Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / “Qaz limitinin böyük faydası var, onu ləğv etmək real deyil”

“Qaz limitinin böyük faydası var, onu ləğv etmək real deyil”

“Qaz limitinin ləğv olunması məsələsi real deyil. Çünki biz özümüzdən bu addımı atanda fərqli nəsə fikirləşməmişik. Biz dünyada normal ölkələrin istehlak bazarında keçdiyi yoldakı təcrübə əsasında bu qərara gəlmişik. Bizdə limit sistemi elektrik enerjisində də tətbiq olunub. Məqsəd isə ondan ibarətdir ki, istehlakçılar enerji resurslarından daha səmərəli istifadə etsinlər. Bu da reallıqda öz bəhrəsini verir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Təbii qazın limitinin ləğv olunmasıyla bağlı cəmiyyətdə səslənən çağırışlara münasibət bildirən mütəxəssis hesab edir ki, limitin olmasının faydası var.

“Digər bir yandan mən heç kəsin bu sahədə diqqət etməyi bir məsələyə diqqəti çəkmək istəyirəm. Baxmayaraq ki, cənub ölkəsiyik, ancaq ölkəmizin bir çox dağlıq bölgələrində 9 ay istilik enerjisindən istifadə edirlər. Mən avqustda Qusarda olanda şahidi oldum ki, gecə soba yandırırlar, çünki havanın temperaturu birdən-birə düşür. Yaxud mayın sonuna qədər Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı – burada yaya qədər hava soyuq keçir. Hətta Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy və bu kimi dağlıq yerlərdə yaşayan insanlar faktiki olaraq, 9 ay qızınmaq üçün hansısa enerjidən istifadə edirlər. Bu enerjilər elektrik, odun və təbii qazdır”.

İ. Şabana görə, bizdə təbii qaz əvvəlki kimi uzun bir enerji vasitəsi deyil:

“Çünki vaxtilə qazın qiyməti sovetin dövründə 2 qəpik idi. Sonra 4 qəpik oldu. Ondan sonra isə 10 qəpik və yekunda limitsiz şəkildə 12 qəpik civarında qərarlaşdı. İnsanlarda məlumatsızlıq var və bu məlumatsızlığın bir ucu hökumətə gedir. 

Dövlət mütəmadi olaraq demir ki, çıxarılan qaz ölkə daxilindəki istehlak olunan bazara hansı mənbələrdən alınır? Hökumətin ən böyük günahı odur ki, bunu açıqlamır. SOCAR-ın özünün istehsal etdiyi qaz 6 milyard m3-dən azdır. Ancaq ölkə daxilində 13 milyard m3 qaz hasil edilir. Onun bir hissəsi bizə mənfəət şəklində çatan qazdır. 

Yəni “Şahdəniz”, “Ümid” və bu kimi yataqlardan bizə mənfəət şəklində çatır. Lakin biz 7 milyard m3-ə yaxın qazı ölkəmizin daxilindəki xarici şirkətlərdən alırıq. Hansı ki, onlar o qazı aparıb xaricdə satmalıdırlar, amma biz onu alırıq. Özü də onun qiymətini çətinliklə endirməyə çalışsaq da, bir hissəsini regional qiymətə ala bilirik. SOCAR-ın açıqlamalarından da bəlli olur ki, qazın 1 kub m3-nin qiyməti 16 qəpik civarında ona başa gəlir. Lakin onlar bunu limitsiz 12 qəpiyə satır. 1200 m3-i keçəndən sonra olur 20 qəpik, 2500 m3-dən sonra isə olur 25 qəpik. Bu da kommersiyaya və onun rentabelliyinə bağlıdır”.

Enerji üzrə ekspert hesab edir ki, heç zaman belə düşünmək lazım deyil ki, burada hər şey havayıdır:

“Camaatı da qınamaq olmur, çünki Dövlət Statistika Komitəsinin məlumatına baxırsan, orada deyilir ki, biz ildə 45 milyard m3 qaz hasil etmişik. Ancaq 99% adam bilmir ki, reallıqda əmtəəlik qaz bundan 11 milyard m3 azdır. Çünki yerdə qalanını neft quyularına vurub onu hasil etməlisən”.

Müshaibimiz zənn edir ki, qaza tətbiq olunan limit qalmalıdır və əvəzində xarici bazarda satılan qazın proqnoz edilən qiymətindən gələn əlavə gəlir hökumət tərəfindən həmin dağlıq ərazilərdəki enerji qənaətçiliyi texnologiyalarına sərf olunmalıdır:

“İkincisi də, sadaladığım rayonlar üçün həmin limitin həcmini 2 dəfə artırmaq olar. Çünki bu insanlar da hiss etməlidir ki, mənim ölkəmdə mənə gələn töhfə budur. Biz qazı onlara bu qiymətlərlə versək, bunun ekoloji fəsadlarını, meşələrin dağıdılmasını, odunların qırılmasını və bu kimi bəzi şeyləri aradan qaldıra bilərik. Bununla da insanlarımızın sosial vəziyyəti də yaxşılaşmış olar. Bir az bu məsələyə daha geniş aspektdə baxmaq lazımdır ki, rayonlarda yaşayan insanlar stimul alsınlar”.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …