Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / Qızılın qiyməti bahalaşdı, bəs saxta qızılı orijinaldan necə ayırd edək?

Qızılın qiyməti bahalaşdı, bəs saxta qızılı orijinaldan necə ayırd edək?

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar artaraq 1 331,10 dollara, gümüşün qiyməti isə 0,07 dollar bahalaşaraq 17,02 dollara satılıb.
Qızılın qiymətinin bahalaşması Azərbaycanın qızıl bazarına da təsirsiz ötüşməyib. Qızılların qiyməti ilə daha yaxından tanış olmaq, bahalaşmanın alıcılara təsir edib etmədiyini öyrənmək üçün ən çox qızıl alış verişi aparılan “Laçın” ticarət mərkəzinə baş çəkdik. Qızıl alıcıları kifayət qədər bahalı qiymətlərdən narazı idilər. Satıcılar qızılın qiymətində müəyyən qədər artım olduğunu bildirdilər. Əsasən üç növ, İtaliya, Rusiya və Türkiyə qızılının yer aldığı vitrinlərində bahalığına görə birinci İtaliya qızılı dayanırdı. Satıcılar digərlərinə nisbətən ucuz satılan Türkiyə qızılının da son günlərdə qiymətinin artaraq qramının 58-60 manat arasında olduğunu dedilər. Hazırda Rusiya qızılının qramı 55-58 manat arası, İtaliya qızılının qramı isə 60 manata satılır. Satıcılar son vaxtlar çeşid bolluğuna görə alıcıların Türkiyə qızılına üstünlük verdiyini söylədilər.

Alıcılar arasında qızıl alanlarla yanaşı qızılını satanlar da vardı. Qızıl alanlar isə daha çox toy etməyə hazırlaşanlar idi. Alıcı Təranə Qəribova oğluna toy edəcəyini və gəlini üçün qızıl seçməyə gəldiklərini dedi: “Qiymətlər bir ara ucuz idi. İndi xeyli bahalaşıb. Amma məcburən almalıyıq”.

Satıcı Kənan İbrahimov isə deyir ki, alıcıları düşündükləri üçün müəyyən endirimlər edirlər: “Biz də istəyirik ki, kimin ürəyi necə istəyir o cür də qızıl ala bilsin. Ona görə də qiymətlərdə müəyyən endirim edirik. Amma hərdən elə adam olur ki, iki qramlıq bir üzük alır və buna endirim tələb edir. Biz də 5-10 manat endirim edəndə narazılıq edirlər. Tutaq ki, bir üzük 150 manatdır. Alıcı deyir həmin üzüyü 120 manata ver alım. Bu isə bizə sərf etmir. Biz maksimum 10 manat endirim edə bilərik. Amma 3-5 min manat arası komplekt alan olanda qiyməti 100 manata qədər düşürmək olar”.

Mağazalarda qızıllara göz gəzdirikdə əksəriyyətinin üzərində əyarının olmadığını və ya səliqəsiz vurulduğunun şahidi olduq. Hər kəsə məlumdur ki, ölkədə kifayət qədər təmiz olmayan, saxta qızıl satışı mövcuddur. Satıcılardan qızılın əyarının niyə olmadığını soruşduqda onlar qızılları topa şəklində gətirdiklərini və əyarın yalnız birinin üzərində olduğunu deyirdilər.

Qanuna əsasən isə bütün zərgərlik məmulatlarının üzərində onların əyarı əks olunmalıdır. Çünki əyar istifadə olunan qızılın keyfiyyətinin göstəricisidir. İstifadəçi aldığı qızılın hansı keyfiyyətdə olduğunu bilməlidir. Mütəxəssislər bildirir ki, alıcılar qızıl alarkən onun iç tərəfinə də fikir verməlidir. Əgər qızılın iç tərəfi də səliqəli işlənibsə, deməli, qızılın orijinal olma ehtimalı daha çoxdur. Qızılın saxta olub-olmadığını onun yerə düşərkən çıxardığı səslə də müəyyən etmək mümkündür. Ancaq bunu hər kəs yox, yalnız mütəxəssislər başa düşə bilər. Hesab olunur ki, orijinal qızıl yerə düşərkən büllurun taqqıltısı kimi cingiltili səs verir. Bundan başqa qızılın səthini cızmaqla da onun saxtalığını yoxlamaq olar. Qızıl saxta olduqda cızıldığı təqdirdə altından başqa metalın izi görünür. Bundan başqa qızılın saxtalığını kimyəvi üsullarla da müəyyən etmək mümkündür. Bunun üçün qızılın üzərinə yod damcılayın. Əgər yoddan qalan ləkə tünddürsə, qızıl təmizdir, yox, əgər süd rənginə çalırsa, saxtadır. Qızılın üstündəki ləkə isə parça ilə sildikdə asanlıqla keçir. Qızılı yoxlamaq üçün sirkə də əla vasitədir. Belə ki, sirkəyə salınmış zinət əşyası tündləşirsə, qızıl deyil.

Qızıl alarkən onun üzərindəki kağızda qiyməti, karatı və çəkisi olur. Siz karat yazılan rəqəmlə aldığınız malın neçə faizinin qızıl olduğunu bilə bilərsiniz. Belə ki, 24 karatın tərkibi 100 faiz qızıldan ibarətdir. 18 karat bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər matallardır. Tərkibində 75 faiz təmiz qızıl var. 14 karat bizim 583 prob qızıldır və tərkibində 58.3 faiz təmiz qızıl var. Bəzi ölkələrdə 585 prob kimi qəbul olunub. 12 karatın tərkibinin 50 faizi qızıl, qalanı isə digər dəyərli metallarla zəngindir. 10 karat isə bizim 417 prob qızıldır. Tərkibində 41.7 faiz təmiz qızıl var.

ABŞ-da qızılları bu sistemlə hesablayırlar. Amerikada hazırlanmış bəzək əşyaları adətən karatların sayı ilə fərqlənir (10 K, 14 K və s), italyan məmulatlarının isə “əyarları” olur, (məsələn 417, 583 əyarlı qızıl). Pərakəndə satışda olan qızılların əksəriyyəti 9-18 karat arasında olur. ABŞ-da satılan zərgərlik əşyaların üçün minimal karat ölçüsü 10-dur, Böyük Britaniyada isə satışda 9 karatlı qızıllara rast gəlmək mümkündür. Avropada isə yuxarıda sadalananlardan yalnız 18k, 14k və 10k qızıl istifadə olunur. Gündəlik isifadə üçün məsləhət görülən qızıl probu 750-dir(18k).

Satışda təmiz qızıldan (24k ) olan zinət əşyaları da tapmaq mümkündür. Lakin qızıl yumuşaq metal olduğundan, gündəlik istifadə üçün yaramır. Məhz, bu səbəbdən qızılın tərkibinə müxtəlif metallar qatırlar. Zərgərlar bu metalların köməyi ilə nəinki qızılın möhkəmliyini artırır, hətta onun rəngini də dəyişə bilir. Məsələn, ağ qızılı almaq üçün sarı qızılın tərkibinə nikel və ya palladi əlavə edirlər. Açıq cəhrayı qızıl almaq üçünsə sarı qızılın tərkibinə mis əlavə edirlər. Qızılla gümüşü qatışdırmaqla isə qızıla yaşıla çalan rəng verilir

Qeyd edək ki, keçmiş SSR-i ölkələrində o cümlədən Azərbaycanda 1000-lik prob sistemdən istifadə edirlər. Qərbdə isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasən təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir. (Musavat.com)

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …