Ana səhifə / İqtisadiyyat / Rusiyadan gedən İT mütəxəssisləri Azərbaycana niyə gəlmədi? – “Çox gecikirik…”

Rusiyadan gedən İT mütəxəssisləri Azərbaycana niyə gəlmədi? – “Çox gecikirik…”

“İnformasiya Texnologiyaları (İT) sektoruna çox tanış olan bir amerikan şirkəti var – EPAM. Onun bütün dünyaya səpələnən ofislərində bəlkə də yüz minlərlə “aytişnik” çalışır. Əsasən qlobal şirkətlərin, xüsusilə də Google-nin sifarişlərini yerinə yetirirlər. EPAM 90-cı illərdə Sovetlər dağılanda belarusların ABŞ-da yaratdığı şirkətdir. Son illərdə bu şirkətin Rusiyada, Ukraynada, Belarusda və Özbəkistanda olan ofislərində təxminən 50 min İT mütəxəssis çalışırdı”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb. O xatırladır ki, ötən il Belarusda baş verən etiraz mitinqləri zamanı Lukaşenko EPAM-ın rəhbərini etirazçıları maliyyələşdirməkdə təqsirləndirmişdi. Şirkətin Belarus ofisində 10 mindən çox əməkdaş çalışırdı.

Bu nəhəng amerikan şirkəti Rusiya-Ukrayna müharibəsi başlayan kimi Rusiyada fəaliyyətini dayandırıb.

Maraqlıdır ki, EPAM-ın minlərlə İT mütəxəssisi hara üz tutub?

O.Gündüz deyir ki, verilən məlumatlara görə, EPAM şirkəti daha münbit şərait olan ölkələrə üz tutur: “Bu sırada isə əsasən Gürcüstan, Özbəkistan, Ermənistan və s. ölkələri əsas yer tutur. Maraqlıdır ki, EPAM təkcə Özbəkistan ofisinə 1000 nəfərədək mütəxəssisi köçürə bilib. Mütəxəssislərin və onların ailələrinin miqrasiya xərclərini şirkət özü qarşılayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu yaxınlardakı çıxışında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkəyə 3000-dən çox İT mütəxəssisin köç etdiyini açıqlayıb. Xatırladıram ki, son bir neçə ildə bu ölkədə İT və startap ekosistem üçün xeyli münbit şərait yaradılıb”.

Ekspert vurğulayır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan və Ermənistana da ümumilikdə 20 mindən çox İT mütəxəssislərin gəldiyi haqqında məlumatlar verilib. Onun sözlərinə görə, Ermənistan İT rəsmilərinin çıxışlarından görmək olar ki, bu ölkəyə bütöv İT şirkətlər miqrasiya edir.

Bəs, EPAM-dan, Rusiya, Ukrayna və Belarusdan köç edən digər şirkətlərdən Azərbaycana gələnlər olubmu?

O.Gündüz bildirir ki, kollektiv formada hökumətin dəvəti ilə ölkəmizə hər hansı İT köç baş verməyib. Amma öz təşəbbüsləri ilə, hətta ailəlikcə köçənlərin olduğu bildirilir: “Hansı ki, onlar ölkəmizdə əsasən frelance olaraq, distant formada işləyirlər. Hökumətin bu istiqamətdə müəyyən düşüncələri, müzakirələri olsa da və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə “Relokasiya Azərbaycan” adlı bir internet resurs hazırlansa da, xarici İT mütəxəssislərin ölkəmizə kütləvi köçü, relokasiyası baş verməyib. Bəzi dövlət qurumları isə hətta EPAM-ın burada ofisinin açılması təşəbbüsü ilə çıxış ediblər. Bildiyim qədər EPAM Azərbaycanda daha münbit şəraitin yaradılması şərtlərini irəli sürüb. Bununla bağlı hökumətdə, eləcə də İT camiyəsində fikir ayrılıqlarının olduğu bildirilir. Ümumiyyətlə isə, hələlik bizim hökumət xaricdən gələn İT qurumlar və mütəxəssislər üçün hansı şəraitin, güzəştlərin yaradılacağı ilə bağlı bir rəsmi açıqlama verməyiblər. Qərar qəbul edənlərimizin diqqətinə çatdırmaq istərdim ki, qonşularımız İT sektorun inkişafına ciddi yatırımlar edirlər. Xaricdən gələn peşəkar İT şirkətlər üçün münbit şərait yaradırlar. Bu isə o deməkdir ki, onsuz da İT sahəsində regionda güclü olan rəqabətdavamlılıqları daha da güclənəcək. Onlar İT eksportlarını yaxın 2-3 ilə xeyli artıracaqlar. Azərbaycanda İT eksport (təxminən 50 milyon) sahəsində vəziyyət olduqca pisdir, İT şirkətlərimizin rəqabətədavamlılığı zəifdir. Xatıralyıram ki, ASAN yanında fəaliyyət göstərən aparıcı İT şirkətlərimizin AZİNNEX konsorsiumu bu istiqamətdə hansısa addımlar atırdı, lakin hələlik ortada hansısa bir irəliləyiş müşahidə olunmur. Bildiyim qədər onların indiyədək hər hansı təşəbbüsü reallaşmayıb”.

Ekspert xatırladır ki, İT eksport Gürcüstanda təxminən 300 milyon, Ermənistanda 0.5 milyard, Ukraynada 7 milyard dollar civarındadır. “Son zamanlar baş verən relokasiya prosesləri isə onu deməyə əsas verir ki, yaxın zamanlarda adı çəkilən ölkələrdə İT sektorda çox ciddi irəliləyişlər ola bilər. Biz isə, təəssüf ki, çox gecikirik”, – Osman Gündüz vurğulayıb.

AzPolitika.info

Həmçinin oxuyun

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək. Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında …