Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Putin Nazarbayevlə Şeyxi niyə mükafatlandırdı?

Putin Nazarbayevlə Şeyxi niyə mükafatlandırdı?

Rusiya prezidentinin təltiflərinin xidmət etdiyi amac və Allahşükür Paşazadənin Kreml rəhbəri qarşısında götürdüyü öhdəlik…

Rusiya hökuməti post-sovet respublikalarının tanınmış şəxslərinə, ayrı-ayrı sahələrdə nüfuzlu insanlara mükafatlar bağışlayır. Daha əvvəl “Georgiyevski lenti” kampaniyası bütün post-sovet məkanına yayıldı. İndi isə daha çox tanınmış, nüfuzlu insanlara mükafatlar verilir. Azərbaycandan Şeyxülislam Allahşükür Paşazadə, rejissor Vaqif Mustafayevə ali mükafatlar verib. Bu günlərdə isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiyanın ali mükafatı ilə təltif olunub.
Bu, bir siyasətdirmi? Rusiyanın ətraf, xüsusən də keçmiş müttəfiq ölkələrin nüfuzlu şəxslərini mükafatlandırmasının arxasında hansı səbəblər dayanır? Politoloq Elxan Şahinoğlu deyir ki, bu cür mükafatlandırma Rusiyanın ənənəvi dəst-xəttidir. Bununla insanları öz təsiri altına almağa çalışırlar: “Tarixən Rusiya çarları fərqli xalqları öz təsiri altında saxlamaq üçün həmin xalqların liderlərinə müxtəlif statuslar verirdi. Bununla çar Rusiyası həmin liderlər vasitəsilə xalqları idarə etməyə çalışırdı. Hazırkı Rusiya siyasəti də çar dövrünün ənənəsini xatırladır. Rusiyanı idarə edənlər orden və medallar vasitəsilə Azərbaycanı öz təsir imkanları altında saxlamağa çalışırlar. Misal üçün Cənubi Qafqaz və Azərbaycanda marağı olan ABŞ heç kimə orden və medal vermir. Bu boşluğu Rusiya məharətlə doldurur”. 
 
E.Şahinoğlu deyir ki, Rusiya prezidentindən medal alan şəxs isə istər-istəməz Rusiyanı tənqiddə ehtiyatlı olur, Moskvanın regional siyasətinə hörmətlə yanaşır: “Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin əlindən Putinin ali mükafatını alan Allahşükür Paşazadə deyib ki, ”Putin ona həmişə yüksək etimad göstərir və o bu etimadı doğrultmağa çalışır”. Ziddiyyətli ifadədir. Çünki Allahşükür Paşazadə ilk növbədə Azərbaycan xalqının və prezidentinin etimadını doğrutlmalıdır. Onun heç bir xarici ölkə prezidenti qarşısında öhdəliyi olmamalıdır. Doğrudur, Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri olaraq Rusiyanın tərkibindəki Şimali Qafqaz xalqlarının da lideri sayılır. Ancaq bu, simvolik xarakter daşıyır. Rusiya Paşazadənin yurisdiksiyasını Azərbaycanda bitmiş hesab edir. Şimali Qafqaz xalqları Paşazadəni özlərinin dini lideri saymırlar”.
Politoloq deyir ki, bu cür mükafatlar yerli məşhurlar üçün də əlverişlidir, onları hakimiyyətlərin təzyiqlərdən qoruyur: “Bu arada, Azərbaycan hakimiyyəti Allahşükür Paşazadənin fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışır. Prezident İlham Əliyev hakim partiyanın fəal deputatı Mübariz Qurbanlını Dini Komitəyə sədr təyin etməklə din sahəsində qayda-qanun yaratmağa qərar verdi. Mübariz Qurbanlının ilk addımlarından biri təmtəraqlı yas mərasimlərinin neytrallaşdırılması oldu. Ancaq bu məsələdə Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin güclü müqaviməti ilə üzləşdi, çünki ortada yaslardan qazanılan böyük pullar var idi və təəssüf ki, biz yenidən yas mərasimlərində təmtərağa qayıtdıq. Buna baxmayaraq, Mübariz Qurbanlının rəhbər olduğu Dini Komitənin səlahiyyətləri artırıldı. Bundan sonra xarici ölkələrdəki dini ziyarətgahlara səfərlər təşkil edən turistik şirkətlər Dini Komitədən lisenziya almalıdırlar. Əvvəl bu cür şirkətlər Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq edirdilər. Yəni aşkar hiss olunur ki, dövlət başçısı dini sahədə qayda-qanun yaratmaq istəyir, maneə kimi isə qarşısında Qafqaz Müsəlmanları İdarəsi görür və Putinin Paşazadəni mükafatlandırması prezidentin əlini zəiflədir”.
Ancaq Rusiya prezidenti xarici ölkə vətəndaşlarına mükafatlar verməklə yanaşı qonşu dövlətlərə xəbərdarlıq mesajları göndərməkdə də davam edir. E.Şahinoğlu deyir ki, Rusiya rəsmiləri artıq açıq şəkildə region ölkələrini təhdid edirlər: “Rusiya desant qüvvələrinin komandanı Vladimir Şamanov ötən həftə müsahibə verərək deyib ki, Rusiya dünyanın istənilən nöqtəsinə müdaxilə edə biləcək xüsusi qoşun növü yaradır. ”Bizə viza lazım deyil, prezidentin əmri kifayətdir” – deyən rusiyalı general sanki qonşu dövlətləri şantaj edir. Həqiqətən Rusiyanın Abxaziya, Cənubi Osetiya və Abxaziyanı işğal etməsi üçün heç kimin “vizasına” ehtiyacı olmadı. Rus generalın açıqlamasının Azərbaycana da aidiyyəti var. Rusiya və Azərbaycan rəsmiləri iki dövlət arasındakı münasibətlərin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını vurğulayırlar. Buna baxmayaraq, Bakının Moskvadan, Moskvanın isə Bakının siyasətindən narazılığı var”.
Hazırda Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğu görüntüsü yaransa da, həmsöhbətimizin fikrincə, əslində iki ölkə hakimiyyətləri arasında ciddi narazılıq var: “Bakının Moskvadan narazılığı odur ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə təsiri altındakı Ermənistan hakimiyyətinə təsir etmir. Başqa narazılıq ondan ibarətdir ki, Moskva Dağlıq Qarabağda girov saxlanılan 2 azərbaycanlının azadlığa buraxılması üçün də addımlar atmır.
Moskvanın isə Bakıdan narazılığı ondadır ki, Azərbaycan hakimiyyəti Rusiyadan yan keçməklə Avropaya boru xətti çəkməyi planlaşdırır, Türkmənistan və İranın da bu layihəyə qoşulmasını istəyir. Rusiyanı Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsi layihəsi də narahat edir. Təsadüfi deyil ki, Rusiya Xəzər dənizində hərbi təlimlərin sayını artırıb.
Beləliklə, Kreml Bakıdan 2 istiqamətdə addım atmasını istəmir:
Birincisi, Azərbaycan Türkmənistan qazının Avropaya daşınması layihəsində iştirak etməsin;
İkincisi, Azərbaycan öz torpaqlarını azad etmək məqsədilə Dağlıq Qarabağda müharibəyə başlamasın.
Bu iki şərtin yerinə yetirilməsi Azərbaycanın maraqlarına ziddir. Ona görə də yaxın müddətdə bu iki məsələ ətrafında rəsmi Bakı ilə Kreml arasında ziddiyyət yarana bilər. Ya da ki, Rusiya prezidenti Azərbaycan və Türkiyə ilə əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan torpaqlarının geri qaytarılması üçün real addımlar atmalıdır”.

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın