Cümə , Fevral 23 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyaya yumurta ixracına başlanıldı: Azərbaycanda qiymət artacaqmı?

Rusiyaya yumurta ixracına başlanıldı: Azərbaycanda qiymət artacaqmı?

Azərbaycandan Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, dekabrın 19-da Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Bəs yumurta ixracı Azərbaycanda bu məhsulun qiymətinin bahalaşmasına səbəb olacaq?

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli AzVision.az-a bildirib ki, ölkədə günlük yumurta istehsalı 4,9 milyon ədəddir və onun 3,6 milyon ədədi gündəlik tələbat üçündür.

“1,3 milyon artıq yumurta artıq qalır və bu artıq da ixrac üçün nəzərdə tutulub. Rusiyaya ixrac məhsulun qıtlığına və ya bahalaşmaya səbəb olmayacaq. Azərbaycan quşçuları həm Rusiyanı, həm də özümüzü süfrə yumurtası ilə təmin edə biləcəklər. Düşünürəm ki, yaxın altı ay müddətində istehsalımız 170 faiz olacaq. Beləliklə, bizim gündəlik artıq yumurtamız üç milyon ədəddən çox olacaq. Bu, aylıq 90-120 milyon süfrə yumurtası deməkdir”.

Sədr qeyd edib ki, Rusiya ilə əldə edilən anlaşma həm müəssisələrimiz, həm də ölkəmiz üçün faydalıdır: “İstənilən halda bu addımdan gəlir əldə edəcəyik. Ölkəmiz üçün bir faydası da budur ki, yumurta sahəsində Rusiya kimi bazarımız yaranmış olur. Rusiya bazarına çıxış imkanından sonra həmin istehsal müəssisələrində işləyən işçilərin sayı da artacaq. Ölkəmizə əlavə valyuta gələcək”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə də Rusiyaya yumurta ixracının ölkədə qiymət artımına səbəb olmayacağını vurğulayıb:

“Çünki keçən il də ölkədən 40 milyon ədəd ixrac olunub. Əgər ixrac varsa, demək daxili bazar təlabatından artıq ərzaqlıq yumurta istehsal olunur. Hazırda Rusiyada yaranmış bazar tələbindən istifadə edərək quşçuluq fabrikləri istehsal güclərini bir az da artıracaqlar ki, əlavə istehsal olunmuş məhsulu ixrac etsinlər. Ona görə də daxili bazarda qiymət artımı, məhsul çatışmazlığının olmasını gözləmirik”, deyə direktor əlavə edib.

Qeyd edək ki, Rusiyada toyuq yumurtası son aylarda rekord sürətlə bahalaşıb və 2023-cü ilin əvvəlindən onların dəyəri təxminən 36 faiz artıb.

Xatırladaq ki, Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.

Həmçinin oxuyun

Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı …