Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Rəsmi Bakı ilə Avropa İttifaqı arasında qalmaqal

Rəsmi Bakı ilə Avropa İttifaqı arasında qalmaqal

Qurumun Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı; Milli Məclis Avropa Parlamentinin qətnaməsinə görə növbədənkənar iclas təyin etdi; Aİ rəsmilərinin səfəri təxirə salındı

Avropa Parlamentinin Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamə rəsmi Bakının sərt reaksiyasına səbəb olub. Xüsusilə də parlament seçkiləri öncəsi beynəlxalq qurumun belə bir sənədi qəbul etməsi birmənalı qarşılanmır və Azərbaycana təzyiq kimi qəbul edilir. Avroparlamentin qətnaməsi Azərbaycan Milli Məclisini növbədənkənar xüsusi plenar iclas keçirməyə vadar edib. Bu barədə modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

“Milli Məclisin sentyabrın 14-də keçiriləcək növbədənkənar xüsusi plenar iclası Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlıdır. Milli Məclisin daxili nizamnaməsinə görə, deputatların müraciətləri əsasında Milli Məclisin növbədənkənar plenar iclasının keçirilməsi qərarlaşdırılıb. Sentyabrın 14-də baş tutacaq iclasda əsas müzakirə olunacaq məsələ Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi olacaq.

Sentyabrın 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardı Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Malena Mardınin diqqətinə çatdırıb ki, qəbul olunmuş qətnamə qərəzli xarakter daşıyır və Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur, münasibətlərin gələcək perspektivlərinə ciddi əngəl yaradır. Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirib.

YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamenti ədalətli qurum olsaydı, Ukraynada yaratdığı böhrana və tökülən qanlara görə ən azı fəaliyyətini dayandırmalı idi: “Avropa Parlamenti belə ədalətli və obyektiv qurumdursa, nədən bu gün bütün insanlığı sarsıdan Orta Şərqdəki zülmdən qacarkən Aralıq dənizinin sularında qərq olmuş yüzlərlə günahsız uşaqla bağlı qətnamə qəbul etmir? Artıq hər kəs bilir ki, Avropa Birliyi ancaq öz maraqlarına xidmət edən, islamafobiya və türkfobiya xəstəliyinə düçar olmuş ölü bir qurumdur. NATO-nun qurucusu və onəmli üzvü olan Türkiyəyə qarşı münasibətdə, həmçinin Azərbaycana olan münasibətdə bu, tam sübut olundu. Dövlət səviyyəsində terrorçuluq fəaliyyəti və işğalçılıqla məşğul olan Ermənistanla bağlı nədən qətnamə qəbul etmirlər? Azərbaycan iqtidarı və xalqı bu təzyiqlərə heç bir məhəl qoymayacaq. Azərbaycan prezidenti ancaq öz xalqının və dövlətinin milli maraqlarına xidmət edən siyasət yürüdür, onların sifarişini deyil. Avropa Parlamenti Avropa qaçqınları ilə bağlı yürütdüyü siyasətdən utanmalıdır”.

“Avropa Parlamentinin qətnaməsi bir daha sübut etdi ki, bir çox siyasi qurumların və dairələrin əlində siyasi oyuncağa çevrilib”. Bunu deputat Çingiz Qənizadə mediaya açıqlamasında bildirib. Deputatın fikrincə, bu qətnamə Avropadakı ermənipərəst, o cümlədən antitürk, antimüsəlman dairələrin Avropa Parlamentinin üzvlərinin bir hissəsinin “ələ almaları”nın nəticəsidir: “Ölkədə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti ölkə qanunvericiliyinin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə ölkə haqqında mənfi imic formalaşdırmaq niyyəti ilə etdiyi bu cəhdlər və qəbul etdiyi belə qətnamələrin bir adı var – riyakarlıq!”

“Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi ”qətnamə” qərəzdən başqa bir şey deyil”. Bunu deputat Fuad Muradov bildirib. O qeyd edib ki, qətnamədə yer alan fikirlərin heç biri konkret faktlara əsaslanmır. Bu, sadəcə olaraq, Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir. F. Muradov qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını “qınayan” Avropa Parlamentinə elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib.
YAP Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə bağlı bəyanat yayıb. YAP bəyan edir ki, Avropadakı anti-Azərbaycan dairələrin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcək.

Bu arada məlum olub ki, Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb. (apa) Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır. “Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”, – deyə açıqlamada vurğulanır.

Maraqlısı odur ki, bu arada Avropa İttifaqı Azərbaycana kənd həyatı səviyyəsinin inkişafı üçün 13,6 milyon avro maliyyə ayırıb. Bundan əvvəl Azərbaycan təhsilinin inkişafı layihəsi çərçivəsində də qurum 19 milyon avro vəsait ayırdığını bəyan etmişdi.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın