Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Siyəzən Broyler”dən işçiyə qarşı özbaşınalıq – GİLEY-

“Siyəzən Broyler”dən işçiyə qarşı özbaşınalıq – GİLEY-

“Uşaqlar səhər yuxudan oyanır, yemək istəyir, başa sala bilmirəm ki, nənəni işdən çıxarıblar, 19 illik iş stajını yazmayıblar, 13 illik məzuniyyət pulların ödəməyiblər. O boyda “Siyəzən Broyler”in nənənin yığılıb qalmış məzuniyyət pullarını ödəməyə pulu yoxdur. Nənə sizin qarnınızı necə doydursun?” – Solmaz Qasımovanın sözləridir…
Siyəzənin Böyük Həmyə kəndi ərazisində qaçqınlar üçün salınmış Yeni Göyçə məhəlləsində bir ailə var. Olduqca yoxsul bir ailə… Bu ailədə nənə ümidinə üç azyaşlı – Aytac, Zeynəb, Bünyamin böyüyür. Aytac məktəblidir, Zeynəb məktəbə hazırlaşır, Bünyamin isə hələ körpədir. Bu ilin fevral ayının ortalarınadək nənə işləyir, məvacib alır, nəvələri dolandırırmış. Ancaq nənənin – 61 yaşlı Solmaz Qasımovanın qəfil işsiz qalması onsuz da yoxsul vəziyyətdə yaşayan ailənin durumunu daha da acınacaqlı edib.
Solmaz Qasımova Meydan TV-yə danışır ki, 2001-ci ildən 2019-cu ilin 19 fevralınadək Siyəzəndəki “Siyəzən Broyler” fabrikində fəhlə işləyib. İşlədiyi müddətdə heç bir töhməti olmayıb.
“O fabrikdə ən ağır işlərdə çalışmışam”
“Əksinə, məzuniyyətsiz, bülletensiz, hətta çox vaxt istirahət günləri nəzərə alınmadan işləmişəm. Hansı sexə göndəriblər, imtina etməmişəm, gedib işləmişəm. Ən ağır işlərdə çalışmışam ki, məni işdən çıxarmasınlar. Bəzən sexlərdə xarab olan avadanlıqları da düzəltmişəm. Düşünməmişəm ki, bu, mənim işimdir, işim deyil. Bircə onu düşünmüşəm ki, balalarım ac qalmasın. Əvvəl balalarımı saxlamışam, sonra da nəvələrimi… Qızım xəstədir, mənimlə qalır, yoldaşı da ağır xəstədir, əmək fəaliyyəti ilə məşğul ola bilmir, ona görə də uşaqları mən saxlayıram,” – Solmaz Qasımova deyir.
“Qapıda dedilər, ixtisara düşmüsən”
Bu il fevralın 19-da səhər saatlarında fabrikə gələn Solmaz Qasımovaya bildirilib ki, o, işdən azad edilib:
“Qapıdakı mühafizəçilər dedi ki, fabrikdə ixtisar aparılıb, yeni işə götürülənlərlə birlikdə sən də işdən çıxarılmısan. Bildirdim ki, müdir xaricdədir, işdə yoxdur, onun əmri olmadan məni işdən kim çıxara bilər? Dedilər, qərarı sex rəisi verib. Dedim, axı, sex rəisinin belə bir səlahiyyəti yoxdur. Dedilər, hər halda, o da özbaşına etməyib”.

Solmaz Qasımova deyir, ona işdən çıxarılmasına dair Əmrin surəti də verilməyib. Ancaq onun fabrikdən bundan başqa alacaqları da var:
“Mən fabrikdə fasiləsiz, məzuniyyətsiz işləmişəm. İllərlə yığılıb qalmış məzuniyyət pullarımı da ödəməyiblər. Son maaşım 417 manat olub. Fevralın 19-dan fabrikə buraxılmıram deyə, rəhbərliklə görüşüb mənə olan borcu da tələb edə bilmirəm. İşdən çıxarılmışam, ancaq tələbimi etmək üçün məcburam ki, mətbuata müraciət edim. Harda görülüb ki, işçi işdən çıxsın, sonra da mətbuat vasitəsilə rəhbərliyinə müraciət eləsin ki, ay rəhbərlik, mənim məzuniyyət pullarımı ödə… “Siyəzən Broyler”in Bakı ofisinə müraciət elədim, ordan özünü hüquqşünas kimi təqdim edən Şəfaqət adlı şəxs dedi ki, şirkətin borc 6-7 min manatdan çoxdur, ödəmək imkanı yoxdur. Şirkət məni məzuniyyətsiz işlədə bilir, haqqımı ödəməyə çatanda deyir, bağışla, pulum yoxdur”.
Solmaz Qasımova deyir, ona bir neçə dəfə ağ vərəqələrə imza atdırmaq istəyiblər:
“Dedilər, ağ kağıza qol çək, məzuniyyət pulların da ödənilsin, özünü də təzədən işə götürək, razılaşmadım. Bəlkə o ağ kağızda sonra öz əleyhimə nəsə yazacaqlar, niyə qol çəkəydim ki?”

Ailə ünvanlı sosial yardım almır, uzun illər Solmaz xanımın məvacibi ilə dolanıblar, indi o da yoxdur. Solmaz xanım deyir, artıq ailənin yükünü çəkə bilmir:
“Xeyli işıqpulu yığılıb, günaşırı gəlib işığı kəsirlər, yenə qaranlıqda qalmışıq. Qaz sayğacı xarab olub, gəlib çıxarıb apardılar ki, gərək vaxtında yazılı müraciət edəydin, xeyli də cərimə yazdılar. Odunla qızınırıq. Uşaqların əyin-başı yox, qarınları ac… Bu boyda yükü təkbaşına çəkən adamı işdən çıxararlarmı? Bəs insaf, bəs insanlıq… Axı mən orda fasiləsiz, ən ağır işlərdə çalışmışam, cavanlığımı, sağlamlığımı itirmişəm… Vəziyyətimi də bilirdilər… Körpə uşaqlar soyuqda, qaranlıqda, ac qalıb”.
Solmaz xanımın fabrikin rəhbərliyindən istədiyi odur ki, onun fabrikə buraxılmasına göstəriş versin. Ya işinə qaytarılsın, ya da fabrikin ona istifadə etmədiyi məzuniyyətlərə görə ödənilməli olan pulu hesablayıb ödəsinlər.

0

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …