Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Sarkisyan ordunu “oda atdı” – TƏHLİL

Sarkisyan ordunu “oda atdı” – TƏHLİL

Bu gün Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə ölkənin müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Gözlənildiyi kimi onun yerinə Prezident Aparatının rəhbəri Vigen Sarqisyan gətirilib.

Ohanyanın Müdafiə Naziriliyindən qovulması sensasion hadisə deyil. Aprel döyüşlərindəki ağır məğlubiyyətdən sonra onun tezlikdə istefaya göndəriləcəyi gözlənilirdi. Hətta bu, Ermənistanın siyasi gündəminin ən aktual mövzusuna çevrilmişdi.

Qeyd edək ki, aprel döyüşləri təkcə Ohanyanın tax-tacını deyil, Ermənistan hakimiyyətinin bünövrəsini sarsıtmışdı. İşğal etdikləri torpaqların müəyyən hissəsinin Azərbaycan ordusu tərəfindən azad edilməsi, ordudakı saysız-hesabsız itkilər xalq arasında Sarkisyanın nüfuzunu heçə endirmişdi. Bu baxımdan gözdən pərdə asmaq üçün Serjin kadr islahatlarına başlamaqdan başqa yolu qalmamışdı.

Sarkisyan anlayırdı ki, ac ermənilər onun yarıtmaz siyasətinin, korrupsioner məmurlarının əlindən boğaza yığılıb, ölkə xaos təhlükəsi ilə üz-üzədir, hər an xalq üsyanı baş verə bilər. Belə məqamda vəziyyətdən çıxmaq üçün ən optimal variant xalqın ağzını yummaqdır. Şübhəsiz ki, Sarkisyan hakimiyyətdə qalmaq üçün ona sadiq olan nazirləri belə qurban verməyə hazır idi və bunu etdi də.

Ohanyanın Sarqisyanla əvəzlənməsi Ermənistanda ciddi kadr çatışmazlığı faktını üzə çıxardı. Öncə Vigen Sarqisyanın kimliyi ilə bağlı bəzi məqamlara diqqət yetirək. 41 yaşlı Harvard məzunu bundan öncə müxtəlif vəzifələrdə çalışıb:

20 yaşında Ermənistan parlamenti spikerinin köməkçisi, 2000-2003-cü illərdə Ermənistan Müdafiə Nazirliyinin referenti, 28 yaşında prezident Robert Koçaryanın köməkçisi, 34 yaşında, 2009-2011-ci illərdə isə prezident aparatının rəhbər müavini, 36 yaşında – 2011-ci ildən bu günədək Ermənistan prezident aparatının rəhbəri olub.

Tərcümeyi-halından göründüyü kimi, Ermənistanın yeni müdafiə nazirinin hərbi sahə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. O, təhsilinə uyğun olaraq ən yaxşı halda hansısa ölkədə səfir, yaxud XİN-də şöbə müdiri işləyə bilər. Vigen etiraf edək ki, peşəkar hərbçi deyil. O, ordunun döyüş qabliyyətini yüksəldə, nizam-intizamı bərpa edə bilməz. Vigenin müdafiə naziri olması hansısa mühəndisin, bənnanın, çilingərin baş həkim, cərrahiyə şöbəsinin müdiri işləməsinə bənzəyir.

Yeni müdafiə naziri ordunu bir yolla idarə edə bilər: Ohanyanın yüksək çinli kadrlarını vəzifədə saxlamaqla onların təcrübələrindən yararlanmaqla. O, nazirlikdə kadr islahatları aparıb kimləri müavin, şöbə müdirləri gətirə bilər ki?! Ən yaxşı halda keçmiş iş yoldaşlarından kimisə. Onlar da orduya dəxlisiz adamlardır.

Sual oluna bilər ki, Sarkisyan bunu bildiyi halda niyə Ohanyanı başqası ilə yox, Vigenlə əvəzlədi?

Birinci, Serj Harvard məzununu nazir təyin etməklə savadlı və gənc kadrların vəzifəyə gətirildiyinin görüntüsünü yaradır. O, bununla komandasında sırf Rusiyameyilli məmurların olmadığını göstərmək istəyir. Əslində Sarkisyan dəxlisiz adamlara yüksək vəzifə verməklə onları daim təsir altında saxlamaq niyyətindədir.

İkinci səbəb ondan ibarətdir ki, Ermənistanda ciddi kadr çatışmazlığı var. Ohanyanı gözdən çıxaran Sarkisyan onun müavinlərini nazir gətirə bilməzdi. Bu, etiraz edən kütləni sakitləşdirməyəcəkdi. Bundan əlavə aprel döyüşlərində məğlub olan ordu generallarının da bu vəzifəyə gətiriləcəyi gözlənilmirdi. Yerdə bir variant qalırdı: kənarda nazir axtarmaq.Vigenin müdafiə naziri olması əslində Azərbaycanın da xeyrinədir. Nəzərə alsaq ki, Qarabağın geri qaytarılması üçün müharibə variantı hələ də gündəmdədir, o zaman əminlikdə deyə bilərik ki, ağır döyüşlər başlasa Vigenin ordusu müasir silahlarla silahlanmış, yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan ordusunun qarşısında bir həftə belə tab gətirə bilməz.  AzVision.az

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın