Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İqtisadiyyat / Rövşən Ağayev: “Fərdi sahibkarların elektron icazə sistemi bərpa olunmalıdır”

Rövşən Ağayev: “Fərdi sahibkarların elektron icazə sistemi bərpa olunmalıdır”

Koronavirusa yoluxma hallarının çoxalması Azərbaycan hökumətini yenidən sərt karantin tədbirlərinə əl atmağa vadar edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata görə, iyunun 21-dən iyulun 5-dək ölkədə yenidən sərt karantin rejimi tətbiq olunacaq.

Karantin müddətində kafe-restoranlar, bərbərxana, gözəllik salonları, iri ticarət mərkəzlərinin fəaliyyəti də dayandırılacaq. Bu isə minlərlə sahibkarlıq subyektinin fəaliyyətinin dayanması nəticəsində zərərə düşəcəyi deməkdir. Eyni zamanda, əhalinin belə obyektlərdə qeydiyyatsız işləyən kəsimi də işsiz qalacaq. Bütün bunlar karantin tədbirlərindən zərərçəkən binzes və vətəndaşların dövlət tərəfindən dəstəklənməsi zərurətini yaradır.

Xatırladaq ki, mart-aprel aylarında tətbiq olunan karantin rejimi müddətində hökumət tərəfindən biznesə və vətəndaşlara dəstək məqsədli tədbirlər paketi hazırlanaraq həyata keçirildi. Biznesə əmək haqqı fondunun bir qismi ödənildi, fərdi sahibkarların keçən il ödədikləri vergilər geri qaytarıldı, vətəndaşlara isə 600 min nəfərə aprel-may aylarında 190 manat həcmində ödənişlər edildi.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, hökumət ən azı birinci karantin dövründə tətbiq olunan dəstək mexanizmlərini yenidən işə salmalıdır: “Bununla bağlı qərar Operativ Qərargahın karantin rejiminə qayıdılmasına dair qərarı ilə birlikdə açıqlanmalıydı əslində. Yəni Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyinin nümayəndəsi də iştirak  edərək biznesə və əhaliyə yönəlik tədbirləri açıqlamalıydı. Yəni TƏBİB tibbi baxımdan zəruri olan tədbirləri açıqlayanda, İqtisadiyyat Nazirliyi də sosial-iqtisadi tədbirləri açıqlamalıydı. Ən azından ortada pis-yaxşı bir təcrübə, dəstək mexanizmi var. Hökumət həmin mexanizmlərin yenidən işə salınacağını elan etməliydi. Hansısa sahələrdə fəaliyyətin 2 həftə boyu dayandırılması gəlirlərin itirilməsi deməkdir. Hökumət bunu nəzərə alaraq, paketini açıqlamalıydı. Təəssüf ki, bu, olmadı. Belə görünür ki, hökumət daxilində koordinasiya yetərli səviyyədə deyil”.

Ekspert bildirir ki, pandemiyanın yaratdığı böhranın biznesə və ev təsərrüfatlarına vurduğu zərər indi-indi statistik rəqəmlər açıqlandıqca üzə çıxır: “Söhbət kifayət qədər böyük zərərdən gedir. Bizim ”Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar dostlarımız var. Onlarla bu gün (dünən – red.) apardığımız söhbətdə bildirdilər ki, artıq mərkəzdəki mağazaların 15-20 faizi boşalıb. Sahibkarlar böyük zərərlə üzləşiblər, dövlət dəstəyi də yetərli olmayıb, məcbur qalıb fəaliyyətlərini dayandırırlar. İcarə haqqına cəmi 1 ay güzəşt olub, sonradan mərkəzin rəhbərliyi dövlətin ona güzəşt etmədiyi üçün sahibkarlardan icarə haqqı almağa məcbur qaldığını deyib. Biznesi, xüsusilə kiçik və orta sahibkarları böhran qarşısında belə sahibsiz buraxmaq olmaz. Ən azı qonşumuz Gürcüstandan nümunə götürmək olar. Əhalisi, büdcəsi, iqtisadi resursları, ehtiyatları bizdən dəfələrlə aşağı olan Gürcüstanda biznesə və əhaliyə dəstək bizdən nəinki az olmadı, hətta daha təsirli oldu. Kənd təsərrüfatına ayrıca dəstək verildi, ev təsərrüfatlarının bizim pulla 170 milyon manatlıq kommunal xidmət xərcləri dövlət tərəfindən qarşılandı. Bu qədər ağır dövrdə hökumətin belə geniş resursları qarşısında xəsislik etmək düzgün yanaşma deyil. Hökumət, əlbəttə, çalışır öz vəsaitlərini qorusun. Amma bütün dünyada dövlətlər elan etdilər ki, bu, adi böhran deyil, qeyri-adi, analoqu olmayan bir situasiyadır. Və belə situasiyada biznesin, ev təsərrüfatlarının mümkün olan qədər çox dəstəklənməsi zəruridir. Əlbəttə, heç vaxt bütün zərərin dövlət tərəfindən qarşılanması mümkün deyil. Amma heç olmasa imkanlara görə bir dəstək mexanizmi tətbiq etmək olar. Dünya dövlətləri buna görə ən ağır borclanmaların altına girərək mümkün qədər biznesə və ev təsərrüfatlarına daha çox yardım edirlər. Bu da səbəbsiz deyil. İqtisadiyyat biznesin, ev təsərrüfatlarının çiyinlərində mövcuddur. Onlar olmasa hansı iqtisadiyyatdan danışmaq mümkündür?”

Müsahibimiz fərdi sahibkarların üzləşdiyi ciddi bir problemi də qeyd etdi: “Muzdlu işçisi olmayan, yalnız özü fəaliyyət göstərən fərdi sahibkarlar üçün icazələr iyunun 1-dən ləğv edilib. Mən özüm fərdi sahibkar kimi məsləhət xidmətləri göstərirəm. Müxtəlif tədqiqatlar üçün sifarişlər alıram, bir çox hallarda araşdırmalar, monitorinqlər üçün bölgələrə, elə Bakının özündə müxtəlif yerlərə getməli oluram. Mənim kimi minlərlə sahibkar var. İndi bizim elektron icazəmiz ləğv olunub, məcburuq SMS icazə sistemindən istifadə edək. Bu isə yetərli deyil, SMS icazədə də belə növ icazələr yoxdur. Bəs biz fəaliyyətimizi necə davam etdirək? Dövlət bizə əlavə dəstək vermir, icazəmiz də yoxdur fəaliyyət göstərək. Bu halda biz haradan gəlir əldə edək? Buna görə də fərdi sahibkarların elektron icazə sistemi bərpa olunmalıdır. Kimlərsə bundan sui-istifadə edib həftəsonu rayonlara gedirsə, şənbə-bazar günlərində sistem de-aktiv edilsin, birinci gündən isə bərpa olunsun. Belələrinə görə bütün fərdi sahibkarların əl-qolunu bağlamaq olmaz”.

R.Ağayevin fikrincə, hökumət yeni karantin müddəti üzrə kiçik və orta sahibkarlığın icarə haqlarından azad olması üçün zəruri tədbirlər görməlidir: “Bundan əlavə, itirilmiş gəlirin mümkün qədər çox hissəsi kompensasiya olunmalıdır. Elə bir hissəsi ki, fəaliyyəti dayandırılacaq sahibkarlar ayaqda qala bilsinlər: gözəllik salonları, bərbərxanalar, ticarət mərkəzləri və mollardakı sahibkarlar, kafe-restoranların sahibləri və sair. Ev təsərrüfatlarına gəlincə, 190 manat ödəniş iyun ayı üçün də ödənilməlidir. Digər tərəfdən, Gürcüstandakı kimi, kommunal xidmətlərə görə bir paket müəyyənləşməlidir. Demirəm ki, bütün istehlakçılar üçün. Kommunal xidmət şirkətləri kasıb abonentlərini asanlıqla müəyyənləşdirə bilərlər. Bəlkə də ölkə üzrə ümumi yoxsulluq səviyyəsini müəyyənləşdirmək bir qədər çətindir, amma kommunal xidmətlərdən istifadə həcminə görə kasıb istehlakçıları müəyyənləşdirmək elə də çətin deyil. Hər kəsin aylıq sərfiyatı şirkətlərdə var. Aşağı sərfiyatlı abonentlər üçün kommunal xidmətlərdə güzəştlər verilə bilər. Qəribə vəziyyət yaranıb: gəlirlər bu qədər azalır, amma hökumət yoxsulların, işsizlərin sayına dəyişiklik etmək istəmir. Bu iki göstəriciyə bir daha təkmil metodlarla yenidən baxılmalı, təsərrüfatların çətin dönəmi daha az ağrılı keçirməsi üçün zəruri dəstək verilməlidir”.

Qeyd edək ki, dünən Milli Məclisdə ötən ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsi müzakirə olunarkən maliyyə naziri Samir Şərifov biznesə və ev təsərrüfatlarına yeni dəstək paketinin olub-olmayacağına dair məsələyə də toxunub: “Cari ildə çağırışlarımız kifayət qədər çoxdur”.

Onun sözlərinə görə, iyunun 18-də iki həftəlik sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı məsələlərə baxılıb: “Şübhəsiz, təxirəsalınmadan qərarlar qəbul ediləcək. Əgər lazım gələrsə, hökumət tərəfindən prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim olunacaq”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Suvarma şirkətini BNA ilə nə bağlayır: 3,6 milyonluq tender (SƏNƏD)

Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair …