Ana səhifə / İqtisadiyyat / “Qara qızıl” il ərzində necə olacaq – proqnozlar və risklər

“Qara qızıl” il ərzində necə olacaq – proqnozlar və risklər

Azərbaycan iqtisadiyyatının neftdən nə dərəcədə asılı olduğu hər kəsə bəlli olduğu üçün dünya büdcəsində neft qiymətləri də həm hökumət, həm də cəmiyyət tərəfindən diqqətdə saxlanılır, proqnozlar ciddi maraq doğurur. Son proqnozlar isə neft qiymətlərinin bu il Azərbaycan üçün əlverişli həddə olacağından xəbər verir. Qeyd edək ki, hazırda neftin qiyməti artım dinamikası göstərir. “Azeri Light” markalı neftin bir bareli aprelin 7-də 0,45 ABŞ dolları və ya 0,72 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 62,98 dollar təşkil edib.

Qeyd edək ki, dünya bazarında neft qiymətlərinin artım nümayiş etdirməsinin səbəbi ABŞ hökumətinin ölkədəki neft ehtiyatlarının həcminə dair rəsmi açıqlaması ərəfəsindəki proqnozlardır. Aprelin 7-də birjalarda olan vəziyyətə baxsaq, “Brent” markalı neftin iyun fyuçersləri 0,99 faiz bahalaşaraq 63,35 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,91 faiz bahalaşaraq 59,86 dollardan satılıb. Qeyd edək ki,  ötən həftə ABŞ-dakı neft ehtiyatları 2,62 milyon barel azalıb. Bu gün axşam hökumətin verəcəyi rəsmi açıqlamada 1,44 milyon barel azalmanın bildiriləcəyi gözlənilir.

Dünya bazarında isə iqtisadiyyatların canlanması hesabına neftə tələb artıb. Nəticədə tələb təklifi üstələyir. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) də 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbatın təklifi üstələyəcəyini gözləyir.

“APA-Ecocomics”in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin 96,68 mln. barel, tələbin isə 97,67 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 990 min barel həcmində defisit qeydə alınacağını proqnozlaşdırır. Qurum  gələn il isə neft bazarında 20 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.

 “OPEC+ çərçivəsində artacağı hasilat artarsa, bu tələbin də artması ilə tənzimlənəcək. Çünki hazırkı qiymət dəhlizi hasilatçı ölkələr üçün əlverişlidir.

Hazırda Azərbaycan üçün önəmli olan təkcə neftin qiyməti yox, həm də gündəlik hasilatın həcmidir. Proqnozlar hasilatın azalacağı yönündədir. ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – April 2021″ hesabatında proqnoz edir ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 750 min barel təşkil edəcək. Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,6 % azalaraq dəyişib. Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel olacağı gözlənilir. Bu ilin ikinci və üçüncü rübündə isə Azərbaycanda gündəlik neft hasilatının 730 min barel olacağı gözlənilir. Hesabata görə, bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatının üzrə proqnozu 770 min barel olacağı açıqlanıb.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

Natiq Cəfərli

“Yeni Müsavat”a açıqlamasında neft qiymətlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hazırda dünyada maliyyə bolluğu var və bu amil neftin qiymətinə də təsir göstərir: “Əslində neft bazarı ilə bağlı proqnozların formalaşmasında fundamental məsələlərdən başqa, digər məsələlərə də fikir vermək lazımdır. Hazırda dünyada maliyyə bolluğu və likvitlik məsələsi də var. ABŞ, Çin, Yaponiya kimi ölkələr pandemiyadan sonrakı dövr üçün böyük həcmdə vəsaitlər ayırıblar. ABŞ artıq üçüncü böyük paketini açıqladı, 2 trilyon dollardan yuxarı bir paket açıqlanacağı söylənilir. Maliyyə bolluğu istənilən halda birjalara da təsir göstərir. Koronavirusun hələ bitmədiyi və karantin tədbirlərinin hələ də bəzi Avropa ölkələrində genişləndiyi bir vaxtda, birjalarda likvitlik artır. Bu, ilk baxışda nonsesdir. İqtisadi azalma və durğunluq var, virusla bağlı vəziyyət tam başa çatmayıb, birjalarda isə qiymətlər tarixi maksimumdadır. Ona görə neft qiymətləri bəzən bu səbəbdən də arta bilər”.

İqtisadçı vurğuladı ki, neft istehlakı nə qədər artsa da, pandemiyadan öncəki dövrə çatmayacaq: “Bu il OPEK-in də, Ümumdünya Enerji Agentliyinin də gözləntilərinə görə, neftin istehlakı pandemiyadan öncəki dövrə çatmayacaq. Pandemiyadan öncə gündəlik neft hasilatı 100, 6 milyon barel idi. 2020-ci ildə bu 92 milyon barelə düşdü. Builki proqnoz isə odur ki, 95 milyon barel olacaq. Yəni hələ pandemiyadan öncəki dövrə çatmayacaq”.

N.Cəfərli vurğuladı ki, bu il neft qiymətləri üçün risklər də var, söhbət bəzi ölkələrin gündəlik hasilatının artmasından gedir: “İranın bazara çıxması da qarşıdakı dövrdə neft qiymətlərinə təsir göstərəcək, Vyanada Çinlə müqavilə imzalandı. ABŞ-la Çin arasında qapalı danışıqlar da başlayıb. Bundan başqa, Venesueladan da təkliflər gəlir, danışıqlar başlayıb və onlar da sanksiyalar götürüldükdən sonra bazara çıxa bilərlər. Liviyada da anlaşma oldu, vahid hökumət formalaşdı və neft hasilatının artması gözlənilir. Yəni yaxın gələcəkdə neft bolluğu olacaq. Neftin istehsalı ilə istehlakı arasında balans pozulmayacaq. Yəni neftin kəskin bahalaşacağını da gözləmək əbəsdir. Bu il üçün neft qiymətləri 55-65 dollar dəhlizi ən ideal dəhlizdir. Uzun zaman neft qiymətləri bu aralıqda olacaq. Bundan başqa, yay mövsümündə iyun-iyul aylarında OPEK+ ölkələrində hasilatın artması gözlənilir. Kəskin qiymət artımı olmasa da, 55-65 dollar dəhlizi ən ağlabatan proqnoz kimi görünür”.

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən isə bu il xam neftin bir barelinin orta qiyməti 41,7% artaraq 58,52 ABŞ dolları təşkil edəcək.

“APA-Economics”in fondun “World Economıc Outlook” hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə neftin orta qiyməti 6,3% azalaraq 54,83 dollara enəcək. BVF 2021-ci ildəki gözlənən artımın əsas səbəbləri kimi, bazarda azalmış təklifin (OPEC və “OPEC+” çərçivəsində mövcud hasilat məhdudiyyətləri), qlobal neft ehtiyatlarının tədricən azalması və tələbin artmasını göstərir.

Bundan əlavə, BVF bildirib ki, 2020-ci ilin avqust və 2021-ci ilin fevral ayları aralığında neftin orta qiyməti 39% artıb. Artımın əsas drayveri Asiyada COVİD-19-a qarşı vaksinasiyanın sürətlə yayılmasının əhəmiyyətli iqtisadi bərpaya yol açması olub.

Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 32,7% azalaraq 41,29 dollar təşkil edib. Neftin orta qiyməti hesablanarkən “Brent”, “Dubai” və WTI markalı neftlərin orta qiymətləri götürülür. Hazırda dünya bazarlarında “Brent” markalı neft 63,36 dollara, “Dubai” 64,41 dollara, WTI isə 59,85 dollara ticarət olunur.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …