Bazar ertəsi , May 23 2022
Ana səhifə / İqtisadiyyat / Qiymət artımının qarşısını almaq üçün hökumətin əlində xeyli alətlər var – Eksper

Qiymət artımının qarşısını almaq üçün hökumətin əlində xeyli alətlər var – Eksper

“Azərbaycan bazarında qiymət artımları isiqamətində təzyiqləri formalaşdıran kifayət qədər fərqli detonatorlar var. Hansı ki, bunlardan birincisi bazarın tam olaraq liberallaşdırılmamasıdır. Yəni, bazarın liberallaşdırılması prosesi başa çatmayıb və bu istiqamətdə təşəbbüslər çox zəifdir. İnhisarçı şirkətlər var. Hətta bir sıra sahələrdə şirkətlər sövdələşmələrə gedərək, məsələn taxılın, unun idxalı məsələsi istiqamətlərində bazarda qiymət artımlarını həyata keçirə bilirlər. Burada əsas məsələ bazarın liberallaşdırılması istiqamətində olmalıdır ki, bazarda rəqabət dərinləşsin, eyni zamanda qiymətlərin optimallaşması üçün bir əsas fomalaşsın”.

Bunu Bakupost.az -a iqtisadçı-ekspert Rəşad Həsənov dünyada taxılın və bir çox ərzaq məhsullarının bahalaşmasının ölkəmizə təsirlərindən danışarkən deyib.
İqtisadçı-ekspert vurğulayıb ki, hökumət əlində olan alətlərdən istifadə etməlidir:
“Xüsusilə də rüsum və vergi alətlərindən. Bir çox məhsullar var ki, bizim daxili bazarda əsas kateqoriyaya daxildir və gündəlik tələbat məhsullarına aiddir. Bu məhsullar yerli bazarlarda ya istehsal olunmur, ya yerli istehsalın keyfiyyəti aşağıdır, yaxud da daxili tələbi ödəmir. Buna baxmayaraq, həmin məhsulların idxalı prosesi ilə rüsumların tətbiqi və daxili bazarlarda həmin məhsulların tədarükü zəncirində güzəştlər edilmir. Dünya bazarlarında qiymətlər qalxır, bu təbiidir və qəbul olunandır, bu qiymət artımlarını isə biz Azərbaycana idxal edirik. Təsəvvür edin ki, həmin qiymət artımının özünün üzərinə də DGK-də təxminən 15%-dən 36%-ə qədər rüsum almış olursuz. Yəni, 100 dollarlıq məhsulu siz xarici bazarda 150 dollara almısınızsa, onun daxili bazara gəlib çatması artan 50 dolların üzərinə də 36% gəlməklə mümkün olur. Bununla da dünya bazarında hansısa məhsulun qiyməti 50 dollar artacaqsa bizdə həmin məhsulun qiyməti təxminən 70 dollar artacaq. Bu kimi məqamlar xüsusilə diqqətə alınmalıdır. Dərman məhsullarının idxalı prosesində bu alətlərdən geniş istifadə olunmalıdır”.
İqtisadçı-ekspert əlavə edib ki, yerli istehsalın özünün təşkilində nöqsanlar var:
“Təbii ki, müəyyən mənada sənaye istehsalı artıb. Amma təəssüf ki, sənayenin əhəmiyyətli hissəsində, əksər sahələrində xammal baxımından idxaldan asılılıq var. Bu asılılıq eyni zamanda idxal etdiyimiz xammalı artırır. Yəni, bu istehsal olunan məhsulun maya dəyərinin xarici dözümlülüyünü zəiflədir. Sənayedə klasterləşmənin formalaşması istiqamətində təşəbbüslər hələ də özünü doğrultmayıb. Bu məqamlar da hökumətin diqqətdə saxlamalı olduğu əsas məsələlərdir. Həmçinin Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətinin də təkmilləşdirilməsi, çevikliyinin artırılması, subyektiv yanaşmaların aradan qaldırılması istiqamətində bir təşəbbüs göstərilməlidir. Üstəgəl rəqabət məcəlləsinin qəbul edilməsi məsələsi sürətlənməlidir”.

Həmçinin oxuyun

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı 23 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, …