Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Reallıqla rəsmi statistika arasında böyük uçurum

Reallıqla rəsmi statistika arasında böyük uçurum

Dünya İqtisadi Forumunun son hesabatının reytinqini hazırladığı ölkələrlə bağlı təqdimat hissəsinə əlavə məlumatlar daxil edilib. Həmin məlumatlar içərisində ölkədə sosial bərabərsizliyi ölçmək üçün Gini əmsalı və bərpaolunan enerjinin ümumu enerji istehlakında payı da var.

Maraqlıdır ki, Azərbaycanın rəsmi statistik orqanı öz vətəndaşlarına Gini əmsalı ilə bağlı heç bir məlumat açıqlamasa da, Foruma həmin məlumatı səxavətlə təqdim edib. Özü də sağ olsunlar, təqdim etidkləri məlumat bizə dünyada öyünmək üçün yaxşı imkan yaradır.

Beləliklə, Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ilk 10 ölkə arasındadır, həm də 5-cidir.

İlk 5-lik belədir:

1. Ukrayna – 0.250

2. Sloveniya – 0.254

3. Çexiya – 0.259

4. Slovakiya – 0.265

5. Azərbaycan – 0.266

Sosial bərabərsizliyin ən yüksək olduğu son 5-lik ölkələri isə Nambiya (0.591), Zamibiya (0.571), Lesoto (0.542), Botsvana və Brazizliyadır (hər ikisi 0.533).

Gini əmsalı amerikan iqtisadçı Maks Otto Lorensin adı ilə bağlı olan Lorens əyrisinin köməkliyi ilə hesablanır və 0-1 intervalında dəyişir (“0” tam bərabərliyi, “1” isə qeyri-bərabərliyi əks etdirir). Ən zəngin 20%-lik qrupla ən yoxsul 20%-lik qrup arasında gəlir fərqi nə qədər böyük olarsa, Gini əmsalı 1-ə o qədər yaxınlaşır və ölkədə gəlir qeyri-bərabərliyinin yüksək olduğunu, milli gəlirin ədalətsiz bölüşdürüldüyünü əks etdirir.

Göstəricinin 0.4-ü ötməsi ölkədə sosial bərabərsizliyin kritik olduğunu göstərir. Dünya ölkələrinin hazırkı təcrübəsində isə 0.3-dək olan səviyyəyə sosial bərabərsizliyin kifayət qədər aşağı olduğu, 0.3-0.4 intervalı isə “orta səviyyəli” sosial qeyri-bərabərsizlik hesab edilir.

Şübhəsiz ki, Azərbaycanda xüsuslə böyük neft pullarının gəlişindən sonra gəlir və sərvətlərin bölgüsündə ciddi səviyyədə qeyri-bərabərlik yaranıb, insanlar ətraflarında şütüyən bahalı maşınlara, ucalan bahalı villalara, övladlarının xaricdəki təhsillərinə, kənar ölkələrdə özlərinin (həminin ailələrinin) istirahətinə və sağlamlığına xərclədiyi pullara baxıb, rəsmi statistikanın etibarlı olmasına qətiyyən inanmırlar. Ümumiyyətlə, istənilən ölkədə gözlə aşkar görünən gerçəklik statistikaya yansımırsa, bu qurumun məlumatlarının etibarlılıq səviyyəsi kəskin aşağı düşür.

Yeri gəlmişkən, bir müddət əvvəl Dünya Bankının apardığı tədqiqat göstərib ki, Azərbaycanda ən zəngin 10 faiz ev təsərrüfatlarının adambaşına illik sağlamlıq xərcləri 1120 manat təşkil etdiyi halda, ən yoxsul ev təsərrüfatları üzrə bu məbləğ 33 manat olub. Göründüyü kimi, Dünya Bankının araşdırmalarının nəticəsi ən aşağı və ən yuxarı gəlirli desil qruplarda yer alan ev təsərrüfatlarının illik sağlamlıq xərcləri arasında 30 dəfədən də çox fərq olduğunu göstərir. Halbuki Azərbaycan Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcə müayinəsinin nəticələri ilə bağlı açıqladığı hesabatlarda bu fərqin 3 dəfə olduğu göstərilir.

Rövşən Ağayev, iqtisadçı-ekspert

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …