Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Seçki ərəfəsində iqtisadiyyatı nə gözləyir?

Seçki ərəfəsində iqtisadiyyatı nə gözləyir?

Ekspert: “Düşünmürəm ki, aprel ayında olacaq seçki ölkənin iqtisadi həyatında əhəmiyyətli dönüş nöqtəsi olsun”

Azərbaycan növbədənkənar seçkiyə hazırlaşır. Prezidentin bununla bağlı fərmanından sonra Mərkəzi Seçki Komissiyası toplanaraq seçkini aprelin 11-nə təyin edib. Beləliklə, 2 aydan da az vaxtdan sonra ölkədə yeni prezident seçkisi keçiriləcək. Bu müddətdə Azərbaycanda iqtisadi vəziyyətə ciddi təsir göstərəcək amillər varmı? Seçkiyə qədər ölkədə inflyasiyanı sürətləndirəcək, manatın məzənnəsində kəskin dəyişikliklərə gətirəcək proseslər baş verə bilərmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, adətən seçki ərəfəsində hökumətlərin ehtiyatlı davranış nümayiş etdirməsi, sosial sabitliyin qorunması, əmək haqlarının artırılması istiqamətində müəyyən qərarların qəbul olunması, addımların atılması başadüşüləndir, geniş yayılmış haldır: “Amma bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, seçkinin keçirilib-keçirilməməsindən asılı olmayaraq, yaxın 2 ay ərzində həm məzənnə ilə bağlı, həm də digər makroiqtisadi göstəricilərlə bağlı ciddi dəyişikliklərin, mənfi olacağı gözlənilən deyil. Çünki hazırda Azərbaycan iqtisadiyyatı elə bir dönəm yaşayır ki, burada hər hansı kəskin dəyişikliklərin baş verməsi, xüsusilə inflyasiyanın sürətlənməsi kimi faktorlar gözə dəymir. Ümumiyyətlə, ilin ilk rübündə dövlət maliyyə sistemi daha zəif  olur, fiskal xərcləmələrin aşağı səviyyəsi dövriyyədə olan pul kütləsinin az olmasını şərtləndirir,  məcmu tələbin həcminə mənfi təsir göstərir. Bu dövrdə hər hansı risklərin ortaya çıxacağı gözlənilən deyil”.

Ekspert deyir ki, hökumət hər hansı təlatümün, makroiqtisadi risklərin, sosial təminatla bağlı çətinliklərin qarşısını almağa çalışacaq: “Bu, heç də seçkidən sonra hansısa dəyişikliklərin olacağı anlamına gəlmir.  Seçki sonrası da qeyd etdiyimiz müəyyən sabitlik davam edəcək. Xüsusilə manatın məzənnəsi ilə bağlı ciddi dəyişikliklərin olacağını şərtləndirə biləcək amillər, məzənnəyə təzyiq göstərəcək elementlər yoxdur. İnflyasiya, gözlənildiyi kimi, təxminən 10 faiz ətrafında olacaq. Mart ayında mövsümi amillərdən qaynaqlanan, bayram ərəfəsində xərcləmələrin və qiymətlərin artması gözləniləndir. Bu təsirləri də hökumət cilovlaya biləcək.

Düşünmürəm ki, aprel ayında olacaq seçki ölkənin iqtisadi həyatında əhəmiyyətli dönüş nöqtəsi olsun. Seçkiyəqədərki dövrdə də, seçkidən sonrakı dövrdə də makroiqtisadi trendlərdə kəskin dəyişiklik müşahidə olunmayacaq”.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …