Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Strateji valyuta ehtiyatları 5 milyard artıb

Strateji valyuta ehtiyatları 5 milyard artıb

Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13.3% (5 mlrd.$) artmış və 42.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5.2 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib. Bəyanatda bildirilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub.

2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi yaxşılaşıb. Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 mlrd. ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari əməliyyatlar hesabında ÜDM-in 3.8%-i səviyyəsində profisit qeydə alınıb. Bu profisitin bərpası yalnız neftin dünya bazarlarında 2 qiymətinin artımı ilə bağlı deyil.

Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi, bu əsasda sürətli və inklüziv iqtisadi artıma nail olunması ortamüddətli dövrdə qarşıda duran başlıca vəzifədir. Ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcək. Aşağı və proqnozlaşdırıla bilən inflyasiya qeyri-müəyyənlikləri aradan qaldırır, ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan verir. Bu səbəbdən AMB orta və uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq görür. Bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlər davam etdiriləcək.

Bəyanat müəllifləri hesab edir ki, bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …