Ana səhifə / İqtisadiyyat / Senatorun Azərbaycanda insan haqlarına kəskin mövqe dəyişməsinin səbəbləri…

Senatorun Azərbaycanda insan haqlarına kəskin mövqe dəyişməsinin səbəbləri…

Səməd Seyidov: “Zaman göstərir ki,
bu kimi təşəbbüslərin heç bir faktiki
əhəmiyyəti olmur, ola da bilməz”


Elşən Həsənov: “Azərbaycana edilən təzyiqlərin kökündə onun kimin yanında yer almasına
tam aydınlıq gətirilməsi məsələsi dayanır”

ABŞ yenidən Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoyur. Helsinki Komissiyası Kris Smitin (Nyu-Cersi ştatı) rəhbərliyi altında ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur.
Qeyd edək ki, bu barədə ilk məlumat ATƏT-in rəsmi saytında yayılıb.
Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ABŞ-la ticarət aparan dairələrə, xüsusi xidmət orqanları, güc strukturları və məhkəmə orqanlarına da aid olunacaq. Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur.
Layihədə bildirilir ki, sanksiyalar yalnız bir halda ləğv oluna bilər: Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində əhəmiyyətli tərəqqiyə nail olsa, həmçinin azad və ədalətli seçkilərin keçirilməsini bacarsa.
“Biz milli təhlükəsizlik və iqtisadiyyat sahəsindəki vacib əlaqələrin mövcudluğunu başa düşürük. Amma ABŞ Azərbaycanda insan haqlarının pozulmasına dair dəhşətli faktlara münasibətdə özünü artıq daha kor kimi apara bilməz” – deyə Helsinki Komissiyasının rəhbəri, konqresmen K.Smit bildirib.
Sənədin son bəndində isə Azərbaycanla ultimativ dildə danışılır: “ABŞ hökuməti insan haqlarının pozulması, əsas azadlıqların, müxalifətin, KİV azadlığının və dini azlıqların hüquqlarının pozulması məsələsində kompromisə getməyəcək”.
Konqresə təklif olunan layihədə yalnız Azərbaycan hakimiyyəti hədəf seçilməyib. Sənədə diqqətlə nəzər yetirdikdə məlum olur ki, belə bir qərarın qəbulu və ümumiyyətlə müzakirəsi birbaşa Azərbaycan xalqının maraqlarına ziddir.
Belə bir sənədin müzakirəyə çıxarılması nədən irəli gəlir?
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidovun fikrincə, ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının Avropa Şurası baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil və bunun özü hər şeyi açıq ortaya qoyur:

“Bu növbəti anti-Azərbaycan dalğasının başlanmasının işartılarıdır. Biz hesab edirik ki, ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirməyən məsələlərdir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək”.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, təqdim edilmiş layihənin təsdiqlənəcəyi məsələsi hələ sual altındadır:

“Düşünürəm ki, ABŞ-Azərbaycan əlaqələri son bir neçə il ərzində müsbət istiqamətə doğru irəliləməkdədir və bu əlaqələrdəki inkişaf, praqmatik siyasətə əsaslanır. Amma bu layihənin indiki zamanda hazırlanaraq baxılması üçün təqdim edilməsinin əsas səbəbi tam başqadır. İlk növbədə onu qeyd etmək yerinə düşərdi ki, son zamanlar Azərbaycanın Rusiya ilə yaxınlaşması Qərbi, o cümlədən, regionda marağı olan ABŞ-ı ciddi narahat etməyə bilməz. İkincisi, Suriya cəbhəsində məğlubiyyətə düçar olması səbəbindən Rusiyanın konflikti Qafqaza köçürə biləcəyi ehtimalı olduqca yüksəkdir ki, bu da özünü Qarabağ münaqişəsinin yenidən alovlanmasında göstərə bilər. Qafqazda stabilliyin pozulması isə ABŞ-ın planlarına daxil deyil. Bu səbəbdən Azərbaycan tərəfinə Qarabağ məsələsində güzəşt etməsi üçün təzyiq göstərilməsi yönündə atılan addımlar gözləniləndir.
Ümumilikdə götürdükdə isə, Azərbaycana edilən təzyiqlərin kökündə onun kimin yanında yer almasına tam aydınlıq gətirilməsi məsələsi dayanır. Bu layihənin müzakirəsi belə yolverilməzdir. Hesab edirəm ki, iki ölkə arasında uzun illərdən bəri formalaşmış münasibətləri korlaya bilər”.

Azərbaycan XİN Kris Smitin “Azərbaycan Demokratiya aktı” layihəsini kəskin tonla anti-Azərbaycan sənədi adlandırdı

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya Aktı” layihəsi adlı sənəd tam şəkildə antiazərbaycan xarakter daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub.
Bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən sənədi “Trend”ə şərh edərkən bildirib.
H.Hacıyev bildirib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ konqresinə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur: “Bu kimi qərəzli addımlar, eləcə də Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Əsassız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənəd müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyəti güdürlər”. H.Hacıyev qeyd edib ki, hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil: “Multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmaların nümayəndələri dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır. Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən antiazərbaycan dairələri ciddi surətdə narahat edir”. XİN sözçüsü deyib ki, Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın