Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentin qızını döyən xüsusi xidmət generalını zirzəmidən kim çıxarıb…

Prezidentin qızını döyən xüsusi xidmət generalını zirzəmidən kim çıxarıb…

Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş sədr müavini, prezident İslam Kərimovun qızına divan tutan və onu döyən general Hayot Şərifxocayev həbsxanadan ev dustaqlığına buraxılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun özbək xidmətinə bir-birindən müstəqil və hakimiyyətə yaxın iki mənbə bildirib.

General Şərifxocayev bir neçə ay əvvəl işdən azad edilib. İyul ayında isə Milli Təhlükəsizlik Xidmətinin Daşkənddə yerləşən və təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş təcridxanasına salınıb. Habelə onun kiçik qardaşı Cövdət vəzifədən azad olunub və həbs edilib.

General Şərifxocayev Gülnarə Kərimovaya divan tutulması kampaniyasına rəhbərlik edirdi və prezidentin qızını ev dustağı edərək döymüşdü.

Özbəkistan prezidentinin sarayında və Kərimovun ailəsi daxilində baş verənlər çoxdan beynəlxalq medianın gündəminə çıxıb. Bir vaxtlar İslam Kərimovun varisi hesab olunan və Özbəkistanın bütün əsas gəlirli biznes sahələrini əlində cəmləşdirən G.Kərimova atasının gözündən düşüb və hazırda Daşkənddə ev dustağıdır.

Ona qarşı divantutma kampaniyasının şəxsən İslam Kərimovun əmri ilə başladığına şübhə yoxdur.

Lakin məlumatlara görə, Gülnarəni atasının gözündən salan Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri, bu Orta Asiya respublikasında əsas güc sahibi hesab edilən Rüstəm İnoyatov və İslam Kərimovun avradı, yəni Gülnarənin öz anası Tatyana olub.

Gülnarəyə qarşı divantutma kampaniyası isə general Şərifxocayevə tapşırılmışdı. Lakin sonradan vəziyyət dəyişib. Görünür, Şərifxocayev və digərləri prezidentin qızına qarşı təqiblərdə çox uzağa getdiklərindən və tapşırılandan daha çox canfəşanlıq etdiklərindən özləri gözdən düşüblər.

Şərifxocayevi və yaxınlarını bir neçə ay əvvəl həbs ediblər. Onun Daşkənd ətrafındakı mülklərini isə buldozerlə dağıdıblar. Hamı elə hesab edirdi ki, artıq Şərifxocayevin xilası mümkün deyil – o, xüsusi xidmət orqanının zirzəmisindən salamat çıxmayacaq.

Lakin son məlumatlara əsasən generalı zirzəmidən dartıb çıxarmağa və hətta ona plov qonaqlığı verməyə qadir olan qüvvələr də var.

Mənbələrdən biri deyib ki, Şərifxocayevin barəsində “müsbət xarakteristika” olduğundan onun barəsində məhkəməyə qədər həbs-qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı ilə əvəz olunub.

Hakimiyyətə yaxın mənbənin dediyinə görə, Şərifxocayevi iki həftə əvvəl öz gözləri ilə görüb: “Mən Xayot Şövkətoviçi Zəlimxan əkənin (Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Zəlimxan Heydərov-red.) evində plov qonaqlığında gördüm. Onu mühafizə edirdilər, ancaq əlləri qandallı deyildi. Adamlar pıçıldaşırdı ki, Şərifxocayevi kontorun rəisi İnoyatov buraxdırıb”.

Lakin digər mənbə əmindir ki, Şərifxocayevin ev dustaqlığına buraxılması məhz Zəlimxan əkənin xidmətidir. Çünki vaxtilə onu qabağa çəkən də Zəlimxan Heydərov olmuşdu.

“Daşkənddə bunu hamı bilir. Hətta Şərifxocayevi tutanda Zəlimxan əkənin prezidentlə münasibətləri soyumuşdu. İndi siz bu adamın qüdrətinə baxın ki, günahı tam sübut edilən və sayılı günləri qalan adamı zirzəmidən ev dustaqlığına çıxara bilir”– deyə Özbəkistan hakimiyyətində yüksək post tutmuş mənbə bildirib.

Maraqlıdır ki, Özbəkistanda qətimkan tədbiri kimi ev dustaqlığının tətbiqinə dair qanunvericilik düzəlişi 2014-cü ilin sentyabrında qəbul edilib. Hazırda bu cəza növünün ölkənin cinayət və cinayət-prosessual məcəlləsinə daxil edilməsi barədə müzakirələr gedir. Başqa sözlə, Şərifxocayevə münasibətdə bu cəza növünün tətbiqi eksklüziv xarakter daşıyır.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın