Bir müddət öncə gecə radələrində təcili olaraq mənzil başına çatmaq
üçün taksi xidmətindən istifadə etdik. Maşın elə təzəcə Babək
prospektindəki körpüyə yaxınlaşırdı ki, tıxaca düşməli olduq. Uzun
müddət tıxacda qalsaq da, hərəkət bərpa olunmadı. Məcburiyyətdən geri
qayıdan sürücülərdən nə baş verdiyini soruşduq. Məlum oldu ki, qəza
hadisəsi baş verib və tərəflər maşınları yolun ortasında saxlayaraq
sığorta şirkətinin əməkdaşının gəlməsini gözləyirlər. Sığortaçı da,
yalan olmasın, 2 saatdan yuxarıdır ki, hadisə yerinə gəlib çıxa bilmir.
Nəticədə isə, böyük tıxac yaranır və vətəndaşlar əziyyət çəkməli
olurlar. Maraqlıdır, yolda nəqliyyatın hərəkətinə mane olan, insanların
vaxtını alan bu cür hadisələri necə tənzimləmək olar ki, sürücülər uzun
müddət sığorta şirkətini gözləmək məcburiyyətində qalmasınlar?
Sığorta
məsələləri üzrə ekspert Kamran Babayev bildirdi ki, ən ideal variant
hadisə yerindən şəkillər çəkməkdir: “Bu məsələ, əslində sığorta
şirkətindən də asılıdır. Məsələn, sığorta şirkətinə rəhbərlik etdiyim
dönəmlərdə bu cür hadisələr necə tənzimlədiyimizlə bağlı təcrübəmizi
bölüşə bilərəm. İlk olaraq sürücü hadisə yerindən avtomobilin
şəkillərini çəkib saxlayır. Yolda tıxac yaratmamaq üçün hadisə yerindən
çox da uzaqlaşmamaq şərti ilə sığorta şirkətinin və yol polis
əməkdaşlarının gəlməsini gözləmək lazımdır ki, hadisəni
protokollaşdırsınlar. Ən ideal variant isə sığorta şirkətlərinin onlayn
mobil tətbiqinin olmasıdır. İndi bəzi şirkətlər bundan istifadə edir,
amma gələcəkdə daha geniş yayılmış olacaq. Belə ki, sürücü hadisə
yerindəcə maşının şəkillərini çəkib sığorta etdirdiyi şirkətin xüsusi
mobil tətbiqinə yükləyir, hadisənin harada, necə baş verdiyini qeyd edir
və sığorta şirkətinin əməkdaşları şəkillərə baxıb hadisə yerinə
gəlib-gəlməyəcəklərini bildirirlər. Hadisə yerindən şəkil çəkilibsə və
polislər də bunu qeydə alıblarsa, sığorta şirkəti hadisə yerinə getməyə
bilər. Amma günümüzdə ən çox istifadə edilən variant ilk dediyimdir.
Əgər yolda tıxac yaratmaq istəmiriksə, hadisədən dərhal sonra maşının
şəkillərini çəkib, sonra bir kənarda gözləmək olar. Sığorta şirkətinin
əməkdaşı gələndə həm maşını, şəkilləri, həm də yol polisinin protokolunu
görəcək və hadisəni qeydiyyata götürəcək”.
Ekspertdən,
sığorta şirkətinin belə bir məqamda yollardakı kamera çəkilişini
istəmək hüququnun olub-olmadığını da soruşduq: “Əgər hadisə ilə bağlı
şübhələr varsa, bu zaman sığorta şirkəti rəsmi olaraq müraciət edib
Dövlət Yol Polisindən çəkilişi istəyə bilər. Bu, sırf sığorta işinin
tənzimlənməsi üçün lazımdır”.
Sığorta
üzrə ekspert İlkin Nəcəfov qeyd etdi ki, bu məsələ həm də sürücülər
arasındakı razılıqdan asılıdır: “İcbarı sığorta haqqında qanunda da var
ki, əgər zərər verənlə zərərçəkmiş şəxs arasında mübahisəli məqam
yoxdursa, bu zaman yol polisinə və sığorta şirkətinə məlumat verməklə,
nəqliyyatın hərəkət axınına mane olmamaq üçün avtomobili hadisədən sonra
yolun kənarına çəkə bilərlər. Amma tərəflər arasında mübahisəli məqam
olsa belə, hər yerdə kamera var. Həmin kamera çəkilişləri vasitəsi ilə
məsələni həll etmək olar. Yəni sürücülərin yolun ortasında maşını
saxlamalarının əsas səbəbi budur ki, birdən maşını tərpədərik, sığorta
şirkəti ödənişi etməkdən imtina edər. Ancaq hadisəni törədən tərəf
günahı boynuna alırsa, bu zaman nəqliyyatın axınına mane törətmək düzgün
deyil. Hətta bunun özü belə, qanun pozuntusudur. Avtomobil hərəkət
edilməyəcək vəziyyətdirsə, bu zaman evakuator çağırıla bilərlər. Son
olaraq bir daha vurğulayıram, əgər tərəflər arasında mübahisəli məqam
yoxdursa, maşınların kənara çəkilməsi daha məqsədəuyğundur, nəinki yolun
ortasında saxlamaq”.
Nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, sığorta
şirkətləri bəzən ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki,
sürücülər də bunun üçün maşını yerindən tərpətmədən, sığortaçını
gözləyirlər: “Yol hərəkəti haqqında qanun buna icazə verir ki, 1000
manata qədər dəymiş zərərə görə, hadisə yerində dayanıb nə sığorta
şirkətinin nümayəndəsini, nə də polis əməkdaşlarını gözəməyə ehtiyac
yoxdur. Sürücülər öz aralarında razılığa gəlirlər. Bundan başqa xüsusi
texniki vasitələr var ki, avtomobilin şəklini çəkmək olur. Sürücülər
özləri hadisə yerindən çəkiliş edib həmin görüntüləri yol polisinə
göstərərək, kimin günahkar, kimin günahsız olduğunu müəyyənləşdirirlər.
Yol polisi də buna uyğun olaraq protokol tərtib edir, həmin protokolla
bərabər, “forma 4” arayışı verilir. Bu arayışın əsasında isə sığorta
ödənişi edilir. Sadəcə sığorta şirkətləri sürücüləri incidir, maşının
yerindən tərpədilməsi ilə bağlı çoxlu bəhanələr gətirirlər. Təsəvvür
edin, bəzən polisin protokolunu belə şübhə altına alırlar. Ona görə,
kiçik zərərdə belə, sürücülər saatlarla sığorta şirkətinin əməkdaşının
gəlməsini gözləyirlər. Hansı ki, qanun icazə verir ki, maşını müəyyən
qədər də olsa, yol kənarına çəksinlər ki, tıxaca səbəb olmasınlar”. //kaspi.az//
Ana səhifə / İqtisadiyyat / “Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki…” – PROBLEM
Həmçinin oxuyun
“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …