Ana səhifə / İqtisadiyyat / Rusiyanın pomidor və turist qadağası: Ankara ilə Bakının “b planı” varmı…

Rusiyanın pomidor və turist qadağası: Ankara ilə Bakının “b planı” varmı…

Rusiyanın müxtəlif ölkələrlə münasibətlərində iqtisadi təzyiq mexanizmlərindən istifadə etməsi artıq heç kimdə şübhə doğurmur. 2014-cü ildəki təyyarə olayından sonra Türkiyədən pomidor idxalını qadağan edən Moskva indi də öz vətəndaşlarının bu ölkəyə turist səfərlərinə qadağa qoyub. Ayyarımlıq qadağa 533 min rus turistin Türkiyəyə səfərini əngəlləyir. Əksər müşahidəçilər 15 aprel-1 iyun tarixləri üçün tətbiq edilən qadağanın bütün yay mövsümü ərzində aradan qaldırılmayacağını proqnozlaşdırırlar. Bu isə illik sayı 7 milyon nəfərə çatan rus turistlərin Türkiyəyə getməsinə imkan verilməyəcəyi deməkdir.

2020-ci ildə pandemiyadan böyük zərər görən Türkiyənin turizm sektoru üçün bu, kifayət qədər ciddi zərbə ola bilər. Buna görə də Türkiyə hökuməti dərhal hərəkətə keçib. Bu həftə prezident Rəcəb Tayib Ərdoğan turizm şirkətlərinin rəhbərləri ilə görüşərək yaranmış vəziyyəti müzakirə edəcək. Bundan əlavə,Türkiyənin xarici işlər və turizm nazirləri Rusiyaya gedəcək, ölkədəki turizm şirkətlərinin koronavirusa yoluxmanı önləmək üçün atdıqları addımlar barədə müvafiq strukturları məlumatlandıracaqlar. Daha bir addım turist sayının artması gözlənilən Ukraynadan gələnlərə xüsusi kampaniyaların tətbqi edilməsi olacaq. Bundan əlavə, Rusiyanın əksər turizm şirkətləri qadağadan yayınmaq üçün turistlərin Türkiyəyə başqa ölkə üzərindən göndərilməsi planını təklif edirlər. Türkiyə tərəfi əlavə uçuşlara görə yaranacaq xərclərin bir hissəsini qarşılamaq məsələsini müzakirə edəcək. Beləliklə, Türkiyə hökuməti Rusiyanın qərarının ölkənin turizm sektoruna zərərini minimuma endirmək üçün çoxsaylı tədbirlər hazırlamaqdadır.

RUS TURİSTLƏRƏ TÜRKİYƏDƏN 10 MİN RUBLA GERİ DÖNMƏK TƏKLİF EDİLƏ BİLƏR »  İDEAL MEDİA - idealmedia.az

Qeyd edək ki, ötən ilin dekabrından Azərbaycan da Rusiyanın iqtisadi qadağaları ilə üzləşib: Bu ölkəyə Azərbaycan istehsalı olan pomidor və almanın idxalı qadağan edilib. Rəsmi olaraq bu qərarın hər iki məhsulumuzda zərərvericilərin aşkarlanması ilə izah edilsə də, əksər müşahidəçilər onun arxasında Azərbaycanı cəzalandırmaq istəyinin dayandığını açıq bəyan edirlər. Ötən müddət ərzində xeyli şirkət üçün qadağa aradan qaldırılsa da, tətbiq olunan məhdudiyyət pomidor və alma ixracına ciddi təsir göstərib. Rusiyanın dekabrdan bəri Azərbaycandan pomidor və alma idxalına tətbiq etdiyi qadağa 24 milyon dollardan yuxarı zərərə gətirib. Belə ki, keçən il xaricə 32 min 769.68 ton pomidor sataraq bundan 43 milyon 926.80 min dollar, 18 min 186.58 ton alma sataraq 7 milyon 752.86 min dollar əldə etmişdik. Bu ilin birinci rübündə pomidor ixracımız 19 min 516.09 ton, gəlirimiz 21 milyon 259.52 min dollar, alma ixracımız 14 min 131.13 ton, gəlirimiz isə  5 milyon 611.11 min dollar olub. İki məhsul üzrə gəlirimiz 51 milyon 679,66 min dollardan 26 milyon 870,63 min dollara qədər azalıb.

Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - BBC  News Azərbaycanca

Rusiya yalnız pomidor və alma deyil, bütövlükdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında 90 faizdən yuxarı paya malikdir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin iki ayında Azərbaycandan xaricə ümumilikdə 66 min 740 ton meyvə-tərəvəz ixrac olunub. Bunun çox böyük hissəsi Rusiyaya reallaşdırılıb: 707,3 ton təzə kartofun 468,7 tonu, 13 min 664,36 ton pomidorun 11 min 714,93 tonu, 234,11 ton ispanağın 228,36 tonu, 726,93 ton xiyarın hamısı, 7 min 281,95 ton almanın 6 min 690,23 tonu, 37 min 111,57 ton təzə xurmanın 32 min 775,46 tonu  Rusiyaya satılıb. Biz təkcə xurmanın satışından 2021-ci ilin birinci rübündə 31,8 milyon dollar gəlir əldə etmişik. Nəzərə alsaq ki, xurma ixracımızın da 90 faizdən çoxu Rusiyaya reallaşır, o zaman bu məhsulun ixracında da şimal qonşumuzdan asılı olduğumuzu görərik.

Son həftələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin xeyli gərginləşməsi diqqəti cəlb edir. Rusiya tərəfinin Xankəndi və ətrafında sülhməramlı əməliyyatını erməni separatizmini müdafiə əməliyyatına çevirmək cəhdləri Bakının haqlı və kəskin etirazları ilə üzləşməkdədir. Bundan əlavə, Şuşa şəhəri ərazisində tapılan “İsgəndər-M” raketi qalıqları Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki gərginliyi daha da artırıb. Belə bir şəraitdə Rusiya        Azərbaycandan pomidor və almadan əlavə, digər kənd təsərrüfatı məhsullarına da idxal qadağası tətbiq edərsə, Azərbaycan hansı addımlar ata bilər? Hökumət Rusiyaya ixracyönümlü aqrar istehsalçıları dəstəkləmək, ixrac istiqamətlərini diversifikasiya etmək üçün nələr edər, yaxud etməlidir?

Onu da qeyd edək ki, Azərbaycanda dövlət aqrar məhsulların ixracını stimullaşdırmaq üçün müxtəlif dəstək tədbirləri həyata keçirməkdədir: bura məhsulların tanıdılması üçün istehsalçı müəssisələrin müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirakını təmin etməkdən tutmuş, ayrı-ayrı ölkələrdə ticarət evlərinin açılmasına, ixrac təşviqinin ödənilməsinə qədər çoxsaylı alətlər daxildir. Lakin indiyədək müşahidə etdiyimiz təcrübə göstərir ki, bu alətlər ixracın diversifikasiyası üçün yetərli olmayıb. Bu isə şimal qonşumuzdan gələn təhdidlər qarşısında aqrar istehsalçılarımızın çox həssas durumda olmasından xəbər verir.

Təcrübə onu da göstərir ki, hökumətin zəruri dəstəyi və ixracatçıların istəyi olduqda, ixrac bazarlarının coğrafiyasını genişləndirmək mümkün olur. Azərbaycanda İnvestisiyaların və İxracın Təşfiqi Fondunun(AZPROMO) yaxından dəstəyi ilə dekabrdan bəri həyata keçirilən tədbirlər nəticəsində Azərbaycandan pomidor ixracının coğrafiyasını xeyli genişləndirmək mümkün olub. Rəsmi statistikadan aydın olur ki, bu ilin ilk 2 ayında Belarusa 467,98 ton, Qazaxıstana 666,32 ton, Ukraynaya 88,6 ton, daha az miqdarda Türkmənistan və Moldovaya, Birləşmiş Ərəb Əmirliklərinə 110,55 ton, Estoniyaya 18,16 ton, Gürcüstana 526,72 ton, Polşaya 35,07 ton pomidor satmağa müvəffəq olmuşuq. Aydın məsələdir ki, bu, iki ayda 11 min tondan yuxarı olan Rusiyaya ixracı əvəzləmək üçün yetərli deyil, amma prosesin başladılması özü kifayət qədər ciddi addım hesab edilə bilər.

Meyvə-tərəvəz çoxalsa da idxal azalmır

Qarşıdan meyvə-tərəvəzin ən çox istehsal edildiyi yay mövsümü gəlir. Bu mal qrupu ölkənin qeyri-neft ixracının mühüm hissəsini təşkil edir. Belə ki, 2020-ci il ərzində ümumilikdə meyvə-tərəvəz ixracımız 606 min 555.90 min ton təşkil edib. Bundan ölkəyə 607 milyon 511.33 min dollar gəlir daxil olub. Bu ilin birinci rübündə 89 min 906.74 ton meyvə-tərəvəzin ixracından 97 milyon 231.23 min dollar vəsait daxil olub. Ötən ilin eyni dövründə isə 84 min 598.82 ton meyvə-tərəvəzin ixracından 113 milyon 231.89 min dollar əldə etmişdik. Bu isə o deməkdir ki, Rusiyanın yalnız alma və pomidorun idxalına tətbiq etdiyi məhdudiyyət Azərbaycanın ümumi aqrar ixracında 16 milyon dollar azalmaya səbəb olub. Əgər qadağalar digər məhsulları da əhatə edərsə, aqrar məhsulların ixracı dəfələrlə aşağı düşə, Azərbaycan istehsalçıları yüz milyonlarla dollar zərərlə üzləşə bilərlər.

Müstəqil ekspertlər xüsusilə son illərdə aqrar ixracda Rusiyadan asılılığın güclənməsinin Azərbaycan üçün ciddi təhdidlər formalaşdırdığını bildirirərək, hökumətin ixracın diversifikasiyası üçün zəruri addımlar atmağa çağırırlar. Ötən ilin payızından bəri yaranan şərtlər, Azərbaycanın öz ərazilərini silah gücünə erməni işğalından azad etməsi, Rusiyanın hərbi qüvvələrinin sülhməramlı adı altında Qarabağda yerləşməsi kimi faktorlar yaxın və ortamüddətli perspektivdə Moskva ilə münasibətlərin heç də hamar olmayacağından xəbər verir. Xüsusilə şimal qonşumuzun hərbi qüvvələrini “sülhməramlı” adı ilə yerləşdirdiyi bölgələrdən çıxarmaq təcrübəsinin olmadığını nəzərə alsaq, idxal-ixrac (Azərbaycan buğda kimi strateji ərzaq məhsulunun idxalında da 90 faizdən yuxarı Rusiyadan asılıdır – red.) qadağalarının tez-tez tətbiq olunması ehtimalının kifayət qədər real olduğunu söyləyə bilərik. Bu perspektivi nəzərə almaqla həm hökumətin, həm də istehsalçı-ixracatçıların Rusiyadan kənar bazarlar tapmaq istiqamətində fəaliyyətləri genişləndirməsinə ciddi ehtiyac var.

Qabığı soyulmuş meşə fındığının ixracı sahəsində son illər müşahidə olunan təcrübə göstərir ki, Azərbaycan şirkətləri ən böyük bazarlardan biri olan Avropa Birliyinin ekoloji tələblərinə uyğunlaşmaqdansa, daha aşağı tələbli Rusiya bazarına fokuslanmağa üstünlük verirlər. Bunun əsas səbəbi Avropa Birliyinin tələblərinə uyğun məhsul yetişdirmək, qablaşdırmaq, emal etmək prosesinin bir qədər yüksək həcmdə vəsait qoyuluşuna ehtiyac yaratmasıdır. İstehsalçı və ixracatçılar əlavə xərclərə getməmək üçün daha yumşaq tələbləri olan bazarlara axışırlar. Halbuki istehsalı, emalı və qablaşdırmanı keyfiyyət və ekoloji standartlar baxımından  Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaqla daha təhülkəsiz bazarlar əldə etmək mümkündür. Bu bazarlarda qiymətlərin yüksək olması hesabına istehsalçı və ixracatçılar qoyduqları sərmayəni daha yaxşı geri götürə biləcəklər. Musavat/com

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,16 ABŞ dolları, …