Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Samir Şərifov rəqiblərinə güc nümayişinə başlayıb – İDDİA

Samir Şərifov rəqiblərinə güc nümayişinə başlayıb – İDDİA

Məlum olduğu kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələrini açıqlayıb.

Reyting.az saytı xəbər verir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçıları aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

Nazirliyin dünən yaydığı məlumata görə, 2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 mln. 367,9 min manat məbləğində artıq ödənişlərin 4 mln. 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə ümumilikdə aşkarlanan və yuxarıda qeyd edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 mln. 331,8 min manat hissəsinə dair yoxlama materiallarında mənimsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş prokuroruna göndərilib.

Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına təqdim edilib.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktubları ilə Maliyyə Nazirliyinə göndərilən prokurorluq orqanlarının qərarlarına əsasən 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanılıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

2017-ci il ərzində müxtəlif dövlət orqanlarına ünvanlanan və həmin orqanlar tərəfindən Maliyyə Nazirliyinə göndərilən, habelə birbaşa Maliyyə Nazirliyinə daxil olmuş və araşdırılması Dövlət Maliyyə Nəzarəti Xidmətinə həvalə edilən 260-dan çox vətəndaş müraciətləri ölkə başçısının tapşırıqlarına uyğun olaraq daha diqqətlə öyrənilərək araşdırılıb, müraciətlərdə qaldırılan məsələlərin xeyli hissəsi təsdiqini tapıb və vətəndaşların hüquqları bərpa edilib. Bu səpkili 20 müraciətin araşdırılması zamanı nöqsanların ciddiliyi nəzərə alınaraq nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar yazılıb, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 760 vəzifəli şəxsə ümumilikdə 639,0 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hesabat dövründə aparılan yoxlamalarla aşkar olunan nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlarda təqsiri olan vəzifəli şəxslər barəsində tədbir görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar ünvanlanıb.

Reyting.az-in əldə etdiyi məlumatda bildirilir ki, maliyyə naziri Samir Şərifov hər ilin sonunda yoxlama aparılan dövlət qurumlarına təzyiq imkanlarını artırmaq üçün Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşlarına daha detallı yoxlamalar aparmağı tapşırır.

Mənbəmiz iddia edir ki, bəzi büdcə təşkilatlarında çalışanların, Hesablama Palatasının hansısa vəzifəli şəxsi ilə “dil tapma” ehtimalı müəyyən yeyintilərin üstünün ört-basdır olunmasını qaçılmaz edir:

“Amma Samir Şərifov özünə rəqib saydığı məmurlar tərəfindən himayə olunan qurumlara təzyiq imkanının asan yolunu tapıb. Diqqət edirsinizsə, yoxlama aparılan və nöqsanlar aşkarlanan qrurumlar arasında Samir Şərifovun normal münasibətdə olduğu təşkilatların adı bir o qədər də qabardılmır və ya belə qurumların adı həmin siyahıda olmur. Halbuki ciddi yoxlama aparıb, obyektiv nəticə ortaya qoyulsa, uzun zaman adları Maliyyə Nazirliyinin “qara siyahısı”na düşməyən qurumlardan bəzilərində daha çox qanun pozuntusunun, maliyyə fırıldağının olduğu üzə çıxar. Buradan o nəticəyə gəlmək olur ki, nazir Samir Şərifov Xidmətin yoxlamalarını həm də, rəqiblərinə qarşı güc nümayişi üçün vasitəyə çevirib.

Doğrudur, Maliyyə Nazirliyinin Baş prokurora şikayət etdiyi qurumlarda korrupsiyanın baş verdiyini inkar eləmək olmaz və belələrinə qarşı mübarizə alqışlanmalıdır. Amma ölkədə dövlətin büdcə vəsaitlərini talan edənlərə qarşı mübarizə daha sərt, daha ciddi olmalı və dost-düşmən fərqi qoyub, ayrı-seçkilik etmədən aparılmalıdır”.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …