Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Rusiya-Türkiyə qarşıdurması qaçılmazdır – “Stratfor”

Rusiya-Türkiyə qarşıdurması qaçılmazdır – “Stratfor”

ABŞ-ın nüfuzlu kəşfiyyat-analitik şirkəti 2016-da iki ölkə münasibətlərinin perspektivini dumanlı görür; “Ankara hərbi əməliyyata hazırlaşır…”
Ötən ilin ən yadda qalan və mühüm olaylarından biri də sübhəsiz ki, Rusiyanın “Su-24″ hərbi təyyarəsinin Türkiyə silahlı qüvvələri tərəfindən vurulması oldu. Hadisə iki regional güc arasında diplomatik əlaqələrin qırılmasına, notalar mübadiləsinə gətirməsə də ikitərəfli münasibətlər xeyli və qeyri-müəyyən vaxtadək soyudu.
İnsident eyni zamanda Kreml və Ankaranın bölgə ölkələri ilə münasibətlərində məxsusi izlər buraxdı. Proses hələ tamamlanmayıb və belə görünür davamı 2016-cı ildə də gələcək. Yeni il ərəfəsi situasiyanın özəlliklərindən biri isə odur ki, Rusiya hakimiyyətində Türkiyəyə yanaşmada sanki iki dəst-xətt sezilməkdədir.
Biri – mötədil, praqmatik xətt tərəfdarları Ankara ilə əlaqələrə daha ehtiyatlı yanaşmanın, əlaqələri axıradək korlamamağın tərəfdarıdır. Bura əsasən ölkənin iqtisadi və maliyyə-biznes elitasının aparıcı simaları, müəyyən dərəcədə də hökumət daxildir. Sərt xətt isə Rusiyanın hərbi-siyasi rəhbərliyinə daxil olan şəxslər, əsasən də revanş hissi ilə alışıb-yanan prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və hərbi generalların timsalında izlənilir.
Ancaq bu iki xəttin fövqündə duran əlahəzrət gerçəklik var. Bu da ondan ibarətdir ki, Türkiyə ilə münasibətləri kəskinləşdirməyin altını ən çox elə Rusiyanın özü çəkəcək. Yaxşı ki, bunu Rusiyada dərk edənlərin sayı tədricən artmaqdadır.
“Türkiyə Rusiyanın önəmli iqtisadi tərəfdaşı olaraq qalacaq”. Bu sözləri Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib. “Sanksiyalar yalnız ərzaq sektoruna tətbiq edilib. Məhdudiyyətlər müəyyən sferalarda keçərlidir. Olduqca diqqətli hərəkət edirik. Türkiyənin iş adamları və vətəndaşları üçün problem yaratmaq istəmirik” – nazir vurğulayıb.
Xatırladaq ki, aradakı gərginliyə rəğmən, Rusiya hələ ki, Türkiyəyə qaz satışını dayandırmayıb. Bu da məntiqlidir, çünki Qərbin iqtisadi-maliyyə sanksiyalarından əziyyət çəkən və üstəlik, xam neftin kəskin ucuzlaşmasından dolayı qarşıdakı 6 ay-1 ildə iqtisadiyyatını kollaps gözləyən Rusiya üçün qaz satışından gələn milyardlarla dollar gəlir balaca rəqəm deyil.
Təsadüfi deyil ki, son vaxtlar, üstəlik, Rusiyanın iqtisadçı-rəsmilərinin dilindən “Türk axını” ilə bağlı danışıqların bərpası mümkünlüyü də dilə gətirilməkdədir.
***
Lakin iki ölkə münasibətlərinin perspektivini dumanlı görən ekspertlər də var. Məsələn, ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” kəşfiyyat-analitik şirkəti hesab edir ki, 2016-cı ildə Ankara ilə Moskva arasında münasibətlər kəskinləşəcək. Bu barədə qurumun dərc elədiyi hesabatda deyilir.
Amerikalı ekspertlərin qənaətincə, “Türkiyə İraqın şimalında özünün hərbi mövcudluğunu gücləndirməyə çalışacaq və ehtimal ki, Suriyanın şimalında hərbi əməliyyata hazırlaşır. ”Ankara təkcə İŞİD terror qruplaşması ilə mübarizə aparmaq yox, həm də Suriya kürdlərini cilovlamaq niyyətindədir” – hesabatda qeyd edilir.
“Stratfor”a görə, Rusiya Türkiyə ilə münaqişəyə girməyə ən az həvəsli olsa da, iki ölkə arasında qarşıdurma ssenarisi qaçılmaz olacaq. “Çünki Türkiyə Qara və Aralıq dənizlərinə girişlərə nəzarət edir, Moskva isə Ankaranın hərbi planlarını pozaraq, Suriyada hərbi mövcudluğunu, o cümlədən ölkəni şimalındakı aviasiyasını gücləndirməklə möhkəmlətməyə çalışır. Rusiyanın Suriya konfliktinə cəlb olunması böyüyür. Bu da ona gətirə bilər ki, Moskva bölgədə həddən çox problemi həll eləmək zorunda qalar” – sənəddə vurğulanır.
“Stratfor”un rəyləri mötəbər sayılmaqla yanaşı, vurğulanmalıdır ki, sadalanan istiqamətlərdə iki ölkə arasında gərginliklərin artması mümkündür. Ona görə ki, Rusiya Suriyaya girməklə həm də Türkiyənin istər bu ölkədə, istərsə də bütövlükdə böyük bir regionda həyati maraqlar sferasına kobudcasına soxulub.
Ayrı sözlə, Ankaranın köklü maraqları ciddi təhdid edilməkdədir. Bu xüsusda çox şey Kremlin gələn il nə dərəcədə praqmatik, realist davranışından asılı olacaq. Söhbət isə təkcə Rusiya-Türkiyə qarşıdurmasından getmir. Türkiyə NATO-nun üzvü olduğundan, Rusiya-Türkiyə qarşıdurması avtomatik Rusiya-NATO konflikti anlamına gələcək. Bu üzdən sözsüz ki, ABŞ-ın davranışı  da məsələdə mühüm rol oynayacaq. musavat.com

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …

Bir cavab yazın