Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / SOCAR-ın yeni idarəçilik modeli nə VƏD EDİR? – ŞƏRHİ

SOCAR-ın yeni idarəçilik modeli nə VƏD EDİR? – ŞƏRHİ

Yola saldığımız həftə enerji sektorunda elə bir informasiya bolluğu müşahidə edildi ki, sanki yayın ortasında istirahətə meylli bir zaman yaşanmırdı. Ona görə də bunların ən əhəmiyyətlilərini diqqətinizə çatdırmaq istərdim. 

Qlobal bazar 

Avropada qaz bazarlarında həftə ərzində qiymət dəyişkənliyi müşahidə olunsa da, amma cümə günü sonuncu hərraclarda qaz 291,6 qiyməti ilə bağlandı. Mayın 25-də 300 dollardan aşağı qeydə alınan qiymət kimi.

Buna səbəb də Avropa İttifaqında yeraltı qaz anbarlarında 80% ətrafında artıq ehtiyatların toplanması, isti hava ilə əlaqədar artan enerjiyə olan tələbatın isə alternativ enerji mənbələri hesabına qarşılanması idi. Bir sözlə, mavi yanacağa tələbat hiss ediləcək səviyyədə duyulmadığından onun qiymətləri də bazarda ucuzdur. 

Neft bazarlarında isə həftə ərzində əks vəziyyət müşahidə edilirdi. Brent markalı neft həftə əvvəli hərraclara 80,95 göstəricisi ilə başlasa da, həftə sonunu 1 barel üçün 84,45 dollarla bağladı.

Neft qiymətlərinin artımına səbəb isə Çində tələbatın artımı, OPEK+ çərçivəsində bazarlara daha az həcmdə neftin çıxarılması və yaxın perspektiv üçün bazarda neft qıtlığı yarana biləcəyi ilə bağlı proqnozlar idi. 

Azərbaycanın maye qaz sazişi. 

Həftəyə Azərbaycan maye qaz satışı ilə bağlı sazişin imzalanması ilə başladı. Bazar ertəsi “SOCAR Trading” və  “Pakistan LNG Limited” şirkətləri arasında Pakistana mayeləşdirilmiş qaz tədarükünə dair çərçivə sazişi imzalandı. Qeyd edək ki, sənəd Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı ilə imzalanıb.

Müqavilənin müddəti eyni müddətə uzadılma imkanı ilə bir ildir. Sənədə əsasən, Pakistan hər ay Azərbaycan tərəfindən güzəştli qiymətlə bir-iki tanker mayeləşdirilmiş qaz almaq imkanı əldə edir. “SOCAR Trading” şirkəti Pakistana qazı əsasən Qətərdən tədarük edəcək. 
Pakistan mətbuatının yazdığına görə, qaz sazişinə dair razılıq Pakistanın baş nazirinin bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı əldə olunmub və iki ölkə arasında münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət daşıyan bir hadisədir. 

Azərbaycanla razılaşmayan Türkmənistan. 

İyulun 24-ü axşam isə gözlənilmədən Türkmənistan xarici işlər nazirliyinin açıqlaması yayıldı. Rəsmi Aşxabad Transxəzər qaz kəmərinin tikintisinin həyata keçirilməsinə mane olan hər hansı siyasi, iqtisadi, maliyyə amilinin olmadığına əminliyini vurğulayıb. 

Əslində bu açıqlama dolayısı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Qlobal Media Forumda səsləndirdiyi bəyanata rəsmi Aşxabadın reaksiyası idi.

Sadəcə Xəzərin o tayından diplomatikcəsinə bunu “bir sıra beynəlxalq KİV-lərdə Türkmənistan təbii qazının Qərb istiqamətində nəqli layihəsinin həyata keçirilməsi mümkünlüyü ilə bağlı şərhlər” kimi təqdim etmişdilər. 
Yəni İlham Əliyev Şuşada xarici jurnalistlərə bildirmişdi ki, Türkmənistan qazının Avropaya çatdırılması üçün hökmən Transxəzər qaz kəməri çəkilməlidir və Azərbaycanın sahillərindən sonra yeni bir infrastruktur tikmək lazım olacaq, çünki Cənub Qaz Dəhlizi genişləndirildikdən sonra onunla Azərbaycan qazı axacaq, digər mənbədən gələn yanacaq üçün yaxın və orta perspektivdə həmin boru kəmərində yer olmayacaq.

Belə olan halda türkmən qazının daşınması üçün lazım olan boru kəmərinin maliyyəsini kim təmin edəcək? Maliyyə məsələləri həllini tapmadığı təqdirdə isə Transxəzər qaz kəmərinin taleyi müəmmalı olaraq qalacaq. 

Rəsmi Aşqabad isə nədənsə bundan təşvişə düşüb və tələm-tələsik deyir ki, yox, elə deyil, bizim Qərb istiqamətində qazımızı ixrac etmək üçün nə siyasi, nə iqtisadi, nə də maliyyə problemimiz yoxdur. 

Tutaq ki, belədir. Əgər belədirsə, onda niyə indiyə kimi reallaşmayıb, heç kağız üzərində olsa belə… detallı layihəsi də hazırlanmayıb. Bilməyənlər üçün xatırladımm ki, indiyə qədər heç Transxəzər qaz kəmərinin Xəzərin dibi ilə marşrutu belə müəyyənləşdirilməyib.  

Açıqlamadan o da məlum olur ki, rəsmi Aşqabadın qənaətincə, Transxəzər qaz kəmərinin reallaşması Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölünməsi məsələsinə bağlıdır.

Mən belə nəticəyə gəlirəm ki, 2021-ci ilin yanvarında Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış Sazişin indiyə qədər kağız üzərində qalması məhz rəsmi Aşxabadın tez-tez dəyişən mövqeyinin nəticəsidir.

Neçə ki, Tütkmənistan bir qaz sahibi, onun istehsalçısı kimi özü istehlakçılarla danışıqlara başlamaq fikrində olmayacaqsa və rəsmi Brüsselə ümid edib heç bir addım atmayacaqsa, demək onun Avropa bazarına çıxan mavi yanacağı da olmayacaq. 

SOCAR-dakı dəyişikliklər. 

Həftənin yadda qalan maraqlı enerji hadisələri içərisində SOCAR rəhbərliyindəki dəyişiklikləri vurğulamaq gərəkdir. Çünki bu proses çoxdan başlayıb, və cəmiyyətdə nə zaman yekunlaşacacağı gözlənilirdi. Və dövlət başçısı bunu həftənin sonuncu iş günü, özü də saat 17-dən sonra imzaladığı Sərəncamlarla yekunlaşdırdı. 

Dövlət başçısı SOCAR-ın 5 vitse-prezidentini bir gündə tutduqları vəzifələrindən azad etdi və SOCAR-a 7 yeni vitse-prezident təyin etdi.

Sərəncamlara əsasən, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamlarla Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov, Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin ediliblər.

Bununıa da SOCAR-da yeni təyinatlar nəzərə alınmaqla vitse-prezidentlərin sayı 11 nəfər oldu. Bundan əlavə Xoşbəxt Yusifzadə birinci vitse-prezident postunu tutur.

Həmçinin nəzərə almaq lazımdır ki, şirkətin hazırkı rəhbəri Rövşən Nəcəf 10 fevral 2022-ci il tarixdə dövlət başçısının sərəncamı ilə SOCAR-a birinci vitse prezident təyin edilmiş və eyni zamanda şirkətə rəhbərliyin müvəqqəti icrası ona tapşırılmışdı. 21 iyul 2022-ci il tarixdə Rövşən Nəcəf SOCAR-ın prezidenti vəzifəsinə təsdiq edilərkən onun tutduğu vəzifə – SOCAR-ın birinci vitse-prezidenti postu ləvğ edilməmişdi.

Bundan başqa SOCAR-ın baş geoloqu vəzifəsini tutan Arzu Cavadova vitse-prezident təyin edilib və onun tutduğu vəzifə hazırda vakansiya olaraq qalır. 

Bu baxımdan qarşıdakı dövr ərzində SOCAR-ın rəhbər vəzifələrinə yeni təyinatların olacağını gözləmək olar. 

Daha aşağı səviyyədə isə bu baş verib. Belə ki, Elnur Məmmədli Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib. Bundan öncə o, son 7 ildə “SOCAR Türkiyə” şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində İmran Arzumanzadəni əvəz edib.

Və bu da son deyil. 

İyulun 27-də SOCAR-ın yaydığı məlumata görə, Şirkətin Müşahidə Şurasının iclasında idarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə SOCAR-ın yeni əməliyyat modeli təsdiq olunub.

Bəs yeni əməliyyat modeli nədir? Əməliyyat modeli bir şirkətin daxili və xarici müştərilərinə necə dəyər verdiyinin vizual təsviridir. Dəyər zənciri xəritələri (value chain map) kimi də tanınan əməliyyat modelləri işçilərə şirkətin hər bir hissəsinin digər departamentlərin və strukturların ehtiyaclarını ödəməkdə oynadığı rolu vizuallaşdırmağa və başa düşməyə kömək etmək üçün yaradılır.

Əməliyyat modellərinə maraq və diqqət həm də şirkətin gündəlik fəaliyyətini başa düşmək və onun təkmilləşdirilməsi variantlarını təklif etmək istəyi ilə əlaqələndirilir.

Yəni buradan o qənaətə gəlmək olar ki, SOCAR-ın yeni rəhbər orqanlarının formalaşdırılması artıq başa çatdırılır. Bundan başqa şirkətin yeni idarəçilik modeli gündəmə gəlir. Və yaxın zamanlarda dövlət başçısı tərəfindən SOCAR-ın yeni strukturu da təsdiqlənəcək.

Bununla da Azərbaycan büdcəsinin bir nömrəli vergi ödəyicisinin azalan neft həcmləri və enerji keçidi dövründə hansı yolla inkişaf etməsi tam aydın olacaq.

SOCAR-ın hesabatı. 

Bu həftə həmçinin SOCAR-ın cari ilin I yarımilliyi necə başa vurması bəlli oldu. 

Açıqlanan hesabata görə, 2023-cü ilin yanvar-iyun aylarında SOCAR 3 milyon 851,465 min ton neft hasil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 0,3% azalıb.

SOCAR 2023-cü ilin I yarısında 4 milyard 440 milyon 479,3 min kubmetr qaz hasil edib. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə qaz hasilatını 14,6% artırıb.

2023-cü ilin II rübündə şirkət tərəfindən 1 milyon 930,974 min ton neft və 2 milyard 235 milyon 127,3 min kubmetr qaz hasil edilib. 2022-ci ilin II rübünün göstəricisi ilə müqayisədə neft hasilatı 0,5% azalıb, qaz hasilatı 14,3% artıb.

Hesabat dövründə SOCAR Heydər Əliyev adına NEZ-də 3 milyon 242,704 min ton neft  emal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% artım deməkdir.

Bundan başqa, I yarımillikdə SOCAR 1 milyon 88,128 min ton neft və neft-kimya məhsulları ixrac edib ki, nəticədə 12,9% artıma nail olub.

Xaricdə SOCAR-ın qaz tədarükü. 

Nəhayət, həftənin Azərbaycana bağlı beynəlxalq enerji xəbəri Budapeştdən gəldi. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan etdi ki, artıq SOCAR Macarıstanın yeraltı qaz anbarlarında mavi yanacaq saxlamağa başlayıb. 

“Yaxşı xəbər var: Azərbaycanın SOCAR şirkəti müqaviləyə əsasən Macarıstanın anbarlarında 50 milyon kubmetr ilk qazı saxlamağa başlayıb”, – Siyarto bildirib.

Öncə Siyarto iyulda məlumat vermişdi ki, Macarıstan və Azərbaycan 50 milyon kubmetr həcmində qaz saxlanmasına dair müqavilə imzalamağa hazırlaşır. Lakin, sənədin imzalanma tarixi barədə məlumat verilmirdi.

İyunun 2-də Azərbaycanın SOCAR və Macarıstanın “MVM CEEnergy” şirkətləri arasında 2023-cü ildə Azərbaycan qazının Macarıstana tədarükünə dair müqavilə imzalanıb və Macarıstanın qaz anbarlarının istifadəsi üzrə əməkdaşlıq müzakirə olunub.
Sazişə əsasən, bu ilin sonunadək Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz daxil olacaq. 2023-cü ilin dördüncü rübündə qaz tədarükünə başlamaq planlaşdırılır.

İlham ŞABAN

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …