Ana səhifə / İqtisadiyyat / “Sahibkarların sosial sığorta yükünün azaldılmasına böyük ehtiyac yaranıb” – Firdovsi Şahbazov

“Sahibkarların sosial sığorta yükünün azaldılmasına böyük ehtiyac yaranıb” – Firdovsi Şahbazov

Məlum olduğu kimi, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalan sahələrdə çalışan bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükü azaldılır. Bununla bağlı güzəştlər geniş spektri əhatə edəcək. Sosial sığorta yükünün azaldılması COVID-19 pandemiyasının mənfi təsir göstərdiyi sahibkarlıq subyektlərinin maliyyə imkanlarını yaxşılaşdıracaq.

Bu arada məlum olub ki, koronavirusla əlaqədar ticarətlə məşğul olan sahibkarların da sosial sığorta yükü azaldılır. Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Rəşad Nuriyev bildirib ki, hazırda ticarət fəaliyyəti ilə məşğul olan şəxslər 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra isə sahibkar 62 manat 50 qəpik sosial sığorta ödəyəcək: “Bu da sosial sığorta yükünün 50 % azalması deməkdir. Digər sahədə çalışanlar da 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-ə qədər güzəşt əldə edirlər. Buna fərqlənmə nişanı ilə taksi fəaliyyəti göstərənlər də daxildir”. 

R. Nuriyevin fikrincə, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən bərbər, dərzi, bağban, dayə, fərdi fəaliyyət göstərən musiqiçilər və digər vergi ödəyicilərinin də sosial sığorta yükü azaldılır. Bu rəqəmlər bölgələr üzrə əmsallaşdırılaraq hər bölgə üzrə müxtəlif rəqəmlər müəyyən ediləcək. Bu da o deməkdir ki, bölgələrdə sabit qəbz almaqla fəaliyyət göstərən sahələrdə çalışanların sosial sığorta yükü paytaxtdakından daha aşağı olacaq.

Bütün bunlarla yanaşı, ticarətlə məşğul olan sahibkarların sosial sığorta yükünün azaldılmasını ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov buna müsbət prizmadan yanaşdı. Onun sözlərinə görə, 30 noyabr 2018-ci il tarixli “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklə sosial sığorta ödənişlərində Bakı şəhəri ilə regionlar arasında mövcud fərqlər aradan qaldırılıb: “Ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən fərdi sahibkarlar üçün sosial sığorta ödənişi 2020-ci ilin yanvarından etibarən minimum əməkhaqqının 20 faizindən 25 faizə qaldırılıb. Əvvəllər sosial sığorta üzrə müəyyən olunan faiz miqdarının Bakı şəhərində 100%-i, Sumqayıt və Gəncə şəhərlərində 90%-i, respublika tabeli digər şəhərlərdə 80%-i, digər şəhərlərdə və qəsəbələrdə 60%-i, kənd yerlərində 50%-i ödənilirdi. Ancaq qeyd olunan qanunla bu fərqlər 2020-ci ilin yanvar ayından etibarən aradan qaldırılıb, ölkə üzrə vahid ödəniş faizləri müəyyənləşdirilib. Həm faiz dərəcələrinin yüksəldilməsi, həm minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artımı, həm də ölkə regionları üzrə qeyd olunan fərqlərin aradan qaldırılması sahibkarların sığorta yükünü kifayət qədər artırdığından, onların maliyyə vəziyyətini çətinləşdirmişdi. Pandemiya dövründə isə bu sahədə vəziyyət daha da çətinləşdiyindən, sahibkarların sosial sığorta yükünün azaldılmasına böyük ehtiyac yaranıb. Bu baxımdan “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklərlə sosial sığorta ödənişlərinin səviyyəsində respublikanın regionları üzrə əvvəllər mövcud olmuş differensasiyanın yenidən tətbiqi nəzərdə tutulur. Cari ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvarına qədər isə, həmçinin, faiz dərəcələrinin tikinti və ticarət sahələrində 50%-dən 25%-ə, digər sahələrdə isə 25%-dən 15%-ə qədər azaldılması nəzərdə tutulur. Əgər tikinti və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar mövcud qanuna əsasən, 125 manat (250*50/100) sosial sığorta haqqı ödəyirdilərsə, dəyişikliklərdən sonra 62,5 manat (250*25/100) ödəməli olacaqlar. Digər sahələrdə isə bu məbləğ 62,5 manatdan 37,5 manata qədər azalacaq”.

F. Şahbazovun fikrincə, sözügedən yenilik mühüm əhəmiyyət kəsb edir: “Qeyd olunan dəyişikliklər həm sahibkarlar, həm də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, bununla sahibkarların investisiya imkanları artmış olacaq ki, bu da postpandemiya dövründə onlara əlavə imkanlar yaradacaq. Digər tərəfdən isə vergi ödəyicilərinin sayının artması ölkədə qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılmasına imkan verəcək. Sosial sığorta haqlarına ölkə regionları üzrə differensiallaşdırmanın tətbiqi regional inkişafa da öz töhfəsini verəcək”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …