Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Putindən Berluskoniyə hədiyyə – “Qudalar” Marşı (FOTOLAR)

Putindən Berluskoniyə hədiyyə – “Qudalar” Marşı (FOTOLAR)

Moskvadan birinci reportaj

 

Gedişimiz Novruz bayramı günlərinə düşdüyü üçün Bakı-Moskva uçaqında seyrəklik olacağını düşünürdüm. Novruzda adətən Bakıya gələn uçağlar dolu olur, axı. Ancaq yanılırmışam – içəridə barmaq basmağa yer yox idi.

 

Hava daşımaçılığı şirkətləri baqaj üçün ayrıca ödəniş (25 avro) tələb etdiyindən bir çox sərnişinlər 8-10 kq-lıq əl baqajı ilə yetərlənməli olurlar. Bu isə o deməkdir ki, uçağın tavanına birləşən rəflərdə bilgisayara belə yer eləmək müşküldür. Bayramda da Bakıdan Moskvaya nə gedər – şəkərbura, paxlava, qoğal… Təxminən hər iki sərnişindən biri inadla tələb edirdi ki, onun əşyasının üzərinə heç nə qoyulmasın, əzilər. Gəl indi bu qədər adamın tələbini yerinə yetir… AEROFLOT-un stüardessaları minik başa çatana qədər sərnişinlərin əşyalarını yerləşdirmək üçün xeyli əmək sərf elədilər. Onlar müxtəlif cür qablaşdırılan şirniyyat paketlərini sağa-sola hərəkət etdirdikcə hilin, razyananın ətri çox səfər edənlərin heç unutmadığı uçaq qoxusunu üstələyirdi…

 

“Ya Allah” deyib havaya qalxandan az sonra Xəzərin üzərində xəzri qarşılayır bizi. Turbulentlik yüksək həddə çatır, ləngər vura-vura sıraların arasında gəzən uçaq bələdçiləri hamıya kəmər bağlatdırır. Sıra qonşum – orta yaşlı eloğlu dərmanını unutduğu üçün əsəbidir:

 

Gördüm hava sakitdir, dərman içmədim. İçsəydim, indiyə getmişdim özümdən, bir də düşəndə oyanacaqdım. Allaha pənah…

 

Gözünüzü yumun, yaxşı şeylər düşünün, həm də təsəvvür edin, kənddə maşınla torpaq yolu keçirsiz. Özünüzü yuxuya verməyə çalışın. İndi bitər.

 

Rəngi yavaş-yavaş avazıyan adama öz “reseptimi” deyirəm. Digər qonşumuz söhbəti “vurur”:

 

Kimin alnına nə yazılıbsa, odu. Harda qırıldı, qırıldı.

 

Ürəyimdə qonşumun birinə “ağciyər”, o birinə “xeyirsöyləməz” deyib oturacağın cibindən AEROFLOT-un dərgisini alıb vərəqləməyə başlayıram. İnformasiya bolluğu turbulensliyin səksəkəsini xəfiflədir. Səhifələri çevirdikcə, nə qədər maraqlı bilgilər alıram – dünyada və Rusiyada ən çox oxunan kitablar, yeni nəşrlər, filmlər, texnologiyalar, brendlər, Moskvada göstəriləcək tamaşalar, əmlak, avtomobil bazarı, bu il ən çox bəyənilən otellər, təklif olunan xidmətlər, ekonomik səfərlər, dünyanın müxtəlif mətbəxlərinin sirləri, ünlülərlə çox maraqlı müsahibələr zamanı unutdurur. Afişa bölümündə aktyor Oleq Tabakovun şəklini görəndə söz verirəm ki, Moskvada vaxt edib mütləq bir tamaşa izləyəcəm…

 

1 saat necə keçib xəbər də tutmamışam. Dərgini yerinə qoyub buludları seyr eləməyə başlayıram. Oxuduğum informasiyaların keyfiyyəti, təqdimatı yadımdan çıxmır. İxtiyarsız AZAL-ın dərgisi ilə müqayisə aparıram. Səhv bir olar, iki olar… Heç yadımdan çıxmaz, bir dəfə milli məxbəx bölümündə yazmışdılar ki, Azərbaycanda ən sevilən yemək bozbaşdı, bu yemək qazanda boz başa oxşadığı üçün belə adlanır… Belə iştah açmaq olar? Çox vampiranə…

 

Beynimdə bozbaş söhbətinin fırlanması AEROFLOT-un yemək saatına dənk gəlir. Yeməklər paylanan kimi uçağı paketlərin ifasında “simfoniya” bürüyür. Hamı məşğuldu. Birdən qarşıdakı oturacaqdan etiraz yüksəlir – yeməkdən tel çıxıb. “Olay yeri”nə gələn stüardessa öncə sübut eləməyə çalışdı ki, bu sərnişinin öz saçıdır. Ancaq uzun sarı saçlarını hikkə ilə çiynində əsdirən sərnişin qara, qısa tükü onun gözlərinə yaxınlaşdırıb elə bir gəliş gəldi ki, görəvlinin gedib “Şikayət kitabçası”nı gətirməkdən başqa çarəsi qalmadı. Haqqını tələb edən vətəndaş görəndə elə sevinirəm, təsəvvür eləməzsiniz…

 

Sərnişin şikayətini rəsmiləşdirəndən sonra AEROFLOT-u qida ilə təmin edən şirkətin adını, ünvanını, telefonunu öz telefonuna yazdı, yeməyin şəklini çəkdi, amma ürəyi soyumadı. Yanındakı sərnişindən “videomüsahibə” aldı, onu sakitləşdirməyə çalışsa da bunu bacarmayan stüardessanın məsələyə münasibətini videolaşdırdı. Axırda da dedi ki, şirkəti məhkəməyə verib dəyən maddi və mənəvi ziyana görə babat təzminat istəyəcək.

 

Yolun bir hissəsini də belə yola verdik… Moskvaya yaxınlaşdıqca, illüminatordan Yerə baxanda, qar görünməyə başlayır. Rusiyanın çoxmənalı soyuğu adamı göydən vurur…

Domadedovo hava limanına enəndə günəş qürub edir. “Xalqlar həbsxanası” statusunu qorumağa inadla davam edən siyasi mərkəzə qürub arzulayıb Moskvanı salamlayırıq. Çıxışda bizi gözləyən avtomobillə şəhərin kilometrlərlə davam edən tıxacına dalırıq. Belə yerdə də vaxtı nəylə öldürərlər? Təbii, söhbətlə. Sürücümüz və bələdçimiz Borçalıdandırlar. Hər ikisi səfər dəvəti aldığımız şəxsin – Söyün Sadıxovun (onun haqqında gələn yazıda) yaxın qohumlarıdır. Bələdçimiz 30 ildir Rusiyada yaşayır. Yolboyu bir xeyli sualımıza həvəslə cavab verdi. O danışdıqca hiss edirdim ki, “ruscasını” ana dili rusca olan Yana Mədətovadan çox mən anlayıram. Borçalı ləhcəsinə az-maz bələdliyim sayəsində… Çox əyləncəli idi…

 

Danışdıqlarından öyrəndik ki, iqtisadi durum çətinləşdikcə çörək dalınca Moskvaya gələnlərin çoxu məmləkətinə dönüb. Rusiyanın iqtisadi gücü yenidən toparlanmağa qadir olsa da, əmək miqrantlarının iqtisadi durumu toparlanma dönəmini bu bahalı şəhərdə keçirməyə imkan verməyib. Əllərində olan 3-5 rublu götürüb doğma torpaqlara qayıdıblar. Bələdçimizin proqnozlarına görə, gedənlərin bir hissəsi yenidən qayıdacaq – çünki yenə buralarda qazanmaq imkanı var, “doğma” korrupsiya və rüşvət ortamı onların əlini çörəyə çatmağa qoymayacaq, qismətləri yenidən Rusiya bazarlarında hərlənmək, TIR-ların üstündə yatmaq, tikinti sektorunda günəmuzd işləmək olacaq. Kədərli proqnozdur, ancaq reallıqdır…

 

Kremlin yaxınlığından keçirik. Məkan ən çağdaş texnologiyalarla mühafizə olunduğundan yaxınlığında mobil və internet rabitəsi tez-tez qırılır. Zarafatla Yanadan soruşuram – görəsən, prezident Putin indi burdadı? Bir müsahibə istəyərdik… Söhbətə yenə bələdçimiz qoşulur. Ölkənin siyasi gündəmindən, Rusiya siyasi elitasında baş verənlərdən danışır. Postsovet məkanı nə qədər oxşardı – rəhbərlərin çevrələri dost-tanış, eloğlu, “dayıoğlu”… Hər vəzifə sahibi çevrəsində bu prinsiplə çəpər hörüb “imperiyasını” yaradır. İmperiyanın böyüklüyü, təsir dairəsinin genişliyi rəhbərin hakimiyyətin daha üst qatlarına çıxış imkanlarından birbaşa asılıdır. Təbii, biz bunu mənfi tendensiya kimi qəbul edirik. Çünki analoji münasibətlər sistemində əzilərək yaşamaqdayıq. Ancaq görünən odur ki, bu tendensiya ilə tanış olmayan cəmiyyət üçün bu məsələdə çəkici məqamlar var. Amerika Birləşmiş Ştatları kimi qanunpərəst ölkənin prezidenti Donald Trampın təyinat seçiminə baxın – bütün fürsətlərdə “özünkülərə” vəzifə paylamaqla məşğuldur. Qəribə dönəmdə yaşayırıq…

 

Həmkarımla Rusiya-Qərb münasibətlərinin soyuqluğu haqqında danışdıqlarımız da bələdçimizə qəribə gəlir: “Münasibətlər necə soyuqdur ki, Putin qızını Berluskoninin oğluna verib”. Eşitdiyimiz, ancaq dəqiqləşdirmək imkanımız olmayan xəbərin şokundayıq… Gənclərin eşq hekayəsi (əgər varsa) dildən-dilə keçdikcə forma dəyişib, yəqin. Amma məna qalıb… Görəsən, italyanlar bu şərəfə “Qudalar, ay qudalar” mahnısı yazıbmı, sualına qədər bir çox “xeyir iş” mövzusuna gəzişmələr edib zarafatlaşırıq. Mənim versiyam daha çox tərəfdar qazanır – Putin bu şərəfə “Qudalar” marşı yazdırar!!! Biz səfərin kefini çıxarmaqdayıq, həmsöhbətimiz isə ciddidir. Rusiya-Qərb münasibətlərinə həm də bu kontekstdən baxan Moskvadakı ilk həmsöhbətimiz deyir ki, üzdə görünənlər qlobal güclərin səhnədə oynadıqlarıdır, pərdəarxasında baş verənlər tamam başqadır.

 

Ukraynada baş verən olaylarda, xüsusən Krımın işğalı məsələsində bu pərdəarxası olayların təsiri görünür – həmsöhbətim israrla fikrini arqumentləşdirməyə çalışır. Ukrayna Krımı belə dəstəkləyən idisə, niyə mübarizəsiz təslim etdi, niyə Rusiya-Ukrayna savaşı bəlli bir ərazilər – sənaye rayonları alınandan sonra durduruldu, niyə Rusiya sanksiyalarla üzləşməsinə baxmayaraq Avropadan gələn yüzlərlə adda məhsula sanksiya qoymadı, niyə Saakaşvili bütün Gürcüstanı uğurla tam yeni, demokratik sistemə keçirə bildi, amma Rusiya Qara dənizə çıxandan sonra bir Odessa limanında qayda-qanun yarada bilmədi? Suallarına özü də cavab verir – çünki Qərblə Rusiya bu məsələlərdə məhz belə anlaşmışdılar. Düşündürücüdür…

 

Otelə çatar-çatmaz bilgisayarı açıb eşitdiklərimizi, gördüklərimizi reportaja çevirmək istəyirəm. Berluskoni-Putin “qudalığı”nın şokundan çıxmamış ikincisi gəlir – bilgisayarın ekranı sınıb. Qəzetçinin ha əli sınsın, ha bilgisayarı… Görünür uçaqdakı basabasda hansısa ağır qutunun altında qalıb. Amma mən bir tel üstə qida şirkətinə dava açmaq üçün bütün faktları anında toplayan sərnişin qədər şanslı deyiləm. Əlimdə bilgisayarın uçaqda sınması ilə bağlı heç bir sübut yoxdur. Sabah olar, xeyir olar düşüncəsi ilə axşam Moskvasının seyrinə çıxırıq…

 

Otelimizin yerləşdiyi Sülh prospekti əzəmətli Moskva Cümə Məscidi ilə başlayır. Mistik bir məkan seçilib məscid tikintisi üçün – Sülh prospekti, 1. İnsanların 1 olan Tanrıya bütün xitablarında bir barış, sülh təmənnası yoxdurmu? Bir qədər aralıda dayanıb minarələrin arasından Ayın möhtəşəm görüntüsünü seyr edirəm. Yadıma Ramazan bayramında bu məkanda çəkilən nəhəng izdihamın fotosu düşür. “Cüməyə 2 gün qalır. Cümə namazından reportaj hazırlamaq gərək” – bir plan da qururam. Dünyaya barış arzulayıb mərkəzə doğru hərəkət edirik. “Svetnoy bulvarda” əsl Moskva havasına girməyin tam zamanıdır.

 

 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın