Ana səhifə / İqtisadiyyat / Süfrələrimiz boş qalacaq?- “Subsudiya həm azdır, həm də fermerə çatmır”

Süfrələrimiz boş qalacaq?- “Subsudiya həm azdır, həm də fermerə çatmır”

Aqrar Subsidiya Şurası ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. 

Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2023-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə müəyyən olunub. Qeyd edək ki, fermerlərin kənd təsərrüfatı ilə məşğul olması, torpaqdan bol məhsul götürməsi üçün subsidiya önəmli amildir. Xatırladaq ki, dizel yanacağı bahalaşanda kənd təsərrüfatı məhsullarının kəskin bahalaşmasının qarşısını almaq üçün subsidiyanın artacağı deyilirdi. Ancaq subsidiyalarda artım olmadığı və kənd təsərrüfatı məhsullarının bahalaşmasının bir səbəbinin bununla bağlı olduğu deyilir. 

Yeni ildə subsidiyalarda artım olmazsa, bu, yerli məhsulların daha da bahalaşmasına gətirib çıxaracaq? 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Cebhe.info-ya bildirdi ki, elektron variantın tətbiqindən sonra subsidiyanın baza məbləği 200 manatdır: 

“Ötən il dizel yanacağı ilə fərq yarananda fermerlərə əlavələr verildi. Bizim rəsmi məlumata görə, onsuz da subsiyadalarda artım var. Subsidiyalar taxıla, tütünə, pambığa, şəkər çuğunduruna görə artıb. İl ərzində də əlavə nəsə ehtiyac yaranarsa, Aqrar Subsidiya Şurası baxa bilər”. 

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə deyir ki, subsidiyalaşmada problem kifayət qədər çoxdur: 

“İlk olaraq subsidiyanın baza hissəsini 80 manatdan 200 manata qaldırırlar. Yəni baza dedikdə onlar əmsala daxil olan rəqəmdən söhbət edirlər. Bu, o demək deyil ki, minimum alan 200 manat alacaq. Ümumiyyətlə, 200 manatdan az alan da, çox alan da olacaq. Burada önəmli olan odur ki, məbləğ azdır, artmalıdır. Çox təəssüflər olsun ki, 2023-cü ilin dövlət büdcəsində də kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitdə elə ciddi artım müşahidə etmirik. Yəni 20 faiz artım var. Azərbaycan kimi kənd təsərrüfatı bərbad vəziyyətdə olan, qarşısında 10 milyon əhalini yedirtmək kimi öhdəlik duran ölkədə bu sahəyə investisiya qoyuluşu 4-5 dəfə artıq olmalıdır. Ötən il büdcədən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılmışdı, bu il 1 milyard 200 milyon vəsait ayrılıb. Ancaq bu artım 20 faiz deyil, daha çox olmalıdır”. 

Eksper deyir ki, verilən subsidiyalar vətəndaşa çatmır: 

“Daha doğrusu subsidiyanın əksər hissəsi gedib fermerə çatmır. Fermer torpağı icarəyə götürübsə, subsidiyanı ala bilmir. Yaxud məmurlar var ki, dövlət fondundan torpaq icarəyə götürüblər, 500 hektar götürdüyü torpağın 50 hektarını əkir, qalan hissəsi isə otlaq kimi qalır. Ancaq onu qeyd edirlər ki, taxıl altında olan sahədir. Subsidiyaları belə mənimsəyirlər”. 

Ekspertin fikrincə, üçüncü problem subsidiyalarda razılaşdırma məsələsidir: 

“Fermer 75 faizi nağdlaşdıra bilməz, guya vəsait almalıdır. Yalnız 25 faizi əkin üçün nağdlaşdıra bilər. Digər hissəyə isə gübrə, pestisit, yemləmə vasitələri almalıdır. Fermerlər hökumətin təhkim etdiyi şirkətlərdən vəsait alaraq 75 faizi xərcləmələdir. O şirkət də nə təqdim etsə, onu almalıdır. Şirkətlər də təhkimçilikdən sui-istifadə edərək aşağı keyfiyyətli vəsaitləri yuxarı qiymətə fermerə satırlar. Hətta şirkətlərlə fermerlər arasında olan söhbətləri eşitmişəm. Deyirlər ki, onsuz da başqa yerə xərcləyə bilməzsən, batmış puldur, gəl, nə istəyirsən götür apar. Yəni yararsız məhsulu gübrə adı ilə satırlar. Bütün bunlarla kənd təsərrüfatının inkişaf etdirilməsi mümkün deyil. 

Fermer bu gün əkin əkməkdə, məhsul yetişdirməkdə maraqlı deyil. Gündən-günə Azərbaycanın kəndləri boşalır. Məsələn, vətəndaş İmişlidə torpağı becərmək əvəzinə, gəlib Bakıda tikintidə işləyir. Bu proses hazırda da davam edir. Hökumət kənd təsərrüfatına qoyulan investisiyanı 4-5 dəfə artırmalı, subsidiyaların verilməsində şəffaflıq yaranmalıdır. Elə sadə mexanizmlər işlənməlidir ki, ayrılan subsidyalar gedib fermerin əlinə çatsın. Bunu təşkil etməyənə qədər Azərbaycanda kənd təsərrüfatının inkişafı mümkün deyil”. 

Həmçinin oxuyun

“Kredit faizləri artacaq” – EKSPERT

“Depozit faizlərini artırırlarsa, biz bunun geridönüşünü kredit faizlərinin artması ilə müşahidə edəcəyik”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert …