Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Referendumun nəticələri Türkiyədə terror təhlükəsini artıra bilərmi..

Referendumun nəticələri Türkiyədə terror təhlükəsini artıra bilərmi..

Elxan Şahinoğlu: “Kürdlərin böyük əksəriyyəti ərazi bütövlüyünün tərəfdarıdır”
Aprelin 16-da Türkiyədə keçirilən referendum ətrafında gedən müzakirələr səngimir. 3 faizdən az səslə uduzan “hayır” tərəfdarlarının nəticələrlə barışmadıqları göz önündədir. Referendum dəyişikliklərinin əleyhinə gedənlərin bundan sonra fərqli yol tutacaqları ilə bağlı həyəcanlı xəbərlər dolaşmaqdadır.
CHP-nin nəticələrin ləğvini tələb etdiyi məlumdur. “Hayır” tərəfdarlarından olan kürdlərin daha fərqli yol tutacaqları, qardaş ölkədə terror aktlarının sayını artıra biləcəkləri iddiası da var. PKK terror təşkilatının öz çirkin planlarını həyata keçirmək üçün referendumun nəticələrindən istifadəni bir şans kimi gördüyü vurğulanır. Kürdlərin siyasi qurumu sayılan Xalqların Demokratik Partiyasının (HDP) siyasi fəaliyyətini terror üzərində qura biləcəyi qeyd olunur.
Politoloq Elxan Şahinoğlu deyilənlərin əksini düşünür: “Kürdlərin referenduma tamamən ”hayır” dediyini vurğulamaq olmaz. Kürd bölgələrində “evet” deyənlərin sayı da kifayət qədər idi. Hətta “evet” deyən kürdlərin sayı son parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyasına səs verənlərin sayından kifayət qədər çox idi. Bu o deməkdir ki, Türkiyədə yaşayan kürdlərin böyük əksəriyyəti ərazi bütövlüyünün tərəfdarıdır. PKK-nın kürd bölgələrdə mövqeləri getdikcə zəifləyir. Çünki kürdlər dağıntı, partlayış istəmirlər, normal yaşamaq istəyirlər, övladlarının terrorçulara qoşularaq Türkiyə ordusu tərəfindən zərərsizləşdirilməsində maraqlı deyillər. Son 10 ildə kürdlərin yaşadıqları bölgədə xeyli iaşə obyekti, xəstəxana, hava limanı tikilib. Həmin bölgələrdə terror olmasaydı, inkişaf daha sürətlə gedərdi, yeni iş yerləri açılardı. PKK məhz ona görə partlayışlara, terrora üstünlük verir ki, kürdlər yaxşı yaşamasınlar, iş yerləri olmasın, Türkiyə dövlətinə bağlı olmasınlar və gəlib onlara qoşulsunlar. Ancaq PKK son bir neçə ildə çox böyük zərbələr alıb. Ona görə də Türkiyədə istəyir parlament, istəyir prezident respublikası olsun, kürdlərin sosial və iqtisadi problemlərinin həlli davam edəcək. Bununla PKK öz tabanını itirməkdə davam edəcək”.
Politoloq qardaş ölkənin terrordan sığortalanmadığını da qeyd etdi: “Türkiyə terrordan sığortalanmayıb. Türkiyəyə qarşı terrorçu təşkilatların siyahısına baxın: PKK, DAİŞ, YPG, PYD, radikal solçu, marksist və maoistlər və FETÖ. Türkiyə böyük dövlətdir, hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, millətçi və dövlətçi güclər hər zaman terrorçu qruplardan üstün olacaqlar. Terrorçuların qarşısında ordu və polis var. Terrorçular zaman-zaman aranı qata bilərlər, ancaq Türkiyəni qarışdıra bilməzlər. Türkiyə nə Liviya, nə də Suriyadır”.
E.Şahinoğlu cümhurbaşqanının statusunun müəyyən edilməsinə qədər kürdlərə qarşı sərt mübarizənin aparılacağını söylədi: “Türkiyə prezident respublikasına çevrildi. Ancaq cümhurbaşqanının statusu 2019-cu ildən – yəni növbəti prezident seçkisindən sonra artacaq. Həmin ilə qədər və həmin ildən sonra terrorçulara qarşı amansız mübarizə aparılacaq. Türkiyə PKK-ya və DAİŞ-ə kifayət qədər zərbələr endirir. Türkiyənin Suriyada tampon bölgə yaratması DAİŞ terrorçularını Türkiyə sərhədindən uzaq tutması deməkdir. Və ya Türkiyə ordusu müxtəlif bölgələrdə PKK-ya qarşı əməliyyatlarını davam etdirir, terrorçuların böyük itkiləri var. Bu mübarizə heç zaman zəifləməyəcək. PKK-nın indiki vəziyyətdə yeganə çıxış yolu cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, ya silahları təhvil verib təslim olmalarıdır, ya da silahları torpağa gömməkdir. Üçüncü yol onları məhvə aparır”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın