Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Subsidiyalar keyfiyyətə görə verilməlidir” – Natiq Cəfərli

“Subsidiyalar keyfiyyətə görə verilməlidir” – Natiq Cəfərli

Azərbaycan bu ilin yanvar-mart aylarında Rusiya və Qazaxıstandan buğda idxalı artırıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, Rusiyadan buğda idxalı 3 dəfə – 233,165 min tonadək artıb. Ümumilikdə, yanvar-mart aylarında Rusiya Azərbaycana $66 milyon 416,42 min dəyərində (artım 2,5 dəfə) buğda tədarük edib. Beləliklə, bir ton Rusiya buğdası Azərbaycana 284,84 ABŞ dollarına başa gəlib.
Bu həm daxili bazarda dənli bitkilərə təlabat olduğundan, həm də maliyyə xərclərinin artmasından xəbər verir.Bəs, Azərbaycanda dənli bitkilərin istehsalı ilə bağlı vəziyyət nə yerdədir? Mövcud çatışmazlıqların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında yerli istehsalda dənli bitkilərlə bağlı problemlərə diqqət çəkib:

“Bizim özümüzü ərzaqlıq buğda ilə təmin etmə səviyyəmiz 25 faizdən yuxarı qalxmır. Hətta keçən il bu göstərici 23 faizə düşüb. Yaz əkin məlumatlarından məlum olur ki, bu il də buğda əkini sahələrində 12 faizə yaxın azalma var. Yəni, Rusiya və Qazaxıstandan buğda idxalı davam edəcək. Bu da ölkədən valyuta axınına səbəb olur və ərzaq təhlükəsizliyi cəhətdən problem yaradır. Düzdür, Azərbaycanda hər zaman 200-250 günlük buğda ehtiyatı var. Lakin yerli istehsalın artırılması yolu ilə xaricdən asılılığın azaldılması daha doğru olar”.
Ekspert bu sahədə yaranan problemlərin səbəblərini izah edib:
“Azərbaycanda dənli bitkilərdənsə, texniki bitkilərə üstünlük verilib. Pambıq sahələrinin artması dənli bitkilərin azalmasına səbəb olub. Məhsuldarlıq da aşağı səviyyədədir. Rusiya və Qazaxıstanla müqayisədə 30-40 faiz daha aşağıdır. Bu problemlər fermerlərin buğda əkininə marağını azaldır, xaricdən asılılığın yaranmasına səbəb olur”.
N.Cəfərli hesab edir ki, çatışmazlıqların aradan qaldırılması üçün stimullaşdırıcı tədbirlər görülməlidir:
“Keyfiyyətli buğda əkini ilə məşğul olan şəxslərə daha çox subsidiyalar verilməlidir. Bizdə çox zaman həcmə görə subsidiya tətbiq olunur. Keyfiyyətə görə subsidiyalaşma isə hələ yoxdur. Bu praktikanı da tətbiq etmək lazımdır”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …