Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Regionların iqtisadi inkişafı üçün dövlət proqramları niyə effekt vermir?

Regionların iqtisadi inkişafı üçün dövlət proqramları niyə effekt vermir?

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müddəti bu il bitir. Bu istiqamətdə əvvəlki illərdə də bir neçə proqram həyata keçirilib. Amma nəticə etibarilə yüksək nailiyyətlərin əldə olunduğunu görmürük. Bunu regionlardan əhalinin kütləvi şəkildə paytaxt Bakıya axınından da görmək mümkündür. Bəs bölgələrin iqtisadi inkişafı ilə bağlı nələr edilməlidir ki, daha effektli olsun?

İqtisadçı alim, AĞ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, regionların sosial-iqtisadi inkişafına hələ ki nail ola bilməmişik: “Regionlarda yaşayan insanlarımızın iqtisadi səbəblərdən kütləvi şəkildə şəhərlərə üz tutması davam edir. Kənd təsərrüfatı siyasəti həm istehsalçının, həm də istehlakçının maraqları nəzərə alınaraq elə tənzimlənməlidir ki, vətəndaşlar kənd təsərrüfatı ilə məşğul olmaqda maraqlı olsun. Yəni qısası, istehsalçı zəhmətinin qarşılığını almalı, istehlakçı isə sərfəli qiymətlərlə sağlam və balanslı qidalana bilməlidir. Kənd təsərrüfatımızda, xüsusilə də maldarlıq sektorunda krizis yaşanır. Dünyada ətin qiymətinin ucuzlaşdığı bir vaxtda nə hikmətdirsə, Azərbaycanda və Türkiyədə ətin qiyməti sürətlə bahalaşır. Türkiyədəki vəziyyəti yaşanan təbii fəlakətlə əlaqələndirmək olar, bəs Azərbaycanda nə üçün ət durmadan bahalaşır? Problemin əsası yem çatışmazlığıdır, otlaq sahələri getdikcə azalır. Yem xammalı, əsasən soya, qarğıdalı, arpa və buğda xaricdən gətirilir. Boş ərazilər satın alınaraq turistik və ya şəxsi obyektlər inşa edilir, bu zaman da balans gözlənilmir”.

Ekspert əlavə edib ki,  Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi adambaşı illik ət istehlak norması 78 kiloqram olduğu halda, Azərbaycanda adambaşı illik qırmızı ət istehlak miqdarı 25,8 kiloqramdır: “DSK-nın hesabatına görə, 2021-ci ildə qırmızı ət istehsalımız 233,2 min ton təşkil edib. ÜST-in müəyyən etdiyi normada ət istehlak etməmiz üçün 546,8 min ton əlavə ət istehsalı həyata keçirməliyik. Dünyanın ən çox ət istehlak edən ölkələrinin statistikasına baxsaq, ərazisinə görə ölkəmizdən 4 dəfə kiçik olan İsrail, 5 dəfə kiçik olan Küveyt kimi ölkələrdə illik adambaşı ət istehlakı 100 kiloqramdan artıqdır, o cümlədən istehsal da dəfələrlə yüksəkdir. Ölkəmizin kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin öhdəsindən fermerlərin təkbaşına gəlməsi mümkün görünmür. Dövlət bir an öncə bu işə əl qoymalıdır. Elə götürək İsraili. İsrail heç bir zaman sosialist iqtisadi sistemini qəbul etməsə də, sosialist prinsiplərinə əsaslanan kənd təsərrüfatı kooperativ müəssisə nümunəsini uğurla həyata keçirən ölkədir. Onsuz da çətinliklə alınmış torpaqları fərdi istifadəyə verməkdənsə, bu ölkə, dövlət dəstəkli üç tip (Kibbutzlar, Moşav Ovdimlər və Moşav Şitufilər) iri kənd təsərrüfatı müəssisələri yaradılmasına üstünlük verdi. Məsələn, “kibbutzlar” üzvlərin birlikdə istehsal və istehlak həyata keçirdiyi kollektiv müəssisə növüdür. Dövlətə məxsus torpaqlar uzun müddətə (49 illik) “kibbutzlar”a icarəyə verilir. Torpağa görə illik icarə haqqı ödənsə də, kənd təsərrüfatı əşyaları pulsuz təmin olunur. “Moşavlar”da isə fərqli olaraq ailə-fermer təsərrüfatlarına üstünlük verilir. Yenə, bu tip müəssisələrdə də torpaqlar dövlətin mülkiyyətindədir, ancaq istehsal fəaliyyətində fermerlərə sərbəstlik verilir. Kənd təsərrüfatı maşınları və digər qurğular pulsuz təmin olunur. Ümumiləşdirib desək, “kibbutzlar”da istehsal və istehlak birgə həyata keçirildiyi halda, “moşav ovdimlər”də istehsal və istehlak tamamilə ailə çərçivəsində icra edilir, lakin xammal təchizatı və marketinq ortaq həyata keçirilir. “Moşav şitufilər”də istehsal müştərək, istehlak isə ailə çərçivəsindədir. Bu cür müəssisələrin əsas məqsədi də məhz fərdiçilikdən uzaq, kollektiv və bərabər formada səmərə əldə etməkdir”.

V.Əhmədova qeyd edib ki, İsrail ciddi su çatışmazlığı ilə üzləşən ölkədir: “Ölkə, damcı suvarma, sprey (püskürtmə) suvarma və çiləmə (sprinkler) suvarma metodları ilə qıt su ehtiyatlarını qənaətlə istifadə etməyə nail olub. Damcı suvarma üsulunda bitkinin ehtiyacı olduğu qədər su bitkilərinin köklərinə torpaq altına çəkilən borular vasitəsilə verilir. Hər ağaca məxsus püskürtücü ilə isə ağacların suvarılması həyata keçirilir. Əkin sahələrinin suvarılmasında çiləmə üsulu ilə (sprinkler) suvarmadan da istifadə olunur. Torpağa basdırılan rütubət sensorları, torpağın suya ehtiyacı haqqında davamlı məlumat axınını təmin edir. Beləliklə də 70-80% səmərə əldə edilir”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …