Ana səhifə / İqtisadiyyat / Qazaxıstan nefti Azərbaycan vasitəsilə nəql ediləcək? – ŞƏRH

Qazaxıstan nefti Azərbaycan vasitəsilə nəql ediləcək? – ŞƏRH

“Qazaxıstanın Azərbaycan üzərindən dünya bazarına neft çıxarmaq ideyası çoxdan var. Bakı-Tbilis-Ceyhan kəməri vasitəsilə ötürülən ilk neft nəqli məhz Qazaxıstana aid olub. Bu da təxminən 2008-ci ilin sonlarına təsadüf edirdi və proses 2009-cu ilin 6-cı ayına qədər davam edib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib.

O, qeyd edib ki, ancaq qiymətlər aşağı düşəndən sonra nəql dayandırıldı: 

“Bundan sonra Qazaxıstan ara-sıra ölkəmiz üzərindən neft daşınmalarını davam etdirib və neftini tankerlər vasitəsilə Bakıya göndərib. Nəql burdan da Gürcüstanın Batumi şəhərinə, ordan isə Avropaya dəmiryolu vasitəsilə Qara dəniz sahillərindəki terminallara həyata keçirilirdi. Nəql olunan nefti həcmləri də 2 milyon tona qədər çatırdı. 

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin fəsadları ilə bağlı Kreml Tengiz-Novorossiyski kəmərindən Qazax hökumətinə qarşı qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu üçün rəsmi Astana yeni addımlar barədə düşünməyə başladı”. 

Onun sözlərinə görə, son iki il ərzində bu kəmərlər 3-4 dəfə bir neçə günlük də olsa, bağlanıb:

“Buna görə də prezident Q.J.Tokayev hökumətə alternativ marşrutların tapılması ilə bağlı tapşırıqlar verməli oldu. Bunlardan biri də Azərbaycan üzərindən həyata keçiriləcək daşınmalarla bağlıdır. 2023-cü ilin mart ayında Bakı-Tbilisi-Ceyhan vasitəsilə 9.5 min ton həcmində ilk neft daşınması həyata keçirildi. 

Aprel ayından isə bu həcm aylıq təxminən 115-120 min tona çatdırıldı. 

Cari ildən artıq bunun aylıq 180 min tona qədər artırılması ilə bağlı bu yaxınlarda Qazaxıstan və Azərbaycan arasında yeni müqavilə imzalandı. Bu da illik 2.2 milyon ton edir. BTC-yə isə qazax nefti maksimum 3 milyon tona qədər vurula bilər.

Əks təqdirdə, Azərbaycan neftinin dəyəri dünya bazarına çıxarılan həcmi aşağı düşə bilər. Qazaxlar həm də buna  paralel olaraq Bakı-Supsa neft kəmərindən istifadə etmək, hətta uzun müddətli istifadəsi ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır. Cari ilin mart ayının əvvəllərində Bakı şəhərində baş tutan ikitərəfli danışıqlar zamanı bildirildi ki, bir il ərzində, yəni aprelin ortalarına qədər SOCAR Bakı-Supsa ilə bağlı təkliflərini rəsmi Astanaya təqdim etməlidir”. 

Qazaxıstanın 2023-cü ildə 90 milyon ton neft hasil etdiyini diqqətə çatdıran müsahibimizin bildirdiyinə görə, bu həcmin 16-17 milyon tonu emala gedib: 

“Yerdə qalan hissəsi isə ixracata yönəlib. Qazaxlar 2030-cu ilə qədər neft hasilatını 115-120 milyon tona qədər çatdırmaq niyyətindədirlər. Ölkəmiz üzərindən ən yaxşı halda 5-7 milyon neft daşıya bilər. Qazaxıstan dünya bazarından və dünya okeanlarından çox uzaqda yerləşir. Aramızda isə Xəzər dənizi olduğu üçün birbaşa daşınmalar mümkün deyil”. 

Ekspert vurğuladı ki, hazırda qazax neftinin 87 faizə qədəri Rusiya üzərindən dünya bazarına nəql edilir:

“Bundan başqa, Çinə gedən və daşıma gücü 10 milyon tona qədər olan kəmərə paralel olan yeni xətt tikməyi və gücünü daha da artırmağı düşünürlər. Bununla da ixrac potensialını şaxələndirmək niyyətindədirlər. Çünki müəyyən fors-major hallarda quyulardan istifadə edə bilsinlər. Bir sözlə, özlərinin enerji təminatı təhlükəsizliyi, gəlirlərin daimi olması və ölkənin asılılığını aradan qaldırmaq üçün belə addımlar atırlar. Azərbaycan da öz infrastrukturu buna öz töhfəsini verir”. 

Qeyd edək ki, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, ötən həftə ölkəsinin parlamentinin plenar iclasında, ölkəsinin Rusiyadan yan keçərək Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı hədəflədiyini bildirdi.  
Rəhbərlik etdiyi qurumun ixrac edilən neft marşrutlarının şaxələndirilməsi üçün müxtəlif alternativləri nəzərdən keçirdiyi söyləyən Satkaliyev qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, o cümlədən azərbaycanlı tərəfdaşlarla müqavilələr əsasında Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə çıxışın təşkili istiqamətində iş aparılır.


 

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …