Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Referendumdan sonra Türkiyə üçün yeni dönəm başlandı

Referendumdan sonra Türkiyə üçün yeni dönəm başlandı

16 aprel referendumun nəticələrinə Azərbaycandan münasibət və qardaş ölkənin gələcəyi barədə proqnozlar…

Türkiyədə 16 apreldə keçirilən referendumda seçicilərin 87 faizi iştirak edib. 51,3 faiz konstitusiya dəyişikliklərinin lehinə, 48,7 faiz isə əleyhinə səs verib. Referendumun yekun nəticəsi 11-12 gündən sonra açıqlanacaq. Hələ ki ortada 500 min bülletenin möhürsüz olması-saxtakarlıq edildiyi iddiaları da var. Hesab olunur ki, araşdırmaların sonrakı gedişində sürpriz qərarlar verilə bilər.

Aprelin 17-də CHP-dən kritik açıqlama gəlib. CHP başqan yardımçısı Bülənt Tezcan kameraların qarşısına keçərək Yüksək Seçki Komissiyasını (YSK) etibarlı seçki keçirə bilməməkdə ittiham edib. Bildirib ki, millətin narahatlığını aradan qaldırmaq üçün tək bir yol var: “YSK seçki nəticələrini ləğv etməlidir”. CHP nümayəndəsinin iddiasına görə, YSK səsləri gizli sayib.
Ancaq Türkiyənin əksər siyasi şərhçiləri ölkədə demokratik seçki ənənəsinin olmasını əsas gətirib nəticəyə şübhə ilə yanaşılmasını doğru saymırlar.
Referendumun nəticələrinə əsasən konstitusiya dəyişikliyi baş tutmuş sayılır. Bu dəyişikliyə əsasən, Türkiyə parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçdi. Türkiyədə baş nazirlik ləğv ediləcək. Əvəzində prezident vitse-prezident, nazirlər, hakimlər kollegiyasının üzvləri və prokurorları təyin edəcək.
Türkiyə KİV-ləri yazır ki, prezident Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti İlham Əliyev olub. Türkiyə prezidentini daha sonra Qatar əmiri və Fələstin lideri təbrik ediblər.
Bildirilir ki, prezident İlham Əliyev referendumun nəticələrini “xalqın prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi” qiymətləndirib.

Image result for İlham aliyev Erdoğan
ABŞ Dövlət Departamenti isə bildirib ki, Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı şərh verməyəcək: “Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan isə şərh verməyəcəyik”.
Almaniya kansleri Angela Merkelin xarici işlər naziri ilə birgə verdiyi ortaq açıqlamasında isə deyilir: “Almaniya hökuməti Türkiyədəki referendumun rəsmi olmayan nəticələrini nəzərə alır. Alman hökuməti türk xalqının konstitusiya ilə bağlı qərarına hörmət edir. Referendumda əldə edilən nəticə türk toplumunun nə qədər bölünmüş olduğunu göstərir. Bu durum Türkiyə hökuməti və prezident Ərdoğan üçün böyük məsuliyyət anlamı daşıyır”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə Türkiyədə keçirilən referendumu Türkiyənin daxili məsələsi adlandırıb və deyib ki, xalq nəyə səs veribsə, İran ona hörmətlə yanaşacaq: “Ümid edirik ki, bu referendum Türkiyə daxilində birliyə, sabitliyə və sülhə xidmət edəcək”.
Referendumu izləmək üçün Azərbaycan nümayəndə heyəti də Türkiyədə səfərdə olub. Milli Məclisin deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Ağalar Vəliyev modern.az-a açıqlamasında referendumla bağlı təəssüratlarını bölüşüb: “Bir neçə seçki məntəqəsində olduq. Sonda da sandıqlarda bülletenlərin sayılması mərhələsində iştirak etdik. Seçkilərin tam şəffaf keçirildiyini deyə bilərəm. Bizim olduğumuz məntəqədə 428 seçici var idi. Onların 399-u səs verdi. Türkiyədə keçirilən referendumda saxtakarlıqdan söhbət belə gedə bilməz. Bir çox ölkələrdə keçirilən seçkilərdə iştirak etmişəm, amma belə şəffaf seçki prosesi görməmişəm. Seçki o dərəcədə yüksək səviyyədə təşkil olunmuşdu ki, saxtakarlıqdan danışmağa lüzum yoxdur”.
A.Vəliyev bildirib ki, ATƏT-in də nümayəndələri seçkini izləyib: “Azərbaycan nümayəndə heyəti kimi həm Türk PA-nın, həm də Türkiyə-Azərbaycan dostluq qrupunun üzvləri olaraq iştirak edirdik. Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Əhliman Əmiraslanovla birgə mən də prosesə qatılmışdım. Beynəlxalq təşkilatlardan Türk PA ilə bir yerdə Qırğızıstan və Qazaxıstanın parlament üzvləri də vardı. Bundan başqa, ATƏT-in üzvləri də referendumu izləyirdi. Biz öz raportlarımızı həm Türk PA-nın, həm də Azərbaycan-Türkiyə dostluq qrupunun adından təqdim edərək tam razılığımızı bildirdik. Müsbət rəy verdik”.
Azərbaycanın siyasətçiləri və siyasi ekspertləri isə Türkiyədəki referendumun nəticələrini şərh ediblər və bu nəticələrin qardaş ölkədəki prosesləri hansı istiqamətə yönəldəcəyi barədə mülahizələrini yürüdüblər.
Deputat Zahid Oruc bildirib ki, Türkiyənin daxili və xarici soyuq savaşdan qalibiyyətlə çıxması üçün xalqın iradəsi ortadadır: “Dövlətin 100 illik siyasi şəklinin dəyişdiyini inkar etmək mümkünsüzdür. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, prezidentli üsul-idarəyə keçid tam fərqli bir arxitekturadır. Parlamentli modeldən imtina Türkiyənin bütün idarəçilik sistemi içərisinə qoyulmuş minaları partlatmağa imkan verəcək və Türkiyəni milli bir elitaya dayanaraq, yönləndirməyə şərait yaradacaq. O üzdən qutulara yollanan 87 faizlik seçici dövlət işini və ya əsas siyasi savaşı silahlarla və devrimlərlə deyil, məhz demokratik mübarizələrlə aydınlatmış oldu. Şübhəsiz, Qərb və Şərq dünyası referendumun nəticələrini nə qədər təftiş etsələr də, sonda onu qəbul etməyə məcbur qalacaqlar. Lakin ən başlıcası, ekranlara fərqli rənglərlə gətirilən xalqın səslərini vahid Türkiyə və ay-ulduzlu Vətən amallarında yenidən birləşdirmək gərəkdir. Türkiyənin 21-ci əsrə qədəm qoyarkən yeni bir lideri meydana çıxarması demokratik ölkələr sırasında müstəsna hadisədir. Lakin nə qədər ”tək adam” söyləsələr də, Atatürkün siyasi irsini və dövlətçilik fəlsəfəsini kənara qoymaq da heç bir iqtidara müyəssər olmaz. Ortada sayı az qala 24 milyona çatan “hayır” cəbhəsi var və Türkiyədə diktaturanı qurmaq üçün bu qədər insanın üzərindən keçmək də qeyri-mümkündür.

