Ana səhifə / İqtisadiyyat / Səfər Mehdiyev və Əbülfəz Məlikovla bağlı ittiham: “Məni məcbur etdilər…”

Səfər Mehdiyev və Əbülfəz Məlikovla bağlı ittiham: “Məni məcbur etdilər…”

Azərbaycan hakimiyyəti islahatlar kampaniyasına start verdiyini bəyan edəndə əsas gözləntilərdən biri Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı idi. İctimai mühitdə tanınan sahibkarların, iqtisadçı ekspertlərin, nəhayət, hakimiyyətin siyasi xəttini dəstəkləyən deputatların da bu barədə açıqlamalar verməsi DGK-nın ləğv olunacağına inam yaratmışdı. Lakin gözləntilərin əksi baş verdi. DGK yox, Vergilər Nazirliyi özü İqtisadiyyat Nazirliyinə birləşdirildi.

DGK-nın ləğv olunaraq Vergilər Nazirliyiə birləşdirilməsini təklif edənlərin fikrincə, bu qurum ölkədə sahibkarlığın inkişafına maneə törədir, monopoliyanı stimullaşdırır. Onlar həm də qurumu korrupsiya əməliyyatlarında ittiham edir.

DGK-nın sahibkarlığın inkişafına maneə törətməsinə, inhisarçılığı çiçəkləndirməsinin daha bir sübutu sahibkar, “Grant Aqro Servis” MMC-nin rəhbəri Babayev Fərhad Vidadi oğlunun DGK sədri Səfər Mehdiyevə ünvanladığını açıq məktubunda əks olunub. 

Sahibkarın məktubunu Hit.az saytı tirajlayıb. Fərhad Babayev yazır ki,  15 iyun 2020-ci il tarixdə 42 ədəd motosklet hissələrə sökülmüş vəziyyətdə, 1 ədəd yük maşınında Azərbaycan ərazisinə daxil olub və məcburi olaraq “AVELA” MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib. Sahibkar deyir ki, terminalın kimə məxsus olmasını uzun müddət öyrənməyə çalışsa da, əməkdaşlarından heç biri işlədiyi müəssisənin rəsmi adını və ünvanını bildirməyib.

Bəlli olub ki, “AVELA” MMC 21 yanvar 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Bayramov Sakit Bayram oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə dolğun məlumat var. Maraqlıdır ki, Azərbaycan İqtisad Universiteti tələbələri bu MMC-yə istehsalat təcrübəsi keçməyə göndərir. Məsələn, bu ilin yanvarında universitetin “Kommersiya” ixtisası üzrə təhsil alan tələbələrdən biri “AVELA” MMC-yə təcrübə keçməyə göndərlirib.

Fərhad Babayev isə yazır ki, şirkətin DGK sədri Səfər Mehdiyevə və məşhur broker Əbülfəz Məlikova məxsus olması barədə iddialar var. “Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi. Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, “Avela” MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir”, – deyə sahibkar bildirib.

Bu iddialar əsassız olmaya bilər. Azərbaycan reallığında yüksək səviyyədə himayədarı, yaxud birbaşa hansısa məmurun məxsus olmayan şirkətin monopolist fəaliyyəti mümkün deyil.

Sahibkar daha sonra yazır: “Sizin və bu işlərdə adları hallanan digər şəxslərin dövləti təmsil etməsi, ictimai fiqur olmağınız, əsas vəzifənizin xalqa xidmət etmək olması, dövlətin əsasının xalq olması bizə yaranmış suallarımıza açıq cavab tələb etmək hüququ verir.

Xatırlatmaq istəyirik ki, terminalın dövlətə məxsus olmadığı bizə bildirilməyib, heç bir yerdə tariflər və ya anbarın kimə məxsus olduğu qeyd olunmayıb, tənzimlənən qiymətlər yoxdur, saxlama haqqları qanunvericiliklə tənzimlənmir, gömrük terminalında saxlamaya dair cəmiyyətlə heç bir müqaviləmiz yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öhdəliyin yaranması üçün qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər arasında müqavilə olmalıdır. Cəmiyyətlə mübahisə etdikdən sonra bizə müqaviləsiz hesab faktura təqdim edir. 

Bu məktubla sizdə xahiş edirik, cəmiyyətin qeyri-qanuni hərəkətlərinin araşdırılmasına, pozulmuş hüquqlarımızın bərpasına köməklik göstərəsiniz. Nəzərə almağınızı da xahiş edirik ki, həmin nəqliyyat vasitələri bağçılıqda istifadə üçün nəzərdə tutulub. Yüzlərlə fermer bu ağır dönəmdə yığımı həyata keçirmək üçün bu malları gözləyirlər”.

Bu fakt təsdiqini taparsa, DGK-nın ləğvində israrlı olanların arqumenti daha da güclənəcək.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …