Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / İqtisadiyyat / Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyata nə qazandıracaq?

Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyata nə qazandıracaq?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycan iqtisadiyyatının sürətli inkişafında mühüm rol oynaya bilər.

Ötən il Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 261 milyon 712 min manat həcmində sənaye məhsulu istehsal olunub. Dövlət Statistika Komitəsi bildirib ki, bu göstəricinin 242 milyon 860 min manatı Qarabağ iqtisadi rayonunun payına düşüb.

Dövlət qurumunun məlumatına görə, il ərzində sənaye sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi Ağcabədi rayonunda 76 milyon 70 min manat, Bərdə rayonunda 72 milyon 967 min manat, Ağdam rayonunda 30 milyon 728 min manat, Tərtər rayonunda 28 milyon 680 min manat, Füzuli rayonunda 26 milyon 772 min manat, Şuşa rayonunda 6 milyon 496 min manat, Xocavənd rayonunda 1 milyon 19 min manat, Xocalı rayonunda 124 min manat təşkil edib. Şərqi Zəngəzur iqtisadi rayonunda isə 18 milyon 852 min manat həcmində sənaye məhsulu istehsal edilib.

Bu iqtisadi rayonda ən çox sənaye istehsalı Laçının payına düşür. Bu rayonda il ərzində 11 milyon 189 min manat həcmdə sənaye məhsulu olub. İqtisadi rayonun digər əraziləri – Cəbrayılda 3 milyon 344 min manat, Kəlbəcərdə 2 milyon 7 min manat, Qubadlıda 1 milyon 187 min manat və Zəngilanda 1 milyon 124 min manat həcmində sənaye məhsulu istehsal olunub. 

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı sənaye zonalarının qurulması Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun üstünlüyünü təmin etməklə yanaşı, orada məskunlaşacaq əhalinin sosial-iqtisadi rifahının təminatı üçün çox zəruridir. 

Maraqlıdır, bu iki iqtisadi rayonda daha çox hansı sahələr üzrə sənaye zonalarına ehtiyac var? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyyət”-ə açıqlamasında qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları xüsusi iqtisadi əhəmiyyətə malikdir:

“Qiymətləndirmələr onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, turizm, mədən sənayesi və yüngül sənaye sektoru əsas iqtisadi amillər hesab olunur. İki iqtisadi rayonda qeyri-neft sektorunun şaxələnməsinə gəlincə, bu, həmin bölgələrin iqtisadi şəraitindən asılı olacaq. Hökumətin bu istiqamətdə siyasətindən asılı olmayaraq, işğaldan azad olunan rayonlarda yeni istehsal sahələrinin inkişafı üçün kifayət qədər münasib imkanlar var.

Bu dövrdə mövcud resurslar əsasında yürüdülən yanaşma ilə həm Qarabağ, həm də Şərqi Zəngəzurda müvafiq istehsal sahələrini inkişaf etdirmək mümkündür. Yəni həmin iqtisadi rayonlara daxil olan ərazilərdə mədən sənayesi və yüngül sənaye sektoruna yönələn sənaye zonaları yaratmaq olar. Xüsusilə, avtomobil hissələrinin istehsalı daha çox əhəmiyyət kəsb edə bilər.

Çünki Azərbaycanda avtomobil istehsalının təşkili ilə bağlı təşəbbüslər irəli sürülüb və bu istiqamətdə bəzi müəssisələr fəaliyyət göstərir. Amma buna baxmayaraq, bu sahə üzrə istehsal prosesində istifadə olunan xammalın əhəmiyyətli hissəsi idxal olunur. Avtomobil hissələrinin istehsalında ciddi nailiyyətlərin əldə olunması üçün Ağdamda xüsusi sənaye zonası yaratmaq lazımdır. 

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda tikinti materiallarının istehsalı da zəruridir. Ona görə ki, işğaldan azad olunan rayonlarda uzun müddət ərzində yenidənqurma işləri aparılacaq. Hesab edirəm ki, tikinti materiallarının istehsalı ilə əlaqədar münasib zonaların salınması yenidən qurulan rayonların inkişaf üçün faydalı ola bilər”. 

İqtisadçının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal sektorlarına da diqqət yetirilməlidir:

“Alternativ enerji istehsalında istifadə olunan avadanlıqların istehsalı, xüsusilə günəş panellərinin hazırlanması və dijital texnologiyaların tətbiqini həyata keçirən münasib müəssisələrin əsasının qoyulması Qarabağ və Şərqi Zəngəzurda əhalinin sıx məskunlaşacağı ərazilərin inkişaf etməsinə mühüm töhfə verəcək. Bununla bərabər, hökumət işğaldan azad olunan rayonları yaşıl enerji zonasına çevirməyi hədəfləyir. Bu da öz növbəsində özəl investorların prosesdə iştirakını tələb edir. Bu məsələdə yerli və xarici şirkətlərlə əməkdaşlıq etmək vacibdir”. 

Ağdam, Füzuli və Cəbrayılda ağır sənaye sektorları – avtomobil və metallurgiya istehsalı, o cümlədən polad əritmə ilə məşğul olacaq zavodların tikilməsi üçün münasib şəraitin olub-olmaması ilə bağlı suala R. Həsənov belə cavab verib:

“Bunun üçün indi münasib şərait yoxdur. Çünki həmin rayonlar işğal zamanı tamamilə dağıdılıb. Lakin əgər bu məsələ ilə bağlı planlaşdırma işləri aparılacaqsa, müəyyən vacib əsaslar nəzərə alınmalıdır. İlk növbədə infrastruktur qurulmalıdır. 

İkincisi, qlobal bazarlarda rəqabət qabiliyyətinə malik olan investorlar bu sahəyə maliyyə vəsaitləri yatırmalıdır. Bu, çox vacib bir amildir. Onu da vurğulayım ki, bu sahə yerli investorların öhdəliyinə verilərsə, rəqabətyönlü məhsul istehsalına nail olmaq üçün çox uzun zaman lazım olacaq.

Bəlkə də qeyri-mümkün olacaq. Ona görə də iri tutumlu istehsal sahələrinin inkişafı ilə bağlı prosesə xarici şirkətlər cəlb olunmalı, əlverişli imkanlar yaradılmalıdır. Yalnız bu halda Ağdam, Füzuli və Ağdamda ağır sənayeni inkişaf etdirmək mümkündür”. 

Bu ərazilərdə təbii resursların istismarı prosesində yerli və xarici şirkətlərin iştirakının əhəmiyyətinə gəlincə, R. Həsənov deyib: 

“Yerli və xarici şirkətlərin təbii resursların istismarı üzrə birgə layihələr həyata keçirməsi daha münasib olar. Etiraf etmək lazımdır ki, yerli sahibkarların dayanıqlı iqtisadi inkişaf modelləri, iqtisadi davamlılıq, ətraf mühitin qorunması və kooperativ yönümlü məsələlərə yanaşması o qədər də yüksək səviyyədə deyil.

Bu kimi standartların gözlənilməsi, habelə həmin təbii resursların istismarı zamanı risklərin minimuma endirilməsi və bölgədə ciddi fəsadların baş tutmasının qarşısının alınması üçün bu sahəyə ixtisaslaşmış və geniş investisiya imkanlarına malik olan xarici şirkətlərin cəlb olunması daha faydalı ola bilər”. 

Hər iki iqtisadi rayonda sənayenin inkişafı və təbii yataqların istismarının Azərbaycan iqtisadiyyatının neft və qazdan asılılığını təxmini nə qədər azaldacağı ilə bağlı suala cavab verən R. Həsənov bu barədə proqnozlaşdırmanın o qədər də asan olmadığını bildirib.

“Lakin təxmini hesablamalar göstərir ki, bu dövrdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının yalnız 10 % – ni təşkil edir. Həmin göstəricinin 6 % -i mədən sənayesinin üzərinə düşəcək. Bu baxımdan bu ərazilərdə qeyri-resurs sahələrinə də diqqət yetirmək lazımdır”. 

Həmçinin oxuyun

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) …