Image result for Referandum sonrası
İndi qalibiyyəti qeyd edən hər kəs unutmasın-qalib partiya, yaxud şəxs, 2019-cu ildən yeni qanunla Türkiyənin birinci şəxsinə çevrilə biləcəkdir. Ona qədər dünya və regionda yaşanan müharibələrdən ölkəsini uğurla çıxarmaq referendumun nəticələrindən daha böyük önəm daşıyır. Erkən seçkiləri də ehtimal edənlər, unutmasınlar ki, onu da qazanmaq asan olmayacaq. İndiki konstitusiya ilə prezidentliyi qazanan siyasətçi tam ayrısı ola bilər.
Ona görə də Türkiyənin 100 illik seçimi terrorsuz, hüzur içərisində və demokratik ideallardan sapmayan, dinlə dəqiq sərhədləri tanıyan bir ölkə olaraq qalmasıdır.
İndi qalib və məğlubları vahid bir milli bayraq altına toplayan lider gerçək hədəflərə doğru gedə biləcəkdir”.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə deyib ki, Türkiyə Konstitusiyasında dəyişikliklər edilməsi üçün referendum keçirilməsi bütün dünyanın diqqətində idi. Çünki Türkiyə sıradan bir dövlət deyil, bu gün regionun və dünyanın siyasi proseslərinə ciddi şəkildə təsir edə bilir. Bu baxımdan, həmin ölkənin gələcək strateji yolunu seçməsi dünya dövlətlərinin marağına səbəb olub: “Türkiyə hakimiyyət bölgüsünü daha dəqiqliklə həyata keçirdi. Stabilliyin təmin edilməsi, terrorun qarşısının alınması üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür. Dəyişikliklərlə bağlı Türkiyə cəmiyyətində çox ciddi müzakirələr getdi. Bu, Türkiyənin demokratik, hüquqi dövlət olduğunu göstərdi. 51 faiz seçicinin yeniliyi dəstəkləməsi dəyişiklikləri dəstəkləyənlərin ciddi sosial bazasının olduğunu göstərdi. Bu yenilik gələcəkdə əleyhdarların da yeni prinsipi, quruluşu dəstəkləməsinə gətirib çıxaracaq. Konstitusiyada edilən dəyişikliklər demokratiyanı, hüququ daha da möhkəmləndirəcək. Bu, terrora qarşı mübarizədə daha effektiv olacaq. Bundan başqa, Türkiyə regionda nüfuzlu bir dövlət kimi daha da möhkəmlənəcək”.

Image result for Referandum sonrası yeni türkiye
Politoloq Elxan Şahinoğlu isə deyib ki, əslində bu nəticə hakim Ədalət və İnkişaf Partiyası və prezident Ərdoğan üçün sürpriz oldu. Ərdoğan daha böyük uğura ümidli idi: “Çünki birincisi, administrativ resurs ”evet”e işləyir, Milliyyətçi Hərəkat Partiyası onu dəstəkləyir, üstəgəl, meydanları yüz minlərlə insan doldururdu. Bunun qarşılığında “hayır” cəbhəsi yalnız Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun ətrafında toplanmışdı. O, böyük “evet” cəbhəsinə qarşı meydanlarda təkbaşına mübarizə aparırdı, mitinqlərinə də çox adam toplaya bilmirdi, daha çox qapalı zallarda çıxışlara üstünlük verirdi. Buna rəğmən, Kamal Kılıçdaroğlunu təbrik etmək lazımdır. Buna baxmayaraq, cüzi fərqlə də olsa, qələbə Ərdoğanındır. Doğrudur, qütbləşmə var, ancaq bir neçə aydan sonra kimsə bu nəticələri müzakirə etməyəcək. Hamının yadında o qalacaq ki, Ərdoğan qələbə çaldı və prezidentin səlahiyyətləri artdı.
Referendumun Türkiyənin taleyi baxımından nələr vəd etdiyinə gəldikdə, bu gün heç kim prezidentlik sisteminin uğurlu və ya uğursuz olacağını proqnozlaşdıra bilməz. Bu sistemin necə işləyəcəyini, Türkiyəni irəliyə və ya geriyə aparacağını yaxın illər göstərəcək”.
Politoloq Şahin Cəfərli isə qeyd edib ki, nəticələrlə bağlı mübahisələrin, şübhələrin olması təəssüf doğurur. Total pozuntulardan söhbət gedə bilməz, lakin səslərin bir-birinə bu qədər yaxın olduğu bir tabloda lokal pozuntuların yekun nəticəyə həlledici təsiri ola bilər: “Yaxşı olardı ki, bütün şikayətlər obyektiv araşdırılsın və hər hansı legitimlik problemi olmasın. Amma belə bir araşdırmanın olmayacağı bəllidir. Konstitusiya toplumun yüzdə yüz olmasa da, böyük hissəsinin üzərində uzlaşdığı ictimai müqavilə xarakteri daşımalıdır. 51%-lə qəbul olunan Ana Yasa, başqa sözlə, dövlətin xalqın az qala yarısının qəbul etmədiyi bir əsas qanunla idarə olunması nonsensdir və uzunmüddətli sabitliyə səbəb ola bilməz. Gələcəkdə yeni bir konstitusiya dəyişikliyinin gündəmə gəlmə ehtimalı böyükdür. Fövqəladə vəziyyət rejimində referenduma gedilməsinə, dövlətin bütün imkanlarının ”evet” üçün səfərbər olunmasına, total birtərəfli təbliğata, tərəflərə bərabər imkanların yaradılmamasına, “hayır” üçün kampaniya aparan sağçı siyasətçilərin ciddi basqılara məruz qalmasına baxmayaraq, xalqın təxminən yarısı “yox” dedi. Bu, Türkiyədə avtoritarizmə, diktatura meyllərinə qarşı müqavimət potensialının olduğunu göstərir və önəmlidir. Təzadlı bir durum yaranıb: Türkiyə Ankaranın, İstanbulun, İzmirin qəbul etmədiyi, ölkə üzrə ÜDM-in az qala 90%-ni verən böyük şəhərlərin, sənaye mərkəzlərinin “yox” dediyi konstitusiya ilə idarə olunacaq. Ərdoğan Türkiyə siyasətində ağırlığını qoruyur və referendumda “evet” deyənlər konstitusiya dəyişikliyinə yox, məhz Ərdoğanın personasına səs verdilər. Bir daha ortaya çıxdı ki, separatçı və narazı kürdlərin təmsilçisi olan siyasi partiya Türkiyənin reallığıdır. HDP liderlərinin həbsinin və HDP-li bəzi bələdiyyə başqanlarının vəzifədən uzaqlaşdırılmasının hər hansı siyasi effekti olmadı və kürd seçicilərin bu partiyadan üz döndürməsinə gətirib çıxarmadı. O da bəlli oldu ki, 2019-cu il prezident seçkiləri Ərdoğan üçün heç də asan olmayacaq. Onun ya milliyyətçilər, ya da kürdlərin-iki antaqonist tərəfdən birinin timsalında etibarlı müttəfiqə ehtiyacı var”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, referendumun demokratik, ədalətli və şəffaf keçirilməsinə heç bir şübhə yoxdur. Nəticədən asılı olmayaraq belə yüksək səviyyəli seçki keçirilməsinin özü artıq türk-İslam dünyasının uğurudur: “Referendumda Türkiyə xalqının iradəsi ”evet” oldu və qardaş cümhuriyyətimiz yeni dönəmə qədəm qoydu. Biz AĞ Partiya olaraq Türkiyə xalqını bu seçimlə bağlı təbrik edirik. Əminik ki, bu nəticə Türkiyəni dünya siyasi səhnəsində daha güclü dövlət halına gətirəcək. Biz AĞ Partiya olaraq hər zaman “Güclü Türkiyə, güclü Azərbaycan deməkdir” düsturuna inanmışıq və bunun belə olduğunu tariximiz bizə dəfələrlə sübut edib. Türkiyəmizi və bütün türk-İslam dünyasını təbrik edirik”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın