Ana səhifə / İqtisadiyyat / “Putin heç vaxt bizim yanımızda olmadı, amma biz Putinin yanındayıq” – İlham İsmayıl

“Putin heç vaxt bizim yanımızda olmadı, amma biz Putinin yanındayıq” – İlham İsmayıl

Ağ Ev, Münhen Konfransı və “Ərimgəldi”nin yetimləri
Qarabağlılar yaxşı bilir, Şuşa ilə Laçına gedən yolun ayrıcında “Ərimgəldi” deyilən yer var. Rəvayətə görə aşağıya, arana qazanc dalınca gedənləri qayanın başında durub gözləyərmişlər. Bir lətifə də var, bu gözləyənlər haqqında: Arandan gələnləri görmək üçün Ərimgəldiyə yığışar,  hər kəs doğmasını uzaqdan görəndə “ərim gəldi”, “oğlum gəldi”, “atam gəldi”, “qardaşım gəldi”- deyə sevinirmişlər. Bir yetim də varmış, o da sevinənlərə qoşulub hamıdan bərk qışqırarmış: “gəldilər, ay, gəldilər.., gəldilər ay gəldilər…”.
Dünyanın siyasi taleyi həll edilən yerlərdə – Ağ Evdə, Kremldə, Avropanın mərkəzində nəsə baş verəndə biz də Ərimgəldinin yetimi kimi qulağımız səsdə, gözümüz yolda olur – görəsən Qarabağdan söz salınacaqmı, Qarabağın taleyi necə həll olunacaq?
“Ərimgəldi”yə fiziki olmasaq da, ən azı sözdə qayıdacağıq, keçək Ağ Evə, həm də adətən ilin-günün bu vaxtı dünyanın diqqət mərkəzində olan Münhen konfransına.
Ağ Evdə vəziyyət nəinki bizim üçün, heç bəşəriyyət üçün ürəkaçan deyil.
“Finansial Times” bu gün Ağ Evi möcüzələr ölkəsinə bənzədib, Trampın fəaliyyətini isə məşhur nağılın qəhrəmanı Alisanın sərgüzəştlərilə müqayisə edib. “Belə davam edə bilməz”, bu həftə administrasiyanın hövsələsini itirmiş bir əməkdaşı, nəhayət dilə gəlib. Tramp dəyişməlidir. O dəyişə bilərmi? Yox, dəyişməyəcəksə, bu nə vaxta qədər davam edəcək? Gör nə günə gəlib çıxmışıq ki, bütün dünya Amerika prezidentinə qəribə adam və göndərilmiş kazak( Rusiyanın adamı olmağına işarədir) kimi baxır. Onun prezidentliyinin ilk həftələri, qorxduğumuz kimi fəlakət oldu. Tramp Dairəvi kabinetdə özünü eynilə seçki yarışmasındakı kimi aparır. Ağ Evdəki xaos və düşmənçilik bizim xarici müttəfiqlərimizi tərksilah edir və düşmənlərimizə isə güc verir. Dünyada Amerikanın mövqeyi indiki kimi pis olmayıb. Bütün bunlar isə Yaxın Şərqdə cəhənnəm alovu davam edəndə, Şimali Koreya diktatoru isə ballistik raketlərin sınağını keçirəndə baş verir və yəqin ki, tezliklə nüvə başlıqları taxılacaq”
Baxın, Trampın qəribəlikləri bir yana, burda bir ifadə var: ”bizim xarici müttəffiqlərimizi tərksilah edir, düşmənlərimizə isə güc verir”.
Biz-Azərbaycan hardayıq bu qütbləşmədə? Elan olunan  rəsmi siyasətə görə heç birində, amma harda olduğumuzu bilirik.  Ilk baxışdan belədir. Amma, faktiki olaraq ABŞ-ın düşmən hesab etdiyi gücün yanında yerimizi möhkəmlətmişik. Möhkəmikimi? Yanında durduğumuz Rusiya birmənalı şəkildə  Ermənistanın tərəfində olduğunu hələ Yeltsinin demirik, İkinci Yekaterinanın dövründən elan edib. Putin Baş nazirliyə təzə qədəm qoyanda   Ermənistan parlamentində gülləbaran oldu, Rusiya siyasiləri Putinin mütləq “yas yerinə” gedəcəyinin vacibliyini hər gün bağırdılar və Putin yas yerinə – Yerevana başsağlığına gəldi. Putin Yerevanın xeyir-şərində həmişə onların yanındadır. Putin heç vaxt bizim yanımızda olmadı, amma biz Putinin yanındayıq. Əvəzində millət və dövlət olaraq heç nə ala bilmədik. Alan istədiyini alsa da.., hələlik.
Münhen konfransının başlamasına saatlar qalmış Bakıda Rusiya və ABŞ generalları görüşdü. Nə danışdılarsa biz bilmədik,  bildiyimiz o oldu ki, bizdən danışmayıblar, amma, sən gəl, içi millət vəkilləri qarışıq sevincə bax: “Əlimi yumuram, ispalkom mənə əl uzadıb, salam verib” misalı kimi tərifin biri bir qəpik. Çexovun “ Sevinc” hekayəsinin qəhrəmanı Mitya Kuldarovun sevinci ilə bizim “növbətçi politoloqlarımız”ın sevincinin fərqi nə? Hələ biri bu görüşdən o qədər ehtizaza gəlmişdi ki, “Azərbaycan Yaxın Şərqə nəzarət edəcək” kimi proqnoz vermişdi. “Ərimgəldi”ni demirəm, təmas xəttindən uzaqdır, heç Ağdamın Qərvəndinə binoklla düz -əməlli baxa bilməyən, dünya güclərinin 60 ildir ki, həll edə bilmədiyi Fələstin-İsrail münaqişəsinə necə nəzarət edəcək Azərbaycan? Kimi aldadırsınız?
53 ildir ki, “Münhen təhlükəsizlik konfransı” keçirilir. Əvvəlki illər bir yana, ötən il də, bu il də Ukrayna, Suriya məsələsi əsas müzakirə mövzusu oldu. Bizim diplomatiyamız Qarabağ məsələsini bu səviyyədə Münhendə müzakirəyə çıxara bilibmi? Bir yolu yoxdumu? Avdeyevkada bir aydır qan su yerinə axır. Təsadüfdürmü? Belə siyasi toplantılar öncəsi hansı addımların atılacağı, taktik və strateji addımlar atmağın yolları bağlanıbmı?  Əngəl olan nədir? Belə çıxır ki, istəyimiz strateji yox, daha çox taktiki plandadır. Hələ ki, millətin və dövlətin naminə bu taktiki  addımlardan bir xeyir yoxdur.
Biz “Ərimgəldi”nin yetimindən də pis gündəyik. Ərimgəldinin yetiminə “can-can” deyən varmış, biz yetimə nə can-can deyən var, nə Qarabağ verən. Dünyada baş verənlər bizdən yan keçir. Günah kimdədir? Tapdım. “Ərimgəldi”nin yetimində… Biz öz səsimizi çıxarmırıq, biz öz sevincimizi, öz kədərimizi yaşamırıq…
Bu gün – 20 fevral 2017-ci ildə ermənilər referendum keçirir. Dağlıq Qarabağda Konstitusion dəyişikliklər edəcəklər. İdeya Rusiyadan gəlir. Bu referendum Krımda, Donbasda, Abxaziyada  keçirdikləri siyasi xəttin davamıdır. Hətta, Dağlıq Qarabağ üçün yox, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafı torpaqlar da referendum subyektidir. Rusiyanın Krım variantı burda davam edir. Hara baxırsınız,  Azərbaycan  Xarici İşlər Nazirliyi? Hazır deyilsiniz bu varianta, fərqindəsinizmi? Bəlkə düşməndən öncə millətin qarşısında “ağ bayraq” qaldırıb etiraf edəsiniz ki, bu mübarizə sizlik deyil?
Biz hamımız “Ərimgəldi”nin  yetimiyik. Başqalarının sevincinə sevinir, kədərinə üzülürük. Bir millət olaraq  hədəfimizin nə olduğunu bilirikmi? Bu günlərdə Dağıstandan deportasiya olan  yüzlərlə soydaşımızın durumu,  orta əsrlərdəki avar çəkən qulların vəziyyətiəndən fərqli deyildi.  Bu qədərmi özümüzə sahib ola bilmədik, yoxmu ağsaqqalımız, yoxmu qarasaqqalımız? Qisası kimdən alırıq? Erməni kimi düşmənimizdənmi, bizə həqiqəti deyənlərdənmi? Həqiqəti deyənin özündənmi.., onun arvad xeylağı qohumlarındanmı? Torpağı da itiririk, millətin dəyərlərini də. Dəyərini itirən millət torpaq kimi bir dəyərini – Vətənin dəyərini biləcəkmi? Anlayın, Qarabağ ərazi deyil, Qarabağ vətəndir! Bunu bilirsinizmi?
Bir yazıda bu qədər sual olmaz. Bu suallar 24 ildi “Ərimgəldi” yetimlərinin başından çıxmır…
Bu gün ermənilər referendum keçirir… “Ərimgəldi”nin yetimləri daha heç nəyə inanmır..

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın