Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Rusiya parçalanarsa, bütün dünya üçün təhlükə yaranar” – Ekspert 

“Rusiya parçalanarsa, bütün dünya üçün təhlükə yaranar” – Ekspert 

“Stratfor” təşkilatının yaydığı məlumata görə, sanksiyalar, neftin qiymətlərinin ucuzlaşması, rublun çökməsi, hərbi xərclərin artırılması Kremlin dünyanın ərazi baxımından, ən böyük ölkəsi üzərində nəzarətinin zəifləməsinə səbəb olacaq. Nəticədə isə Rusiya növbəti on il ərzində tamamilə çökəcək.
Rusiya parçalanarsa, bunun dünya ölkələrinə təsiri necə ola bilər?
Məsələ ilə bağlı musavat.com-a politoloq Natiq Miri danışıb. O, bildirib ki, Rusiyanın bütün bölgələri mərkəzi hakimiyyətin iradəsindən və büdcədən tamamilə asılı vəziyyətdədir: “Demək olar ki, Rusiyanın regionları texnoloji cəhətdən heç bir inkişafa nail olmayıb. Orada böyük işsizlik hökm sürür. Bu gün Rusiyada əhalinin 85 faizi, işləyən 15 faizin hesabına yaşayır. Bu baxımdan vəziyyəti acınacaqlı hesab etmək olar. Eyni zamanda nəzərə almaq lazımdır ki, regionların inkişafı üçün Boris Yeltsin dönəmindən sonra mərkəzləşdirilmə işləri aparıldı. Yerlərin müstəqil özünü idarə etməsinə imkan verilmədi. Məhz bu baxımdan mərkəzi hakimiyyətin siyasi iradəsi orada möhkəmləndi. İndi isə neftin dünya bazarında qiymətinin aşağı düşməsi nəticəsində Rusiyada çox çətin iqtisadi şərait yaranıb. Belə olduğu təqdirdə, təbii ki, mərkəzdənqaçma tendensiyasi güclənə bilər. Ancaq bütövlükdə Rusiyanın bir neçə hissəyə parçalanacağını düşünmürəm. Çünki bu, dünya güclərinin, xüsusilə də, Qərbin marağında olan proses deyil. Rusiya parçalanarsa, dünya üçün təhlükəli məkana çevrilə bilər. Bu, bir nüvə ölkəsidir. Orada bütün dünyanı məhv etməyə yetəcək qədər potensialda nüvə silahları var”.
Ekspert bildirib ki, Rusiya parçalandığı təqdirdə, nüvə silahlarını nəzarətdə saxlamaq mümkün olmayacaq:“Belə olduğu təqdirdə, bu missiyanı dünyanın digər güc mərkəzləri öz öhdəsinə götürməlidir ki, bunu da etmək Qərb dünyası üçün çox çətin olar. Ən azından bunu etmək üçün mütləq mənada Rusiyada inqilabın baş verməsi və Qərbyönümlü, demokratik idarəetmə rejiminin bərqərar olması vacibdir. Ancaq bunun həyata keçirilmə mexanizmləri də müəyyən suallar və təhlükələr yaradır. Bütün bu qeyri-müəyyənliklərə görə də Qərb istəmir ki, Rusiya kimi nüvə ölkəsi nəzarətsiz duruma düşsün. Bu baxımdan hesab edirəm ki, hər bir iqtisadi çətinliyə rəğmən Rusiyanın parçalanmasına rəvac verilməyəcək. Sadəcə olaraq, indiki Putin idaraetmə rejimi götürüldükdən sonra Rusiyada demokratik rejimin bərqərar olması üçün normal seçkilərin keçirilməsinə şərait yaradılacaq. Qarşıda duran əsas məsələ budur. İqtisadi çöküş olduğu təqdirdə isə, Putin hakimiyyəti uzun zaman ayaqda dura bilməyəcək”. Musavat.com

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın