Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Soğan panikası”: Qiyməti özündən çox göz yaşardır

“Soğan panikası”: Qiyməti özündən çox göz yaşardır

Dünyanın bir çox ölkələrində tərəvəzə tələbatın artması müşahidə edilir. Bəzi ölkələrdə adi soğan demək olar ki, qızıl qiymətinə satılır.
Avropada keçən ilki quraqlıq səbəbindən məhsul yığımı on faiz azalıb. Bu da təbii ki, qiymətlərin bahalaşmasına səbəb olub. Avropa bazarında isə qıtlıq artmaqda davam edir.

Bəzi Asiya ölkələrində – məsələn, soğanın Avropaya göndərildiyi Qazaxıstan və Özbəkistanda ajiotaj səbəbindən ixrac dayandırılıb. İxrac qadağası Qırğızıstan və Tacikistan tərəfindən də tətbiq edilib.

Amma əsl “soğan panikası” Filippində başlayıb. Bu ölkədə soğanın qiyməti bir neçə ay ərzində altı dəfə artaraq kiloqramı 13 dollara çatıb. Əslində, bu qiymət əsl paradoksdur: soğan indi Filippində toyuqdan üç dəfə bahadır. Həm də ölkədəki orta günlük əmək haqqından çoxdur.

Ajiotajın səbəbləri məhsulun kəskin azalması və möhtəkirlərdir. Yerli restoranlarda soğanın istifadəsi kəskin şəkildə məhdudlaşdırılıb.

Qiymətin bahalaşması ilə “soğan turizmi” geniş vüsət almağa başlayıb: Birləşmiş Ərəb Əmirliklərində işləyən Filippin sakinləri oradan özləri ilə soğan gətirirlər. Bu, sərfəli görsənir, lakin soğan BƏƏ-də heç də ucuz deyil.

Ancaq problem təkcə soğanla bağlı deyil. Böyük Britaniyanın bir çox supermarketlərində tərəvəz rəfləri boşdur. Pərakəndə satıcılar bir əldən tərəvəz satışına məhdudiyyətlər qoyur, qiymətlər yüksəlir.

“Tərəvəz böhranı” Türkiyədəki zəlzələ nəticəsində yaşanan problemlər səbəbindən ixracın məhdullaşdırılması fonunda da da şiddətlənib. Beləliklə, ümidlər bu il istehsal olunacaq məhsuladır.

Qeyd edək ki, Azərbaycanda soğanın, eyni zamanda digər tərəvəzlərin də qiyməti ilin əvvəlindən yüksəlib. Pərakəndə satış mərkəzlərində soğan 1,20 AZN, katof 1,40 AZN, pomidor 4-6 AZN, xiyar 3,50-4,50 AZN, göyərtilər 0,20-0,25 AZN, bibər 3-4 AZN-ə satılır.

Region bazarlarında soğanla bağlı yaşanan böhran səbəbindən ölkəmizdə də bu məhsulun qiymətlərində kəskin bahalaşma müşahidə olunurdu. Ölkədəki ehtiyatların ixraca yönəldilməsi də qiymətləri kəskin artırmışdı. Bunu nəzərə alaraq Nazirlər Kabinetinin fevral ayında Azərbaycanda soğanın ixracına məhdudiyyət qoyulması, eyni zamanda 2023-cü il mayın 1-dək məhsulun idxalı gömrük rüsumundan azad olunması barədə qərar verdi.

“Azərbaycanda soğanın qiyməti qərarlar qəbul edilənə qədər hansı səviyyədə idisə, o səviyyədə də qalıb. Soğanın bir kiloqramının pərakəndə satış qiyməti kütləvi satış yerlərində 1-1,15 AZN, supermaklretlərdə 1,30-1,40 AZN, topdan satış yerlərində 0,90-0,95 AZN-ə satılır”.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə AzVision.az-a açıqlamasında deyib.

– Azərbaycanda soğanın qiymətinin kəskin artımı region bazarındakı ilkin mərhələdə olan trendlərə uyğun baş verdi. Bundan sonrakı proseslərin Azərbaycanda soğanın qiymətinə təsirini gözləmirik. Bizdə olan məlumata görə, qərarlar qəbul olunana qədər sahibkarlarlar minlərlə ton soğanı ixrac etməyə hazırlaşırdı, – F.Fikrətzadə əlavə edib.

Azərbaycanda digər məhsulların da bahalaşmasına gəlincə Mərkəz direktoru qeyd edib ki, hazırda bazarlarda kartofun qiyməti mövsümə uyğun stabilləşib.

“Yeni məhsullar da bəzi regionlardan daxil olur. Ölkədə hər hansı məhsul üzrə qıtlıq gözləntisi yoxdur, o cümlədən də kartof üzrə.

Bu gün logistika problemlidir. Eyni zamanda gübrənin də qiyməti bahadır. Bu baxımından bütün dünyada ərzaq qiymətlərində artım qaçılmazdır. Sadəcə bəzi ölkələr var ki, bunlar qiymətin baha olması məqbulunda məhsulun olub-olmamasının da qeydinə qalmırlar. Ancaq hansı mənbələr hesabına olur-olursa istehlak bazarında bütün ərzaqların təmin olunması dövlətin bir nömrəli prioritetlərindəndir. Ölkəmizdə lazım olsa sahibkarlara böyük güzəştli kreditlər də verilir ki, onun ehtiyatları yaradılsın. Yəni bu məsələdə dövlət heç bir qənaetə getmir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadə bildirib ki, 2023-ci il yanvar ayında Azərbaycanda aqrar məhsulların ixracı 17,2% azalaraq 49,9 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində aqrar məhsulların azalmasının hərəkətverici qüvvəsi meyvə-tərəvəz, dənli bitkilər, tütün və tütün əvəzedicilərinin azalması ilə əlaqədar olub.

– Xüsusilə, dənli bitkilərin ixracında 100% azalma müşahidə edilib ki, bu da 2022-ci ildə Şərqi Avropa regionunda geoiqtisadi durumun dəyişməsi nəticəsində Nazirlər Kabineti tərəfindən ərzaq təhlükəsizliyi və istehlakçıların qida məhsullarına rahat əlçatanlığının təmin edilməsi məqsədilə dənli bitkilər daxil olmaqla, bir sıra məhsulların ixracının tənzimlənməsi ilə əlaqədardır. Belə ki, ötən ilin yanvar ayında 5,5 milyon ABŞ dolları dəyərində dənli bitkilərin ixracı həyata keçirilsədə, bu ilin yanvar ayında hər hansı ixrac əməliyyatı qeydə alınmayıb, N.Hacızadə vurğulayıb.

Departament rəhbəri qeyd edib ki, 2023-ci ilin yanvar ayında Azərbaycanın meyvə-tərəvəz ixracında 14,7% azalma qeydə alınıb. Müvafiq ay ərzində tərəvəz ixracı 21,3% azalaraq 12,3 milyon ABŞ dolları, meyvə ixracı isə 12% azalaraq 28,6 milyon ABŞ dolları təşkil edib.

“2023-ci ilin aqrar məhsullarında nəzərə çarpan azalmanın əsas səbəblərindən biri dünya ərzaq qiymətlərinin ötən il ilə müqayisədə enməsidir. FAO-nun Ərzaq Qiymətləri İndeksi 2023-cü ilin yanvar ayında orta hesabla 131,2 bənd təşkil edərək, dekabr ayına nisbətən 1,1 bənd (0,8 faiz) azalaraq, ardıcıl 10-cu aylıq enişi qeyd edir. Bu son enişlə indeks 2022-ci ilin mart ayında çatdığı zirvədən 28,6 bənd (17,9 faiz) aşağı düşüb. Yanvarda indeksin azalmasına bitki yağları, süd məhsulları və şəkərin qiymət indekslərindəki eniş səbəb olub. taxıl və ət əsasən sabit qalıb”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …