Ana səhifə / İqtisadiyyat / Qərbdə enerji böhranı: Azərbaycanın valyuta gəlirləri artır

Qərbdə enerji böhranı: Azərbaycanın valyuta gəlirləri artır

“Avropada müşahidə edilən enerji böhranı neft daxil olmaqla digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mavi qazın qiymətində müşahidə edilən yüksəlişlər fonunda Brent markalı neftin bir barreli artıq 80 dollardan baha təklif olunur:

“Kömürün də qiyməti Avropa və Asiya bazarlarında son 13 ildə ən baha qiymətə satılır. Bir müddət öncə “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq neftə tələbin artması müşahidə olunmaqdadır. Neftin qiymətlərində artımlar davamlı olduğu halda OPEC+ Alyansının oktyabrın 4-ə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir”.
Deputat bildirib ki, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır:
“Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 milyon 771 min ton həcmində xam neft məhsulları ixrac edib. Bu 8 milyard 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5% azalsa da, dəyər ifadəsində 25,1% artıb. Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Azərbaycan gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq və ixtisarla bağlı öhdəliyi isə 78 min barrel həcmində olacaq. Bu ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 40 dollar nəzərdə tutulsa da, dünya bazarında həm mövcud, həm də ötən dövr üçün orta qiymət daha yüksəkdir. Mövcud qiymət büdcədə nəzərdə tutulan qiymətdən iki dəfə çoxdur. Bu isə Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır”.
Vüqar Bayramov onu da əlavə edib ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …