Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Qeyri-neft ixracımızın şəriksiz lideri – POMİDOR

Qeyri-neft ixracımızın şəriksiz lideri – POMİDOR

Azərbaycanda qeyri-neft məhsullarının ixracı ləng də olsa artım dinamikası nümayiş etdirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 206 milyon dollar və ya 17 faiz artım deməkdir.

Bu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft ixracımızda ən böyük paya Rusiya malik olub –  465,6 milyon dollar. İkinci yerdə 304 milyon dollarla Türkiyə, üçüncü yerdə 125,4 milyon dolarla İsveçrə, dördüncü yerdə 123,2 milyon dollarla Gürcüstan, beşinci yerdə isı 34,4 milyon dollarla İtaliya gəlir.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz,  İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, pomidor son illərdə qeyri-neft ixracatımızda şəriksiz liderə çevrilib. Belə ki, 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci yeri tutub -151,6 milyon dollar. Bu siyahıda ikinci yerdə qızıl (125,4 milyon dollar), üçüncü yerdə isə qabığı təmizlənmiş meşə fındığı (114,5 milyon dollar) gəlir. 2018-ci ildə də pomidor ixracı 177,4 milyon dollarla birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci, xurma isə (114,5 milyon ABŞ dollar) üçüncü olmuşdu.

Maraqlıdır ki, bu ilin 9 ayındakı pomidor ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən ilin yanvar-sentyabrında pomidor ixracı 145 milyon dollar, bu ilin eyni dövründə isə 142,3 milyon dollar təşkil edib.

Maraqlıdır ki, qeyri-neft ixracatımızda öndə olan pomidor və meşə fındığının əsas satış bazarı Rusiyadır. Xüsusilə xaricə satılan pomidorun 95 faizə qədəri Şimal qonşumuza aparılır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqustunda  ixrac edilən 133 min 242,02 ton pomidorun 131 min 707,05 tonu Rusiya bazarında satılıb.

Səkkiz ayda xaricə çıxarılan 13 min 797,82 ton qabıqsız meşə fındığının 6 min 452,3 tonu Rusiyaya, 4 min 310 tonu İtaliyaya, 1734 tonu Almaniyaya satılıb. Ötən ilin payızınadək meşə fındığının əsas ixrac bazarı Avropa ölkələri olsa da, Avropa Birliyinin bu məhsula qarşı tələbləri sərtləşdirməsi üzündən onun da ixracında Rusiyanın payı sürətlə artmaqdadır.

Onu da qeyd edək ki, Azərbaycan pomidor və meşə fındğı istehsalını son illərdə sürətlə çoxaldır. Belə ki, ölkənin ərzaq balansından aydın olur ki, 2016-cı ildə 502,7 min ton olan pomidor istehsalı 2018-ci ildə 609,1 min tona yüksəlib. Bu məhsulun ixracı isə qeyd olunan dövrdə 101,3 min tondan 172,5 min tona çatıb. Emal sənayesində pomidordan istifadə həcmlərində də az da olsa artım nəzərə çarpır. Belə ki, 2016-cı ildə 16,8 min ton pomidor ərzaq məhsullarının istehsalında istifadə olunubsa, 2018-ci ildə bu həcm 18,6 min tona yüksəlib. Lakin bu artım əsas ixrac bazarımız olan Rusiyada gedən proseslər baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, Rusiya 2016-cı ildən etibarən daxildə pomidor istehsalını sürətlə artırmağa başlayıb. Digər tərəfdən, 2015-ci il Rusiya-Türkiyə böhranı zamanı baş verənlər göstərdi ki, şimal qonşumuz heç də etibarlı tərəfdaş deyil və istənilən an məhsullarımızın öz ərazisinə ixracını dayandıra bilər.

Firdovsi Fikrətzadə ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin baş direktoru Firdovsi Fikrətzadənin musavat.com-a verdiyi məlumata görə, 2018-ci ildə Azərbaycanda açıq sahədə pomidor istehsalı 328 min ton, istixanada istehsal isə 281 min ton təşkil edib: “Ötən il ərzində 171 min ton pomidor ixrac etmişik – təxminən 177 milyon dollar. Yəni ixracımız demək olar ki, bütünlüklə istixana məhsulu olub. 2018-ci ildə Rusiya bazarlarına ən çox pomidor ixracını Azərbaycan həyata keçirib. Ümumiyyətlə, Rusiyanın pomidorla özünütəminat səviyyəsi 45 faizə qədər artıb. Ötən il bu ölkədə daxili istehsal 20 faizə qədər artaraq 400 min tona çatıb. Lakin bu artıma baxmayaraq, yaxın illərdə Rusiyanın özünü pomidorla tam təmin edəcəyi gözlənilən deyil. Bu baxımdan, Azərbaycan məhsuluna orada bazar var. Baxmayaraq ki, Rusiya bazarında Mərakeş, Özbəkistan, Türkiyə, Belarus, Çin kimi ölkələrin məhsulları ilə rəqabət var, Azərbaycan pomidorunun mövqeyi kifayət qədər dayanıqlıdır. 2018-ci ildə Rusiyanın pomidor idxalında birinci yeri Azərbaycan, ikinci yerdə Mərakeş, üçüncü yerdə Çin, dördüncü yerdə Belarus gəlir. Bizim ixrac dinamikamız daim artır. Amma məsələn, ötən il Mərakeşin ixracı 107 min tondan düşüb 91 min tona. Digər ölkələrdə də azalma var. Bir təhlükə yaradan amil Özbəkistanın ixracı artırmasıdır. Lakin bu da hələlik 25 min ton civarındadır. Rusiyanın 507 min ton təşkil edən ümumi idxalında bu, kiçik bir həcm deməkdir”.

Bütün bunlara baxmayaraq, Mərkəz rəhbəri bildirir ki, bundan sonar Azərbaycanda kənd təsərrüfatı məhsullarının daha çox emaldan keçmiş formada ixracı stimullaşdırılacaq: “Bundan sonra məsələn, pomidorun istehsalının deyil, emalının genişləndirilməsi daha məqsədəuyğun hesab olunur. Bizim tomat şirəsinin Körfəz ölkələrinə ixracımız üçün böyük potensial imkanlar mövcuddur. Ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsulları üzrə emal məhsullarının ixracına istiqamətlənməyi hədəfləyirik. Bu, bizə ixrac bazarlarını diversifikasiya etmək baxımından da çox vacibdir”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …