Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Putinin tələbə yoldaşı Samir Şərifovu “3 qat agent” elan etdi

Putinin tələbə yoldaşı Samir Şərifovu “3 qat agent” elan etdi

Maliyyə nazirimiz haqda şok iddia; Sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsə görə, Şərifov eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmətlərinə işləyir; onun “verbovka” olunmasında nazir müavini Xələf Xələfovun da adı çəkilir; Azərbaycan XİN: “Bu cür məsələləri şərh etmirik…”

 
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ və Avropada qanunsuz biznesi var”. Bu sözləri Ukraynanın “Qordon” nəşrinə müsahibəsində eks-sovet kəşfiyyatçısı, hazırda Amerikada maliyyə analitiki qismində çalışan Yuri Şvets söyləyib. Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı olan Şvets bu və digər ilginc faktları sovet və Rusiya agenturası haqda yazmağa hazırlaşdığı ikinci kitaba daxil eləməyi planlaşdırır.
Y.Şvets “soyuq müharibə” zamanı TASS-ın gizli əməkdaşı kimi fəaliyyət göstərib, ABŞ-ın SSRİ-yə qəfil nüvə zərbəsi endirəcəyi haqda informasiyaları toplayaraq analiz edib. Onun 1994-cü ildə, Amerika emiqrasiyadan dərhal sonra yazdığı ilk kitab – “Vaşinqton rezidentliyi: mənim Amerikadakı KQB casusu kimi həyatım” adlı kitabı bestsellerə çevrilərək, müəllifə böyük populyarlıq qazandırıb.
Müsahibənin birinci hissəsində Rusiyanın Qərbdəki konsulluğu nəzdində kommersiya şirkətləri haqda danışılır – hansı şirkətləri ki, açıq şəkildə “Sergey Lavrovun pensiya fondları” adlandırırlar. Bu hissədə həmçinin Azərbaycanın maliyyə naziri Samir Şərifovla bağlı sensasison iddialar yer alıb. Mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, həmin hissəni bəzi ixtisarlarla təqdim edirik:
 
“Agentura mənbələrinin iddiasına görə, Samir Şərifov Rusiya, Türkiyə və ABŞ xüsusi xidmət orqanlarına işləyib, indi isə təzədən Kreml tərəfindən ”verbovka” edilib.
– Gələcək kitabınızdan olan qeydlərə görə, Siz nazir Samir Şərifovu “üçqat agent”lər sırasına aid eləmisiniz.
– Onu ora mən aid etməmişəm. Bu informasiya Rusiya xüsusi xidmətlərindəki mənbələrdəndir. İndi bəlkə bir çoxlarına inandırıcı görünməz, ancaq hələ 2003-cü illərdə “FSB” (Rusiyanın Federal Təhlükəsizlik Xidməti – FTX-red.) 30 min dollara bütöv bir agentura işini ələ keçirə bilirdi. Və mənə belə sövdələşmələrin baş tutduğu konkret hallar məlumdur. Bu əməliyyatlarda tez-tez sovet və Amerika xüsusi xidmət orqanlarının arsenalındakı üsul və vasitələrdən istifadə eləmək lazım gəlirdi.
– Sizin mənbəniz yüksək çinli bu məmur haqda nə öyrənə bilmişdi?
– “FSB”dəki qaynaq bir neçə il öncə agentura məlumatı hazırlamışdı. Onu ingiliscədən tərcümədə bütünlüklə sizə təqdim edirəm: 
“Rusiya kəşfiyyat ictimaiyyətindəki mənbələr iddia edir ki, onların idarəsi Türkiyə və ABŞ-ın kəşfiyyat xidmətlərinə nüfuz edib, nəticədə mövcud agentura haqda mühüm məlumatlar əldə edilib. Mənbələr bunun nə vaxt baş verdiyini dəqiqləşdirməyib. Ancaq onu qeyd ediblər ki, bu, Edvard Snoudenlə (Amerikanın hazırda Rusiyaya sığınmış keçmiş məxfi xidmət əməkdaşı – red.) bağlı deyil və 2010-cu ilədək baş verib.
Mənbələrin informasiyasına görə, müdaxilə nəticəsində alınmış məlumatlar Rusiya Xarici Kəşfiyyat Xidmətinə (XKX) belə bir nəticəyə gəlməyə imkan verib ki, onun çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində Rusiya, Türkiyə və ABŞ xüsusi xidmətlərinə işləyən, bəzən eyni vaxtda işləyən üçqat agent olub.
XKX-dakı qaynaqlara görə, rusiyalılar əmindir ki, Şərifov 1989-90-cı illərdə Cənubi Yəməndə işləyərkən Türkiyə kəşfiyyatı tərəfindən “verbovka” olunub. Daha sonra o, MKİ (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi-red.) ilə əlaqəyə keçirilib. O vaxtdan da Amerika və Türkiyə xüsusi xidmətlərinə təsir agenti və mühüm informasiya mənbəyi qismində işləyib. 
“FSB”dəki qaynağa görə, Samir Şərifov öz karyerasına Sovet Azərbaycanının lideri Heydər Əliyevin yaxın ətrafına daxil olmağa atasının köməyi ilə başlayıb. Bu əlaqələr hesabına o, Azərbaycan hökuməti tərəfindən Kiyev Dövlət Universitetinə – Beynəlxalq Əlaqələr fakültəsinə  göndərilib. İlkin olaraq onu MQİMO-ya (Moskva Beynəlxalq Əlaqələr İnstitutu -red.) göndərmək planlaşdırılıb, ancaq onun sənədləri dövlət təhlükəsizlik orqanlarında razılaşmadan keçməyib.
Kiyev Universitetində oxuyarkən Şərifov “KQB” ilə sıx əməkdaşlıq edib. Sovet İttifaqı dağılmaq ərəfəsində agenturaya aid əksər qovluqlar Ukraynadan Moskvaya aparılıb. Onların arasında Şərifovun agentura işi də var idi. Şərifovun işi ilə tanış olan “KQB” zabitləri sırasında olan mənbə deyib ki, o, kompromat əsasında “verbovka” edilib. Onu qara bazarda xarici valyuta ilə qanunsuz alver əməliyyatları edərkən yaxalayıblar. Bu qəbildən geniş miqyaslı əməliyyatlar o vaxt SSRİ-də 10 ilik həbs və hətta ölüm cəzasına gətirə bilərdi. Lakin Şərifovun qara bazarda sövdələşməsinin həcmi böyük olmadığından, “KQB” ona göz yumdu və Kiyevdəki təhsili zamanı o, heç bir qalmaqal yaşamadı. 
Kiyev Universitetini bitirdikdən sonra Şərifov Bakıya qayıdıb və Azərbaycanın Xarici Ticarət Nazirliyində xarici iqtisadi əlaqələr şöbəsində işləməyə başlayıb. 1988-ci ildə o, Heydər Əliyevin proteksiyası ilə Cənubi Yəməndə işləməyə göndərilib. İlkin olaraq tərcüməçi kimi çalışıb, daha sonra isə sovet hərbi texnikasının Cənubi Yəmənə çatdırılması ilə məşğul olan qrupa düşüb. Bu vəzifədə o, “KQB”nin 1-ci Baş İdarəsinin (xarici kəşfiyyat) nəzarəti altında agent kimi işləyib – hansı idarə ki, konfidensial şəkildə ona həm də rəhbərlik edib.
Ciddi xoşagəlməzlik baş verənədək “KQB” onunla əməkdaşlıqdan razılıq edib. Belə ki, XKX-dəki mənbənin məlumatına görə, 1990-cı ildə sovet silahları olan iki iri nəqliyyat vasitəsi Cənubi Yəmənə doğru hərəkət etdiyi halda, yolda yoxa çıxıb.
“KQB” bununla bağlı hərtərəfli təhqiqat apararaq müəyyən edib ki, “düşmən xarici kəşfiyyatı Cənubi Yəməndə xidmət edən sovet xidmətçiləri arasından verbovka elədiyi agent vasitəsilə yükdən xəbər tutub”. O zaman Şərifov əsas şübhəlilərdən olub, nədən ki, “KQB”nin bu ölkədəki rezidentliyi onun Türkiyə xüsusi xidmət orqanları təmsilçiləri ilə gizli təmaslarına dair icazəsiz sübutlar əldə eləmişdi. O vaxt Şərifov təhqiqatın davamı və sorğu-sual edilmək üçün təcili şəkildə Moskvaya çağırılıb. Ancaq tezliklə SSRİ-nin dağılması Şərifovu xilas edib.
Bizim XKX-dəki qaynağımız qeyd edib ki, KQB Şərifovun Türkiyə kəşfiyyatına cəlb olunması və ikiqat agentə çevrilməsinə dair birbaşa dəlilərə malik olub. Mənbənin sözlərinə görə, Türkiyə xüsusi xidmətinin nəzarəti altında olan agent geniş informasiya imkanlarına malik olmaqla yanaşı, hətta Azərbaycan hökumətinin tərkibinə təsir etmək imkanlarında olub. O sırada mənbə qeyd edib ki, 2005-cı ildə (yazıda nədənsə 2006-cı il göstərilib – red.) Bakıda hökumətin bir sıra yüksək çinli məmurlarının həbsi ilə nəticələnən dövlət çevrilişi cəhdinin “açılmasında” Şərifovdan istifadə olunub. Təqribən eyni vaxtda Şərifov “məsləhətçi xidmətləri göstərdiyinə görə” Türkiyənin “Torcas” şirkəti tərəfindən aylıq ödəmələr almağa başlayıb.
 
Rusiya xüsusi xidmətləri ondan çıxış edirdi ki, Türkiyə NATO üzvü kimi ABŞ MKİ-sı ilə özünün kəşfiyyat və agentura məlumatlarını bölüşəcək. Hadisələrin sonrakı inkişafı Rusiya xüsusi xidmətini inandırdı ki, Şərifovla işləməyə ABŞ-ın kəşfiyyat cameəsi də qoşulub. Belə ki, 1992-ci ildə Azərbaycan MTN-i konfidensial şəkildə FSB-yə (FTX) çatdırmışdı ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna (BVF) üzv olmasına dair danışıqlarda Şərifovun iştirakında təkid edirlər. Bu, SSRİ-nin çöküşündən sonrakı qarışıq bir dövr idi, o üzdən Azərbaycan hökumətində heç kim bunun səbəbi ilə maraqlanmadı. Bununla belə, MTN bunda şübhəli bir məqam görmüşdü, çünki Şərifov heç vaxt amerikanlarla işləməmişdi və ABŞ-da o, heç bir təmasa malik olmamalı idi. Amerikanın qəfildən Şərifova maraq göstərməsi Bakı və Moskvada böyük şübhə yaratmışdı.
Azərbaycan MTN-i Şərifovun ABŞ hökumətinin şübhəli əlaqələrinin araşdırılmasına başlayıb və tezliklə ağla gəlməyən olaylar sırasına aid fakt üzə çıxıb: naməlum şəxslər gecə BVF-nin Bakı nümayəndəliyinə girərək, 1992-cı ildəki danışıqlara dair bütün materialları oğurlayıblar.
 
Şərifovla bağlı iş yenidən əngəllənib. Lakin XKX-dəki mənbənin sözlərinə görə, XKX bir qədər sonra təzədən ABŞ-ın kəşfiyyat cameəsinə nüfuz edə bilib və belə bir nəticə əldə edib ki, Şərifov üçqat agentə çevrilib. Həmin məlumata əsasən, Şərifov MKİ tərəfindən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun köməyi ilə verbovka olunub – hansı ki, özü də ABŞ xüsusi xidmətləri ilə sıx əlaqələrə malik imiş”.
Keçmiş “KQB” zabiti daha sonra bildirir ki, böyük məyusluğa rəğmən, Rusiya Şərifovla işləməyə davam qərarı verib, çünki “yaxşı məlumatlara malik və nüfuzlu məmur kimi” onunla təmasları kəsmək məqbul sayılmayıb: “Bundan başqa, ümid edilib ki, Şərifovun Rusiya ilə əməkdaşlıqda maliyyə maraqları ABŞ-dan dəstək almaq maraqlarını üstələyəcək. Ayrı sözlə, onu təzədən ələ almaq kimi bir elementar vəzifə qarşıda dururdu. XKX-da həmçinin hesab edirdilər ki, Şərifovun öz ölkəsinə vurduğu ciddi ziyana dair yetərli dəlillər olduğundan, onu şantaj yolu ilə yenidən əməkdaşlığa cəlb eləmək mümkündür… Mən qəti təəccüblənmərəm əgər desəm ki, ABŞ və Türkiyədə heç kim artıq şübhə eləmir ki, Samir Şərifov üçqat agentdir və indi də Rusiyaya işləyir…”
***
Sonda redaksiya qeyd edir ki, Samir Şərifov uzun müddətdir Azərbaycan hökumətində qərbpərəst, amerikapərəst mövqeli nazir kimi tanınır. Onun adı hazırkı və yaşlı baş nazir Artur Rəsi-zadənin uğurlu xələfi kimi də zaman-zaman mediada da hallanıb… 
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla bağlı yer alan ilginc iddialara gəlincə, məsələyə XİN-in mövqeyini almağa çalışdıq. Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a materialdan xəbərdar olduğunu dedi və qısaca bunu söylədi: “Bu cür məsələləri şərh etmirik”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın