Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Qiymətlər qalxacaq, yoxsulluq artacaq” – PROQNOZ

“Qiymətlər qalxacaq, yoxsulluq artacaq” – PROQNOZ

Dünyanın əksər ölkələrində olduğu kimi, son illər Azərbaycanda da qiymət artımı müşahidə olunur.
Ölkədə ərzaq və digər məhsullarının qiymətləri bahalaşmaqda davam edir. Bu artım özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir.
Bəs bahalaşmanı yaradan fundamental səbəblər hansılardır? Qiymət artımı 2023-cü ildə də davam edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a açıqlama verib.
O, mövcud inflyasiya təzyiqlərinin 2023-cü ilə ötürülməsi ehtimalının çox yüksək olduğunu vurğulayıb:
“2023-cü ildə də real inflyasiya səviyyəsinin təxminən 15-20 faiz ətrafında olacağı gözlənilir. Cari illə müqayisədə qismən də olsa, müəyyən temp zəifləməsi baş verəcək. Bu da bazar effekti nəzərə alınmaqla hesablamalar zamanı özünü göstərir”.

Ekspertin sözlərinə görə, əsas bahalaşma ənənəvi olaraq ərzaq və gündəlik təlabat məhsullarının qiymətində müşahidə ediləcək:

“İstehsal qiyməti indeksinə baxdıqda daha böyük artımların olduğunu görürük. Başqa sözlə desək, məhsulların istehsalının maya dəyəri daha çox artıb. Amma müvafiq xərc yükünün bazara ötürülməsində hələ ki ləngimələr baş verir. Buna səbəb alıcı gücü, bazarın strukturu, eyni zamanda qeyri-rəsmi yollarla verilən tövsiyələr kimi amillərdir. Bu uzun müddət davam edə bilməz. Müvafiq xərc yükünün son istehlak qiymətlərinə ötürülməsi baş verəcək”.

İqtisadçı 2023-cü ildə ciddi yoxsullaşma təzyiqi yaranacağını bildirib:

“Gələn ilin büdcəsi xaraktetik baxımdan inflyasiyanın yaratdığı təzyiqlərin əhaliyə ötürülməsi üzərində qurulub. Əmək haqqı, sosial müavinətlər, təqaüdlərin artırılması ilə bağlı hər hansı ciddi təşəbbüs yoxdur. Bu ciddi şəkildə yoxsullaşma təzyiqi yaradacaq. Hökumət məcburən bu siyasətinə korrektələr etməli olacaq. Xüsusilə, büdcənin ehtiyat fondlarından istifadə etməklə əlavə sosial paketlər açıqlana bilər. 700 milyondan artıq vəsaitdən söhbət gedir. Bu olsa, inflyasiya istiqamətində rəqəmləri yenidən artıma doğru revizə etmək olar. Amma bu baş verməsə, inflyasiya ilə bağlı gözləntilərimiz 15-20 faiz olaraq qalacaq”.

Rusiya-Ukrayna müharibəsini inflyasiyanın əsas faktorlarından biri hesab edən R.Həsənov gələn il enerji qiymətlərinin də yüksək olacağını qeyd edib:

“Rusiya-Ukrayna müharibəsinin hansı istiqamətdə irəliləməsindən asılı olaraq, bu göstəricilər aşağı və ya yuxarıya doğru dəyişir. Enerji qiymətlərində hələ ki tam şəkildə proqnozlaşdırma aparmaq çətinlik yaradır. Xüsusilə Avropa bazarlarında 2023-cü ildə enerji qiymətləri yüksək olaraq qalacaq. Bu da Avropadan istehsal olunan məhsulların maye dəyəri və onun çatdırılması xərclərinin daha baha olmasını şərtləndirir”.
O, Azərbaycanda quru sərhədlərin qapalı qalmasını da daxili bazara təsir göstərən əsas amil kimi qiymətləndirib. Ekspert, bu istiqamətdə müsbət meyillərin olmadığını bildirib:
“Ötən gün açıqlanan qərardan görünür ki, hələ mart ayına kimi quru sərhədlər açılmayacaq. Bu da ölkənin təklif bazarında iştirakçı sayını azaldır. Sərhədyanı bölgələrdə əhalinin əhəmiyyətli hissəsi xırda, sərhəd ticarəti ilə bazara məhsul təklif edirdi. Ən azından öz ehtiyatlarını alternativlər hesabına ödəyirdilər. Bu məsələ də 2023-cü ildə inflyasiya təzyiqlərini artıran amil kimi nəzərdən keçirilməlidir. 2022-2026-cı illərin strategiyasına baxdıqda da görürük ki, fundamental dəyişikliklər və ya islahatlardan söhbət getmir”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …