Ana səhifə / İqtisadiyyat / Sabah Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək

Sabah Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək. Daha bir azərbaycanlının deputat seçilmək şansı var. İkinci tur Gürcüstanın 73 majoritar seçki dairəsindən 50-də təşkil olunacaq.

Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçiriləcək. Bu dairədə azərbaycanlı, “Vahid milli hərəkat” partiyasının namizədi Əhməd İmamquliyev deputat mandatı uğrunda mübarizəni davam etdirəcək. Onun rəqibi “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianidir. Birinci turda Ə.İmamquliyev səslərin 47,91 faizini, onun rəqibi isə 43,41 faizini toplamışdı. İkinci turda daha çox səs toplayan namizəd deputat mandatı əldə edəcək. Ə.İmamquliyev qələbə qazanacağı halda Gürcüstan parlamentində 5 nəfər azərbaycanlı təmsil olunacaq.

Birinci turda “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, partiyanın majoritar dairələrindən Savalan Mirzəyev və Ruslan Hacıyev, “Vahid Milli Hərəkat” partiyasından isə siyahı üzrə Azər Süleymanov mandat əldə ediblər.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından “Report”a bildiriblər ki, parlamentin deputatlarının 77-si proporsional sistem, 73 –ü isə majoritar qaydada seçilirlər.

Proporsional sistem üzrə 77 deputat seçilsə də, majoritar dairələrin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməyib. Ona görə də, oktyabrın 30-da həmin 50 dairədə seçkilərin ikinci turu keçiriləcək.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın