hərbi qüvvələrinin bu əməliyyatını alqışlayaraq hədəflərin 1500 km məsafədə olduğunu qeyd edib.
Rusiya uzaq mənzilli silahları ilə İŞİD-ə aid olmayan hədəfləri vurduğunu inkar edir. Bundan əvvəl isə Rusiyaya məxsus qırıcılar İŞİD-in Suriyadakı mövqelərini bombalayıb. Təbiidir ki, bütün bu irimiqyaslı işlər birdən-birə başlamayıb. Rusiya uzun müddətdir Xəzərə hərbi gəmilər gətirirdi. Bundan başqa, Rusiyanın qırıcıları da hansısa ölkənin üzərindən Suriyaya aparılıb. Təbiidir ki, bu barədə ABŞ-ın kəşfiyyat məlumatları öncədən olmalı idi. Lakin… Bu məsələdə ABŞ kəşfiyyatının Rusiyaya uduzduğunu iddia etmək olarmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev açıqlamasında bildirdi ki, bu proseslər hazırlıqsız baş verməyib: “Hələ sovetlər dönəmindən Suriyada SSRİ-nin və sonra da varis kimi Rusiyanın hərbi bazası olub. Bu bazadan da kəşfiyyat işləri aparılıb. Bir müddət əvvəl İsrail və Türkiyə rəhbərlərinin narahatlıqla Putinlə görüşləri, İran rəhbərliyinin Rusiya ilə həmrəylik nümayişi belə bir prosesin baş verəcəyini deməyə əsas idi. Bundan başqa, artıq Rusiyanın başqa bir seçimi də qalmamışdı, məlumdur ki, ərəb ölkələrində gedən proseslərdə son hədəf də elə Rusiyanın tənəzzülü idi. Yəqin ki, Suriyadan sonra növbə İrana çatmalı idi və bu isə Rusiya sərhədlərinə daha da yaxınlaşmaq demək idi. Məhz buna görə də Rusiya ABŞ və İranın yaxınlaşmasına imkan verə bilməzdi. Məlumdur ki, İrandan Qərb sanksiyalarının götürülməsi 56 milyard dollar gəlir demək idi. Məhz buna görə Rusiya İranın da daxil olduğu koalisiya yaratdı. Bir tərəfdən Rusiya özünü bəlkə də həlli görünməyən bir labirintə atdı, digər tərəfdən də çıxış yolu məhz bu idi. Bəlkə də ABŞ Rusiyanın bu konfliktə qoşulmasını çoxdan arzulayırdı. Çünki müharibənin hər bir günü maddi cəhətdən həddən çox baha başa gəlir və bu da Rusiyanın çöküşünə bir zəmindir. Bu münaqişənin sonu çox dumanlıdır, baxmayaraq ki, Rusiya hələ güc nümayiş etdirir, qırıcılardan və hətta Xəzərdəki raket gəmilərindən istifadə edir.
Son nəticə kimi elə də böyük bir nailiyyət əldə edilməyib. Bütün bu proseslər heç də ABŞ kəşfiyyatının Rusiya kəşfiyyatına uduzması kimi qiymətləndirilə bilməz, ən qorxulusu odur ki, ümumiyyətlə regionda qeyri-stabillik hökm sürür. Rusiya qarşısına bir məqsəd qoyub ki, Bəşər Əsəd rejimi qalmalıdır, bu və ya digər formada buna mane olan qüvvələr, o cümlədən “Cəbhə Ən Nusra” və İŞİD qüvvələri məhv edilməlidir, təbii ki, Qərbin sanksiyalarına məruz qalmış dövlət kimi iqtisadi cəhətdən də Rusiya bundan kifayət qədər bəhrələnməli, eyni zamanda regionda, daha doğrusu, Yaxın Şərqdə hərbi nəzarətçiyə çevrilməlidir”.
Məhəmmədli QƏRİBLİ

 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın