Bazar , Noyabr 28 2021
Ana səhifə / İqtisadiyyat / Qarabağda iş imkanları: əmək haqları niyə azdır? – ŞƏRH

Qarabağda iş imkanları: əmək haqları niyə azdır? – ŞƏRH

İşğaldan azad olunan ərazilərimiz üzrə iş vakansiyaları elan olunub. Hazırda Şuşa, Laçın, Zəngilan, Cəbrayıl əraziləri üzrə aktiv vakansiya və iş imkanlarının olduğu bildirilir. Amma iş yerləri elanında maaşın az olması məsələsi müzakirələrə səbəb olub.Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova deyib ki, istər xidmət, istərsə də istehsal sahəsi üzrə vakant yerlər var və sayı kifayət qədərdir: “Yüksək maaşlı vakant yerlər ixtisaslı kadrlar üçün nəzərdə tutulub. Bu vakant yerlərə kifayət qədər iş təcrübəsi olan şəxslər tələb olunur. Göndərişlərin həyata keçirilməsini təşkil edirik. Artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş ərazilərimizdə işlə təmin olunub. Vakant yerlər üzrə minimum əmək haqqı 250 manat, maksimum əmək haqqı isə 1700 manatdır”.
Qeyd edək ki, Cəbrayıl rayonunda poçtalyon işi üçün 250 manat, poçt üzrə əməliyyatçı üçün 255 manat, kargüzar üçün 260 manat, dərzi və dizayner üçün 500 manat, Laçın rayonunda yük avtomobili sürücüsü üçün 350 manat, ekskovator operatoru üçün 650 manat, Şuşada fəhlə üçün 350, usta işi üçün 300 manat, Zəngilanda topoqraf köməkçisi üçün 350 manat, anbardar və gözətçi-mühafizə işi üçün 420 manat, anbardar-təchizatçı üçün 450 manat, baş gözətçi-mühafizəçi üçün 500 manat, elektrik mühəndisi üçün 650 manat, sahə rəisi üçün 1700 manat əmək haqqı nəzərdə tutulub. İnternetə çıxışı olmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.
Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Azər Badamov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət investisiya layihələri ilə yanaşı özəl investisiyalar da yatırılır:

“İcra olunan layihələrin miqyası və həcmi kifayət qədər böyük olduğundan yeni iş yerləri yaranır və məşğulluq mərkəzlərində vakant yerləri haqqında məlumatlar yerləşdirirlir. Özəl şirkətlər tərəfindən açıqlanan iş yerləri daha aşağı əmək haqqı ilə təklif olunması ilə bağlı fərqli fikirlər səsləndirilir.
İlk olaraq onu qeyd edim ki, özəl şirkətlər özlərinin maliyyə vəziyyətlərinə uyğun görülən işlərə vəsaitlər ayırır və əmək haqları ilə işlər təklif edilir. Yəni, belə başa düşmək olar ki, özəl şirkətin nəyə maliyyə imkanı çatırsa, onu da təklif edir. Burda heç bir məcburiyyət yoxdur. Kimlər təqdim olunan əmək haqları qane edirsə, onlar gedib işləyə bilərlər. Kimsə təqdim olunan əmək haqlarını az görürsə ayrı yerlərdə özünə iş axtara bilərlər. Burda narazılıq doğuracaq bir məqamı görmürəm”.
İqtisadçı-ekspert Elşad Məmmədov isə bildirib ki, bu gün verilən elanlar daha çox bazarın öyrənilməsi məqsədini daşıya bilər:

“Çünki hələ orada müvafiq infrastruktur, əmək resursları yoxdur ki, kimsə Bakıdakı iş yerlərini qoyub getsin. Etiraf etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində bütün işçilərin maaşı dövlət tərəfindən verilə bilməz. Orada iqtisadi fəaliyyət olmalıdır ki, insanlar bazar iqtisadiyyatının şərtlərinə uyğun vəsait qazansınlar. Yəni, sahibkarlar pul qazansınlar ki, işçilərə də uyğun şəkildə əməkhaqqı verilsin.
Bu gün orada əmək bazarı hansı vəziyyətdə olacaq, hələ bunu demək çox tezdir. Bu istiqamətdə elmi-tədqiqat işləri aparılmalıdır. Həmin ərazilərdə yarana biləcək əmək bazarı ilə bağlı vəziyyəti indidən proqnozlaşdırmalıyıq.

Mən bilmirəm orada olan elanlar nəyə əsasən verilib, amma ilk növbədə iqtisadi siyasət strateji planlaşdırma əsasında qurulmalıdır. Öyrənmək lazımdır ki, həmin bölgələrdə hansı əmək qüvvəsinə tələb yaranacaq, hansı formada orada əmək resursları yerləşdiriləcək?
Onun görə də bilməliyik ki, iqtisadiyyatın mahiyyətdə strukturu nədən ibarət olacaq. Hesab edirəm ki, orada sənayeləşmə getməlidir və bunlar yeni iş yerləri olacaq. Bu proses gedəndən sonra bazarda yaranan tələb özü o əmək haqqlarının artımına şərait yaradacaq”.

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …