Cümə , Noyabr 22 2019
Ana səhifə / İqtisadiyyat / “Sahibkarın belinə o qədər yük qoyulub ki..” – Deputat qapalı toplantıda çıxış etdi

“Sahibkarın belinə o qədər yük qoyulub ki..” – Deputat qapalı toplantıda çıxış etdi

“Ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır. Narazılıq da buradan qaynaqlanır. Kölgə iqtisadiyyatı, inhisarçılıq, korrupsiya normal şəkildə sahibkarlıq fəaliyyətinə imkan vermir. Əmək və Əhalinin sosial Müdafiə naziri söylədi ki, dövlət dəstəyi ilə 65 iş yeri açılacaq, əslində bu da insanlar üçün məşğulluq problemini həll etmir. Maaş aşağı olacaqsa, kimsə bu iş yerlərində çalışmağa maraqlı olmayacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa noyabrın 5-də Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edərəkən səsləndirib.

Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası media üçün qapalı olub.

Həmin iclasdakı çıxışını deputat sosial şəbəkə hesabından paylaşıb.

F. Mustafa bildirib ki, bütün maneələrin götürülməsi sahibkarların özlərinin iş yerləri yaratmalarına imkan verəcək:

“Sahibkarın da belinə o qədər yük qoyulub ki, adamlar harasa investisiya yatırmaqdan qorxur. Üstəlik də banklar aşağı faizlə kredit vermirsə, məhdud pul vəsaiti köçürmə imkanı tanınırsa, üstəlik də inhisarçılığın qarşısında müdafiə oluna bilmirsə, adam iqtisadiyyata necə investisiya yatıra bilər?”.

Deputat son vaxtlar yaradılan publik hüquqi şəxslər haqqında da danışıb və bu qurumların dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələrin aparılmasını irəli sürüb:

“Əvvəllər rüşvətlə başa gələn işlər, indi bu qurumların “xidmət haqqı” adı altında aldığı məbləğin yanında toya getməlidir. Nədənsə yaradılan bütün qurumların ilk işi vətəndaşdan necə artıq pul qoparmaqdan iibarət olur. Halbuki, gəlin əvvəlcə vətəndaşa pul qazanmağa imkan yaradaq, sonra vergisini, sığorta ödənişlərini tələb edək”.

2020-ci ilin yanvarın 1-dən ölkədə bütün daşınmaz əmlaka icbarı sığorta tətbiq olunacaq. F. Mustafa bu barədə də danışıb:

“Adətən sığortanı əmlak riskinə görə tətbiq edrlər, ucdantutma daşınmaz əmlakın sığortası yanlış və lazımsız yoldur, vətəndaşdan əlavə pul qopartmaq vasitəsi kimi düşünülüb.

Bütün bunlardan əlavə, əlil uşaqlar üçün ayda verilən müavinətin məbləği 15 manatdır. Təsəvvür edirsinizmi ki, bu rəqəm o uşağın üç günlük problemini çözməyə uyğun deyil. Bu rəqəm ən azı üç dəfə artırılmalıdır”.

F.Mustafa kitab və çap məhsullarına qoyulan 18 faizlik ƏDV-nin sıfırlanmasını da təklif edib:

“Onsuz da ölkədə savadsızlıq baş alıb gedir. Heç olmazsa, kitab çapı sahəsində qiymətləri aşağı salmaqla insanları oxumağa daha çox təşviq edə bilərik”.

Deputat paytaxtın nəqliyyat infrastrukturuna, bu sahədəki problemlərə də toxunub:

“Bizdə deyirlər ki, iş vaxtı guya gündə 8 saatdır. Halbuki bu rəqəm 12-13 saata qədər çıxır. Bakıda tıxac o səviyyədədir ki, adam iki saat öncə evdən çıxır, iş vaxtından iki saat sonra evinə yetişə bilir. Bu insanların yollarda keçən vaxtını hansısa formada konpensasiya ilə ödəməyi düşünməliyik. Tıxacı həll etmirsinizsə, heç olmazsa, vaxt itkisinə məruz qalan vətəndaşa əlavə ödəniş verilməlidir.

Həmçinin, bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsi mütləq təmin olunmalıdır. Ölkədə bəlkə də gələcəyimiz üçün ən vacib problemlərdən biri budur”.

Gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağını xatırladan millət vəkili keyfiyyətsiz dərmanlar probleminə də diqqət çəkib:

“Deyək ki, vətəndaş normal müalicə olundu. Onu harasa aptekə dərman almağa göndərəcəklərmi? O halda bahalı və keyfiyyətsiz dərmanları almağa onun pulu yetəcəkmi? Biz xaricə gedəndə qohum-tanış hamısı siyahı verir ki, bəs, bizə filan dərmanı al! Səbəb odur ki, Azərbaycandakı dərman mafiyası dərmanın keyfiyyət göstəricilərini dəyişir və baha qiymətə xalqa sırıyır. Qida təhlükəsizliyi də digə yandan bir bəlaya çevrilib, ona görə də onkoloji xəstəxananın qarşısında insanlar o biri dünyaya bilet növbəsində az qala bir-birinin üstünə çıxırlar”.

F.Mustafa sonda əlavə edib:

“Ölkə prezidenti çox şeyi açıq söyləyir, bizlər isə hələ də qorxa-qorxa inhisarçılıqdan, korrupsiyadan danışırıq. Geniş miqyaslı özəlləşməyə start verilməlidir, dövlət müəssisələrinin böyük əksəriyyəti rentabelli deyil, büdcənin sosial yükünü azaltmanın tək yolu vətəndaşlara gerçək iqtisadi azadlıqların verilməsindən keçir”.

Həmçinin oxuyun

Əhalinin milli valyutada olan əmanətləri nə qədərdir?

2019-cu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin …