Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Son islahatlar ÜTT-yə üzvlüyü tezləşdirəcəkmi? (ŞƏRH)

Son islahatlar ÜTT-yə üzvlüyü tezləşdirəcəkmi? (ŞƏRH)

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların başlamasından 22 il keçir. Bu illər ərzində təşkilata üzv ola bilməməyimizin obyektiv və subyektiv tərəfləri var. Əgər bir tərəfdən ölkəmiz bəzi iqtisadi göstəricilərinə görə təşkilatın kriteriyalarına cavab vermirsə, digər tərəfdən siyasi amillərin rol oynadığını deyə bilərik. Artıq Azərbaycan iqtisadiyyatı özünün o mərhələsinə çatıb ki, nəinki ÜTT-yə üzvlüklə bağlı razılaşma mümkündür, hətta təşkilata ən üst kateqoriyada – inkişaf etmiş ölkə kimi – üzvlük məsələsi müzakirə edilir. 
Məlumat üçün bildirək ki, MDB-də yalnız Azərbaycan, Türkmənistan və Belarus ÜTT-nin üzvü deyil. Bu siyahı kifayətdir ki, ÜTT-yə üzvlüyümüzün bizim üçün nə demək olduğu aydın olsun. Əlbəttə ki, Azərbaycanın Belarus və Türkmənistanla deyil, Qazaxıstan və Rusiya ilə müqayisə olunacaq siyahılarda olması vacib amildir. ÜTT-yə üzvlük həm də iqtisadi rəqabət deməkdir. Rəqabət iqtisadiyyatın, yerli istehsalın inkişafı, son nəticədə isə istehlakçının qazanması deməkdir. Üstəlik, təşkilata üzv olduqdan sonra daha çox məhsul istehsal etmək, büdcəyə daha çox vəsait cəlb etmək mümkün olacaq. 
Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda əsas məqsədlərdən biri dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirməkdir. Həmçinin ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq, dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək, ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar, eləcə də inkişaf etmiş ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq təşkilata üzv olkələrin üstünlükləridir. ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox birbaşa xarici sərmayə cəlb etmək mümkünləşir ki, bu da iqtisadi inkişafı sürətləndirən amildir. ÜTT-yə üzvlük eyni zamanda ölkəyə təşkilatın mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını qazandırır. 
ÜTT-yə üzvlük monopoliyanın aradan qaldırılmasına da imkan verəcək. Yeri gəlmişkən, ekspertlər ölkə başçısının monopoliya ilə bağlı səsləndirdiyi fikirlərdən sonra təşkilata üzvlük məsələsində proseslərin sürətlənəcəyini proqnozlaşdırırlar. Eyni zamanda Azərbaycanda kölgə iqtisadiyyatının artıq təhlükəli həddə çatması ilə bağlı açıqlanan rəqəmlər bu sahədə işlərin sürətlənməsini zəruri edir. Aydın məsələdir ki, ÜTT-yə üzvlük iqtisadiyyatda şəffaflıq deməkdir. Şəffaflıq və hesabatlılıq isə öz növbəsində kölgə iqtisadiyyatı ilə bağlı irəliləyişə nail olmaq üçün başlıca amildir.
Bəs Azərbaycanın ÜTT üzvlüyünü ləngidən nədir? Suala cavab almaq üçün iqtisadçı ekspert Vüqar Bayramovla əlaqə saxladıq. V.Bayramov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, Azərbaycan artıq uzun illərdir ki, ÜTT-yə üzvlüklə bağlı danışıqlar aparır: 

“1997-ci ildə Azərbaycan ÜTT-yə üzvlüklə bağlı müraciət edəndə güman edilirdi ki, proses uzağı 2000-ci illərin əvvəllərində tamamlanacaq, praktik olaraq biz üzvlük prosesinin uzanmasını müşahidə etdik. Azərbaycanda yeni struktur və kadr islahatları aparıldıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. Əvvəla, MDB məkanında üç ölkə ÜTT üzvü deyil: Azərbaycan, Belarus və Türkmənistan. Digər bütün MDB ölkələri təşkilatın üzvüdür, sonuncu Tacikistan üzv olub. Azərbaycan üçün ÜTT-yə üzvlük qeyri-neft sektorunun inkişafı, xüsusən qeyri-neft məhsullarının ixracatının artırılması baxımından çox vacibdir. Üzvlük yalnız idxalın liberallaşdırılması deyil, eyni zamanda Azərbaycan məhsulları üçün yeni bazarların açılması baxımından da əlverişlidir. Təşkilata üzvlük imkan verir ki, digər üzv ölkələrə məhsullarımız daha asan ixrac oluna bilsin. ÜTT həm də standartların uyğunlaşdırılmasıdır. Təşkilata üzvlük həmçinin monopoliyanın aradan qaldırılmasına xidmət edəcək. Nəzərə alsaq ki, ötən müşavirədə də ölkə prezidenti monopoliyaya qarşı mübarizənin genişləndirilməsilə bağlı tapşırıqlar verdi. ÜTT üzvlüyü eyni zamanda şəffaflığın artırılmasına xidmət edəcək, bu da gizli iqtisadiyyatın dövriyyəsinin kiçildilməsi baxımından çox vacibdir. 
Bizdə olan məlumatlara görə, Azərbaycanla ÜTT arasında üzvlüklə bağlı danışıqların böyük qismi razılaşdırılıb. Sadəcə bir neçə məqam var ki, onunla bağlı da proseslər artıq razılaşma mərhələsindədir. Bu, ölkənin statusu ilə bağlıdır. Hansı ki, təşkilata üzv olarkən ölkələr üç status seçə bilir: inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş. İnkişaf etmiş ölkələr üçün şərtlər daha ağır olduğu üçün Azərbaycan inkişaf etməkdə olan ölkə statusunda üzvlüyə daxil olmaqda maraqlıdır. Amma Azərbaycan Dünya Bankının və BVF-nin son təsnifatında daha yüksək orta gəlirli ölkələr qrupuna daxil olduğuna görə ÜTT inkişaf etmiş ölkə statusu təklif edir. Statusla bağlı məsələnin dəqiqləşməsi həm də aqrar sektora subsidiyalarla bağlıdır. İnkişaf etmiş ölkələrdə aqrar sektora istehsal olunan məhsulun 5 faizi həcmində subsidiya yönəldilə bilər, inkişaf etməkdə olan ölkələrdə bu, 10 faizdir. ÜTT ilə Azərbaycan arasında daha uyğun orta faizin razılaşdırılması ilə bağlı danışıqlar gedir və güman olunur ki, razılıq da əldə ediləcək. Eyni zamanda ÜTT-yə üzv olan ölkələr aqrar sektora subsidiya ilə bağlı yaşıl, qırmızı və sarı zənbilləri seçə bilirlər. Yaşıl zənbil praktiki olaraq infrastruktura limitsiz maliyyə ayırmaq imkanı verir. Birbaşa subsidiyalar isə inkişaf etməkdə olan ölkələr üçün ümumi istehsalın 10 faizi həcmindədir, bu da Azərbaycan üçün məqbul hesab oluna bilər. ÜTT-yə üzvlükdən sonra ölkə güzəşt müddəti alır. Rusiyada bu, 7 il idi, bu isə o deməkdir ki, 7 il ərzində ölkə ÜTT şərtlərini tətbiq etmir, iqtisadiyyatını ona hazırlayır. Bu baxımdan Azərbaycan ÜTT-yə üzv olduqdan sonra güzəşt müddəti əldə edəcək və iqtisadiyyatını təşkilatın şərtlərinə hazırlayacaq”. 
V.Bayramovun sözlərinə görə, bütövlükdə qiymətləndirmələr göstərir ki, ÜTT üzvlüyü Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlərə malik olacaq: 
“Bu, ölkənin qeyri-neft ixracatının artmasına və iqtisadiyyatın şaxələnməsinə yardım edəcək. Bu kontektsdən təbii ki, yeni kadrların ÜTT üzvlüyü məsələsində daha prinsipial mövqe nümayiş etdirməsi və ölkəmizin təşkilata üzvlüyünün daha qısa zamanda tamamlanması məqsədəuyğun olardı”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …