Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / İqtisadiyyat / “Problemlərin əhatə dairəsinin genişliyi və mürəkkəbliyi mübarizənin çətin olduğunu deməyə əsas verir” – Firdovsi Şahbazov

“Problemlərin əhatə dairəsinin genişliyi və mürəkkəbliyi mübarizənin çətin olduğunu deməyə əsas verir” – Firdovsi Şahbazov

“Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edirlər ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi də bildirib: “Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, – mən buna əminəm, – bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”.

Göründüyü kimi, Prezident də virusla əlaqədar dünyada iqtisadi böhranın olacağını qeyd etdi. Maraqlıdır, Azərbaycanın bu ağır böhrandan daha ağrısız keçməsi üçün nə kimi imkanlarımız var və bu məsələdə Prezidentin komandasından nə tələb olunur?

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov buna bir neçə aspektdən yanaşdı: “İndi bütün dünya ölkələrinin qarşısında üç əsas məsələ durur: birincisi, pandemiyaya qarşı effektiv mübarizə aparmaqla onun yayılmasının qarşısını almaq. İkincisi, pandemiyanın doğurduğu mövcud iqtisadi problemləri dəf etmək. Üçüncüsü isə postpandemiya dövründə yaranacaq iqtisadi böhranın nəticələrinin yumşaldılması və iqtisadi artımı təmin etmək. Hər üç məsələnin həlli ölkə üçün vacibdir. Problemlərin hər biri özlüyündə mürəkkəb və miqyaslı olduğundan, baş verənləri “üçlü böhran” da adlandırmaq olar. Bütün dünya ölkələri artıq hər üç istiqamət üzrə fəaliyyət proqramları qəbul edərək onları reallaşdırmağa çalışır. Bəs Azərbaycanda pandemiyaya və onun doğurduğu problemlərə qarşı mübarizə sahəsində vəziyyət necədir? Hökumətin postpandemiya dövründə yaranacaq iqtisadi böhranla bağlı proqramı varmı?”.

Sözügedən məsələ ilə bağlı F.Şahbazov bunları dedi: “Hazırda pandemiya ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər – xüsusi karantin rejiminin tətbiqi, pandemiyadan təsirlənən sahələrə, həmin sahələrdə fəaliyyət göstərən insanlara, həssas əhali qruplarına müxtəlif yardımların göstərilməsi üçün 2,5 milyard manatlıq paketin ayrılması hökumətin yaranan vəziyyətə adekvat addımlar atmağa çalışdığını göstərir. Bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyi müddətdə bu tədbirlərin davam etdirilməsi zəruridir. Həm də pandemiyadan zərər çəkmiş bütün sahələrin və şəxslərin bu proqramlarla əhatə olunmasına ehtiyac var. Həyata keçirilən tədbirlərdə, həmçinin, postpandemiya dövründə yaranacaq iqtisadi böhranın doğuracağı çətinliklərin neytrallaşması da nəzərə alınmalıdır. Problemlərin əhatə dairəsinin genişliyi və mürəkkəbliyi onlarla mübarizənin çətin olduğunu deməyə əsas verir. Lakin tələb olunan tədbirlər vaxtında həyata keçirilərsə, ölkəmizin bu problemlərdən daha az itki ilə çıxması imkanları mövcuddur. Əvvəla Azərbaycanın böhranlarla mübarizə sahəsində kifayət qədər təcrübəsi formalaşıb. 2015-2016-cı illərdə olmuş məlum böhranın nəticələrinin aradan qaldırılması üçün ölkədə əsasən qeyri-neft sektorunun və ixracyönümlü sahələrin inkişaf etdirilməsini nəzərdə tutan “Strateji yol xəritələri”nin qəbul olunması, reallaşdırılması ölkə iqtisadiyyatının imkanlarını xeyli genişləndirib. Digər tərəfdən, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün ölkənin kifayət qədər valyuta ehtiyatı mövcuddur. Qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan əsas tədbirlərdən biri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bu sahədəki mövcud disproporsiyaları aradan qaldırmaqdır. Postpandemiya dövründə iqtisadi böhranın yaradacağı mənfi nəticələrin aradan qaldırılması ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasını tələb edir. Bunun üçün, ilk növbədə, rəqabət məcəlləsinin qəbuluna nail olunmalıdır. Digər mühüm məsələ isə dövlət investisiyalarının regionların və iqtisadiyyatın sahələri üzrə optimal bölgüsünü nəzərdə tutan ayrıca dövlət proqramının qəbulu və həyata keçirilməsidir”.

(Baki-Xeber.com)

Həmçinin oxuyun

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır –Açıqlama

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq. Bu barədə “Türkiyə Dövlət Dəmir …