Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Qubad İbadoğlunun əhaliyə 250 manat paylanması təklifi birmənalı qarşılanmadı

Qubad İbadoğlunun əhaliyə 250 manat paylanması təklifi birmənalı qarşılanmadı

Tanınmış iqtisadçı-alim Qubad İbadoğlu karantin rejimindən əziyyət çəkən vətəndaşlara dövlət tərəfindən 250 manat verilməsini təklif edib. Bu təklif böyük maraqla qarşılansa da, tənqidi yanaşanlar da olub. Qeyd edək ki, Qubad İbadoğlu rəsmi facebook səhifəsində “Hər kəsə 250 manat neft pulu verilsin!” başlıqlı bir yazı paylaşıb və kampaniya elan edib. O, kampaniyaya qoşulanlardan petisiya imzalamalarını xahiş edib.

Q.İbadoğlu qeyd edib ki, 1 aprel 2020-ci il tarixinə Dövlət Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir və onun 3,5 faizi ilə hər kəsi 250 manatla təmin etmək mümkündür: “Onu adambaşına böləndə hər adama 7000 manat vəsait düşür. Hamısını əhaliyə paylamağa ehtiyac yoxdur. 10 faizini 7 milyard manatını 10 milyon əhaliyə böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər kəsə 350 manat vəsait çatar. Mən nə 10, nə də 5 faiz təklif etmirəm, təklifim budur ki, xalqın sərvəti hesabına formalaşan Neft Fonunun 3,575 faizini əhali arasında bərabər bölünsün və hər adama minimum əmək haqqı qədər – 250 manat ödənilsin. Hesab edirəm ki, bu sosial baxımdan da ədalətli təklifdir, bununla əhali gec də olsa neft və qaz adlı təbii sərvətlərə malik olduğunu həm hiss edər, həm də hazırkı çətin dövrdə ən zəruri ehtiyaclarını həmin vəsait hesabına qarşılayardı. Eyni zamanda bu məcmu tələbi artırar, alıcılıq qabiliyyətini artırar, büdcəyə dolayı vergilərdən daxil olmanı çoxaldar, bir sözlə iqtisadiyyatın böhrandan çıxmasında əhəmiyyətli rol oynayardı”.
İqtisadçı hesab edir ki, hakimiyyət bunu mümkün qədər tez etməlidir: “Onsuz da Fondun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyər itirir. İzləsək, 3 aydan sonra görəcəyik ki, neft fondunu itkiləri xalqa mənim paylamaq üçün təklif etdiyim hazırkı məbləğdən çox olacaq. Neft Fondu yaxın aylarda ən azı 5 milyard manat itirəcək, bunu itirməkdənsə xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma deyilmi?

Bu populizm deyil, əgər dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ, Kanada, neft ölkələrindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Liviya, qonşu kasıb Gürcüstan bunu edirsə, biz niyə etməyək? Siz necə fikirləşirsiniz?”.

Qeyd edək ki, Q.İbadoğlunun bu təklifi əhali tərəfindən müsbət qarşılanıb. Lakin iqtisadçılar arasında bu məsələyə yanaşma birmənalı olmayıb.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, hazırki şəraitdə valyuta ehtiyatlarını bu cür sürətlə xərcləmək olmaz: “Hazırki şəraitdə dünya ölkələrinin hamısı, o cümlədən aparıcı şirkətlərin aktivləri zərbə altındadır. O cümlədən Azərbaycan kimi ölkələrin də valyuta ehtiyatları, bu ölkələrdəki aparıcı şirkətlərin mövcud imkanları bütövlükdə məlum vəziyyətlə əlaqədar ciddi risk və zərbə altındadır. Belə bir vəziyyətdə Qubad müəllimin irəli sürdüyü təklifi başa düşmək çətindir. Ona görə mövcud pandemiya şəraitinin nə zaman aradan qalxacağı və postpandemiya dövrünün nə vaxt yetişəcəyi, o dövrün şərtlərinin nədən ibarət olacağını, bu gün proqnoz etmək mümkün deyil. Belə bir şəraitdə mövcud iqtisadi aktivlərin vətəndaşlar arasında pul şəklində paylanması məntiqi doğru deyil. Real şəraitinin özünün nə vaxta qədər davam edəcəyi də bəlli olmadığı üçün, biz anlamalıyıq ki, ən böyük risklər qarşıdadır. Bu gün hökumət vətəndaşların real şəraitdən daha az təsirə məruz qalması üçün və onların sosial müdafiəsi üçün məlum tədbirləri həyata keçirir”.

P. Heydərov vurğuladı ki, bunların ümumi məbləği hələ ki, 3,5 milyard manata yaxındır: “Amma biz bir məsələni nəzərə almalıyıq ki, neftin qiymətləri və ondan olan gəlirlər 3 dəfə aşağı düşüb. Qeyri-neft sektorundan həmin gəlirləri əvəzləyəcək bir məhsul əldə etmək imkanı da real şəraitdə yoxdur.

Buna rəğmən dövlət başçısı da bildirdi ki, sosial xərclərdə və ödəmələrdə heç bir ixtisar həyata keçirilməyəcək. Amma mövcud vəziyyətin, yəni Azərbaycanın neft gəlirlərinin 3 dəfə azalması şəraitinin ilin sonunadək davam edəcəyi təqdirdə, makroiqtisadi göstəricilər sarıdan bizi böyük problemlər gözləyir. Valyuta ehtiyatlarımıza onsuz da müraciət edəcəyik , hətta vəziyyət daha da pisləşsə xarici maliyyə institutlarına üz tutmağa məcbur ola bilərik. Bunlar ən pessimist proqnozlardır”.
Qeyd edək ki, rəyini öyrəndiyimiz bəzi iqtisadçılar vətəndaş kimi, əhalinin sosial rifahı baxımından Qubad İbadoğlunun təklifini dəstəklədiklərini, lakin bir iqtisadçı kimi bunu doğru qəbul etmədiklərini bildirdilər.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …