Ana səhifə / İqtisadiyyat / Səlim Müslümov: “355 min nəfərin əmək haqları artırılıb”

Səlim Müslümov: “355 min nəfərin əmək haqları artırılıb”

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin son günlərdə imzaladığı Sərəncamlarla elmi və elmi tədiqat müəssisələrində, təhsil və səhiyyə müəssisələrində, sosial təminat müəssisələrində çalışan və əmək haqları dövlət büdcəsindən maliyyələşdirilən işçilərin əmək haqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu Sərəncamlar 4 kateqoriya üzrə təqribən 355 min nəfərə şamil olunur”.
ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Elman Babayevin məlumatına görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən şəhərində vətəndaş qəbulu zamanı jurnalistlərə müsahibəsində bildirib. Nazir vurğulayıb ki, həmin insanlardan 200 min nəfərə yaxını təhsil müəssisələrində, 140 min nəfərə yaxını səhiyyə müəssisələrində, 13 min nəfərə yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfərə yaxını isə sosial təminat müəssisələrində çalışanlardır.
Nazir diqqətə çatdırıb ki, Sərəncamlara əsasən qeyd olunan işçilərin əmək haqlarının artırılması üçün cari ilin sonunadək, yəni 10 ay ərzində dövlət büdcəsindən təqribən 100 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
S.Müslümov vurğulayıb ki, əmək haqlarının artırılması barədə Azərbaycan Prezidenti tərəfindən növbəti Sərəncamların imzalanması ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davam etdirildiyini göstərir. Əmək haqlarının artımı isə əhalinin real gəlirlərinin artırılmasına və həyat səviyyəsinin yüksəldilməsinə yönəlib. 2003-cü ildən sosial müdafiə sahəsində tədbirlər sürətlə davam etdirilir və əmək haqlarının artırılması məqsədilə son günlərdə imzalanan Sərəncamlar da bu istiqamətdə növbəti addımlardır. Bütün bunlar isə cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanda sosial dövlətin sürətlə qurulduğunu və ildən-ilə daha da gücləndirildiyini təsdiq edir.
Özünüməşğulluq proqramının icrası işləri barədə məlumat verən S.Müslümov hazırda cari il üçün proqrama cəlb olunacaq aztəminatlı ailələrin seçimi prosesinin aparıldığını bildirib: “Proqramın icrasında inkluzivliyin təmin edilməsi də diqqətdə saxlanılır və bununla bağlı BMT İnkişaf Proqramı da bu prosesə qoşulub. Yəni ayrıca olaraq əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması üçün müvafiq işlər aparılır”.
Nazir qeyd edib ki yaxın vaxtlarda seçim prosesi başa çatdıqdan sonra aztəminatı ailələrin öz biznes planlarını tərtib etmələri üçün treninqlərə başlanacaq. Keçən il bu treninqlər iki ay davam edirdisə, bu il bir ay davam edəcək. Həmin treninqlərdə proqrama cəlb olunacaq şəxslər kiçik biznesin təşkili və idarə olunması üçün zəruri bilik və bacarıqlara yiyələnəcəklər. Sonra onların təlim müddətində hazırladıqları biznes planların əsasında onların kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək.
“Cənab Prezidentin tapşırığına uyğun olaraq bu il ərzində 6-7 min aztəminatlı ailənin bu prosesə cəlb olunması nəzərdə tutulur. Hazırda İşsizlikdən sığorta fonduna sığorta vəsaitlərinin yığılması prosesi də davam edir. Cari ilin iki ayı, yəni yanvar-fevral aylarında İşsizlikdən sığorta fondunda təqribən 4 milyondan bir qədər artıq vəsait toplanıb və ilin sonunadək həmin fondda nəzərdə tutulan qədər, yəni 89 milyon manatdan çox vəsaitin toplanması təmin olunacaq. Həmin vəsaitin da 40 faizə qədəri özünüməşğulluq proqramına yönəldiləcək”, deyə S.Müslümov bildirib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …