Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Qiymətlər günbəgün artır – qabaqlayıcı tədbirlər niyə effektsizdir?

Qiymətlər günbəgün artır – qabaqlayıcı tədbirlər niyə effektsizdir?

Azərbaycanda 9 aylıq inflyasiya 13,2%-dən 13,4%-ə, 12 aylıq inflyasiya 14,2%-dən 15,6%-ə, ərzaq inflyasiyası isə 20,8%-dən 21,8%-ə qalxıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. 2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 21,8 faiz artıb. Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsindən o da bildirilir ki, 2022-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 10,5 faiz artıb. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, divar kağızlarının, mebellərin, məişət cihazlarının, xalçaların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd etmək yerinə düşər ki, son dövrlər əhali ərzaq məhsullarının bahalaşmasından narazılıq edir. Hətta satıcılar belə deyirlər ki, mağazalarda bu günə olan qiymətləri sabaha dəyişməli olurlar. Halbuki ilin əvvəlində Rusiya-Ukrayna müharibəsi başlayanda hökumət gözlənilən qiymət artımı ilə bağlı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirmişdi. Amma görünən odur ki, artıq neçə aylardır inflyasiya davam edir, hər hansı bir dəyişiklik gözə görünmür. Hökumətin qabaqlayıcı tədbirləri niyə effekt vermir? Bundan sonra qiymət artımı hansı səviyyədə olacaq?

Azərbaycanda dollar alışı artıb - DEVALVASİYA GÖZLƏNİLİR?

 Eldəniz Əmirov 

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycanda hökumətin antiinflyasiya tədbirləri ötən ilin sonlarına doğru genişlənməyə başladı. Bu gün inflyasiyanın artması davam edirsə, bu o demək deyil ki, bu tədbirlər aparılmayıb. Sadəcə olaraq, o tədbirlərin nə dərəcədə effekt verməsi var. Müxtəlif güzəştli kreditlər, subsidiyalar, müəyyən rüsumların ləğv olunması, dəstək mexanizmləri, ixraca nəzarətin həyata keçirilməsi, idxalın stimullaşdırılması və sair kimi addımlar atıldı. Amma razıyam ki, bütün bu tədbirlərə rəğmən inflyasiya yenə artmaqdadır, səngimək bilmir. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) açıqlamasında da bildirilir ki, beynəlxalq ərzaq indeksi artıq aşağıya doğru enir. Altıncı aydır ki, ümumi indeksdə enişlər var, ayrı-ayrı ərzaq məhsulları üzrə artım və ya eniş var. Amma ümumi konteksdə enişlər var. Azərbaycanda isə artımın olması tədbirlərin görülməməsi demək deyil. Ölkəmizdə hələ də inflyasiyanın artmasının səbəbini biz belə ifadə edə bilərik. Tədbirlərin görülməsinə rəğmən idxaldan son dərəcə asılılıq və daxili bazarlarda qiymət diktə etmək qabiliyyətinə malik olan təsərrüfat subyektlərinin hegemonluğu istər idxalda, istərsə yerli istehsalda qiymətləri lazımi qaydada cilovlamağa imkan vermir”.

Ekspert əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi daha çox inzibati metodlarla istifadə olunduğundan beynəlxalq aləmdə bazar konyunkturasında baş verənlər ölkə iqtisadiyyatına dərhal təsir etmir: “Martın əvvəlində Azərbaycanda buğdanın qiyməti maksimuma çatdı. Amma ölkəmizdə çörəyin qiyməti cəmi bir neçə ay bundan əvvəl qaldırıldı. 2021-ci ildə buğdanın qiyməti kifayət qədər yuxarı qalxdı, çörəyin qiyməti yanvarda qaldırıldı. Dünyada taxılın maksimal qiyməti mart ayının birinci yarısında maksimuma çatdı. Bizdə bir neçə ay öncə çörəyin qiyməti qaldırıldı. Yəni  dövlət bir müddət sonra həm qalxmalar, həm də enmələrlə bağlı reaksiya verdi. Azərbaycanda da beynəlxalq qlobal ərzaq indeksində enişlər baş verirsə, bu bizim ölkəmizə beş-altı ay sonra təsir edəcək. Əgər beynəlxalq konyunkturada bu enişlər davam edərsə. O ki qaldı dünyada ümumi inflyasiyanın meylinə, düşünürəm ki, bu, Rusiya-Ukrayna müharibəsindən asılıdır. Baxın, beynəlxalq maliyyə qurumları, təşkilatları Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu öz proqnozlarını vaxtaşırı dəyişirlər. Bu və ya müxtəlif faiz bəndində aşağı salırlar, yaxud da qaldırırlar. Səbəb bilavasitə Rusiya-Ukrayna müharibəsi, bu müharibənin gedişatıdır. Hər şey  bu müharibənin gedişatından asılı olacaq. İnflyasiya uzun müddətli də ola bilər, qısa müddətli də. İnflyasiyanı cilovlamaq hələ uzun illər mümkün olmaya da bilər. Amma daha tez səngiyərsə, daha adekvat tədbirlərlə növbəti ilin ortalarına qədər cilovlamaq olar”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …