Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentin dövlət şirkətlərinə sərt tənqidi – ŞƏRH

Prezidentin dövlət şirkətlərinə sərt tənqidi – ŞƏRH

Azərbaycanda iri dövlət şirkətləri ilə bağlı problemin həlli cəmiyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Bu baxımdan şirkətlərin fəaliyyətini təkmilləşdirmək, idarəetmədə effektivliyə nail olmaq üçün yaradılan Azərbaycan İnvestisiya Holdinqindən gözləntilər çoxdur.

Bugünlərdə yerli və xarici jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev iri şirkətlərin fəaliyyətindən narazılığını bir daha dilə gətirib: “Dövlət şirkətlərində idarəçilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və büdcədən vəsaitlərin sovrulması üsuludur. Bizdə praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandıra bilmir. Deməli, daim büdcədən dotasiyalar tələb edirlər. Bu, nəyə lazımdır? Buna görə də daha belə davam edə bilməz. Digər tərəfdən, bu mərhələdə strateji infrastruktur, özü də Qarabağın bərpası nəzərə alınmaqla, dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır, əks halda, biz, sadəcə olaraq, ərazini bərpa edə bilməyəcəyik. Əgər bu gün fərz etsək ki, bizim bütün dövlət şirkətlərimiz bir növ özəl Qərb şirkətlərinin korporativ idarəçilik üsulu ilə işləyir, o halda onlar, sadəcə, ərazilərin bərpası üçün lazım olan layihələrə sərmayə yatırmayacaqlar. Buna görə də bu mərhələdə məqsəd dövlət şirkətlərinin korporativ idarəçiliyini beynəlxalq normalara uyğun şəklə salmaq, lazımi nəzarəti təmin etməkdir.

Prezidentin tənqidləri necə başa düşülüb?

Bundan ötrü Müşahidə şuraları yaradılır. Müşahidə şuralarına Administrasiyanın, nazirliklərin, hökumətin nümayəndələri daxil ediləcək ki, nəzarətsizlik, israfçılıq olmasın. Ona görə ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür. Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün büdcədən pul alırdı. Belə iş olarmı? Mən hələ başqalarını demirəm. Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəçiliyin təkmilləşdirilməsi planında. Kim yeni qaydada vicdanla, şəffaf işləməyi bacarmırsa və ya bunu istəmirsə, o, məsuliyyətə cəlb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox”.

Prezident qeyd edib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi istiqamətində 2021-ci ildə hər hansı addımın atılması gözlənilmir.

İqtisadçı-ekspert, REAL Partiyasının funksioneri Natiq Cəfərli hesab edir ki, dövlət şirkətlərindəki problemlərin əsası idarəetmə ilə bağlıdır: “Əsas səbəb idarəetmə sisteminin zay olmasıdır. Bu sistem müasir tələblərə cavab vermir, çürüyüb, vəziyyəti şəxsləri dəyişməklə düzəltmək mümkün deyil. Dövlət şirkətləri sosial gərginliyin azaldılması və siyasi loyallığın təmin edilməsi üçün istifadə edilib – problem budur! Dövlət şirkətlərinın ştat cədvəllərini şişitməklə əlavə dəyər yaratmayan iş yerləri yaradılırdı – bu iş yerlərinin çoxu dövlət şirkətinin rəhbərliyinin qohum-əqrəbası, dost-tanışı idi. Dövlət şirkətlərinin rəhbərləri büdcəni əmə-əmə siyasi hakimiyyətə loyal olurdular. Çörəkverən şirkət rəhbərləri öz yaxınlarını işə düzəltməklə onların da loyallığını təmin edirdi. Beləliklə də dövlət şirkətləri büdcəni söküb, korrupsiyaya bulaşıb hakimiyyətə loyal on minlərlə insan ordusu yaradırdılar. Yeri gəlmişkən, bu, tək şirkətlərə aid deyildi, nazirlik, idarələr də eyni məntiqlə idarə edilirdi”.

Natiq Cəfərli: “Neft bazarının gələcəyi siyasi bəyanatlardan asılı olacaq”

Natiq Cəfərli

Ekspertin sözlərinə görə, qısa bir araşdırma nəticəsində “Azərsu” ASC-də real tələb olunan saydan 4 dəfəyə yaxın çox işçinin olduğunu müəyyənləşdirib: “Eyni yanaşma bütün dövlət şirkətlərinə aiddir, ştatlar şişirdilib, sabah effektiv idarəetməyə keçilsə on minlərlə insan ixtisara düşməlidir – bu isə narazı elektorat deməkdir. Bu hakimiyyətin düşünülməmiş addımları ilə belə vəziyyət yaradıb. Vəziyyətdən çıxış yolu loyallığın siyasi yolla, ideoloji əsasla, vizionla, proqram sənədləri ilə qazanılması, azad biznesə şəraitin yaradılmasıdır”.

N.Cəfərliyə görə, Prezident və hökumət də bir-birindən ayrılmalıdır: “Prezident dövlət başçısı, Ali Baş Komandan olmalı, hökumət isə proporsional əsasla seçilmiş parlamentdən çıxmalı, iqtisadi-sosial məsələlərlə məşğul olmalıdır. Deməli, yeni konstitusiya, yeni parlament, yeni hökumət artıq olmazsa-olmazdır”…

Ekspert hesab edir ki, dövlət şirkətləri ilə bağlı atılan ilk addımlardan biri doğru yol seçilmədiyindən xəbər verir: “Prezident yenə haqlı olaraq dövlət şirkətlərinin büdcəyə yük olması, dotasiya ilə işləməsi, ziyana getməsi ilə bağlı açıqlama verdi. Səhəri gün isə ölkədə gəlirlə, mənfəətlə işləyən nadir dövlət şirkətlərindən biri olan ”Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsi ilə əlaqədar sənəd imzalanıb. Müqavilə 10+5 il üçün nəzərdə tutulub.

“Azərlotereya” 2018-ci ildə gəlirlərini 46,2 faiz, 2019-cu ildə isə 73,5 faiz artırmışdı. Son 3 ildə gəlirləri təqribən 3 dəfə artıb. Yaxşı, o birilərini anladıq, doğrudan da zay, gəlirsiz işləyirlər, büdcəyə yükdürlər, bəs mənfəətlə işləyən, gəlirini hər il artıran rentabelli dövlət şirkəti olan “Azərlotereya”nı nədən xarici şirkətə idarəetməyə verirsiz ki?! Bərbad işləyən dövlət şirkətlərini özəlləşdirin, idarəetməyə verin, buna sözüm yox – burada Türkiyə şirkətlərinə öncüllük tanına bilinər, amma gəlirlə işləyən nadir şirkətlərdın birini Demirören kimi “Beşiktaş”ı batırmış, Türkiyə Futbol Federasiyasını yaxşı idarə edə bilməyən birinə nədən peşkəş edirsiniz ki”?!

Ekspert Elman Sadıqov: "Yay mövsümündən etibarən lirə müəyyən qədər  möhkəmlənəcək"

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqov deyir ki, əslində iri dövlət şirkətlərinin hamısı gəlirlə işləməliydi: “Çünki hamısı təbii inhisarçıdır, yetərincə istehlakçı-abonent kütləsi var, müştəri axtarmaq kimi problemləri yoxdur. Buna baxmayaraq, onlar daim zərərlə işləyirlər, büdcədən subsidiya alırlar, bunun da ağırlığını xalq çəkir. Uzun illər belə davam etdi, lakin pandemiyanın gətirdiyi ağır iqtisadi böhran, gəlirlərdə azalma, xərclərdəki çoxalma elə şərait yaratdı ki, artıq hər qəpiyi hesablamaq zamanıdır. Hökumət gördü ki, bu müəssisələrin fəaliyyətini indiki formada davam etdirmələri mümkünsüzdür. Buna görə də onlarda idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin optimallaşdırılması işlərinə başlandı. Optimallaşdırma üçün isə gəlirlər artmalı, xərclər azalmalıdır. Xərclərin azaldılması üçün ixtisarlar, gəlirin artırılması üçün satılan məhsulun qiymətinin qaldırılması nəzərdə tutulur. Halbuki bu iki tədbir ən sonda atılacaq addımlar olmalıdır. Buna qədər şirkətlərin idarəetməsinin təkmilləşdirilməsi, israfçılığın qarşısının alınması, fəaliyyətdə şəffaflığın təmin olunması lazımdır. Yalnız bütün bunlardan sonra əgər gözlənilən effekt alınmırsa, onda tariflərin yüksəldilməsi, ixtisarlar aparılması kimi addımlara gedilməlidir. Pandemiyanın yaratdığı problemlər şəraitində ixtisarların işsizliyə mənfi təsirinin yüksək olacağı nəzərə alınaraq bu addıma gedilmir. Bunu anlamaq olar. Lakin digər tədbirlər həyata keçirilmədən tariflərin artırılmasını heç də doğru yol hesab etmək olmaz. Belə artım şirkətləri gəlirliliyə çıxarmayacaq, çünki idarəetmədə keyfiyyət dəyişikliyi aparılmayıb. Əvəzində inflyasiyanı artırır, orta və uzunmüddətli dövrdə ciddi zərərlərə gətirir: əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, dövlət istehlakı dəstəkləmək üçün pensiya və əmək haqlarını artırmağa məcbur olur. Nəticədə, bir şirkətin gəliri ilə birlikdə dövlətin xərcləri də artır. Məsələn, indiki qiymət artımından bir şirkət 100 milyon manat əlavə gəlir əldə edəcəksə, yaxın 1-2 il ərzində dövlət bundan 500 milyon manatdan yuxarı xərcə düşəcək”.

Ekspertin fikrincə, hazırda iri dövlət müəssisələrində müasir standartlara cavab verən idarəetmə yoxdur: “Həmçinin bu müəssisələrdə optimal qiymət tətbiqi, xərclərin optimallaşdırılması, korporativ idarəetmə, risk menecmenti, normal marketinq yanaşması, peşəkar səviyyədə analizlər yoxdur. Halbuki iqtisadi sahədə fəaliyyət göstərən şirkətlərdə bunların olması vacib şərtdir. Yüksək qiymət heç də həmişə optimal qiymət demək deyil. Bu gün dünyada böyük şirkətlərin optimal qiyməti müəyyənləşdirdikdən sonra öz məhsullarının qiymətini endirməsi halları kifayət qədərdir. Elə yüksək qiymət var ki, gəliri artırmaq əvəzinə daha da azaldır. Bizim dövlət şirkətlərində müasir idarəetmə yoxdur deyə, iqtisadiyyatın bu qanunauyğunluğundan da xəbərləri yoxdur”.

İdarəetmənin təkmilləşdirilməsi, daha səmərəli fəaliyyət üçün hər bir müəssisənin fəaliyyəti ən ciddi şəkildə analiz olunmalıdır: “Hansı mərhələdə səhvlərə yol verildiyi müəyyən edilməli, onların aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilməlidir. İlk öncə xüsusilə xərclər hissəsinə və səmərəlilik, rentabellik məsələlərinə nəzarət mexanizmi gücləndirilməlidir.

İkincisi, həmin şirkətlərin mənfəətli çıxması üçün hansı tədbirlərin görülməsi məsələsi müzakirə olunmalıdır. Ümumiyyətlə, bu şirkətlərdə idarəetməyə yanaşma prinsipi dəyişməlidir. Bu məsələdə AİH vahid konsepsiya ortaya qoya bilər. Həmin şirkətlərdə marketinq, risk menecmenti, maliyyə ölçmə, analiz, təhlillər kimi məsələlər yenidən formalaşmalıdır. Bu yanaşma həmin müəssisələrin səmərəsiz fəaliyyətini, zərərini obyektiv üzə çıxaracaq. Əgər bir şirkətdə səmərəli xərcləmə yoxdursa, nə qədər qazansa da, tarifləri nə qədər yüksəltsə də, yenə səmərəsi olmayacaq. Çünki gəlir artdıqca səmərəsiz xərcləmə yanaşması ilə həmin gəlirlərə yenə də bir xərc tapılacaq”.

Ekspert bildirir ki, dövlət şirkətlərində ilk olaraq gəlirləri artırmağa fokuslanmaq narahatlıq yaradan məqamlardandır: “Gəlirlərin artırılmasına fokuslanmaq bir çox hallarda həmin şirkətlərdə xərcləri və digər nüansları diqqətdən kənarda saxlayır. Bu baxımdan AİH həmin şirkətlərdə idarəetməni kökündən dəyişməli, korporativ idarəetmə standartları tətbiq etməlidir. Bu, çox da uzun müddət tələb etməyəcək, əsas kadrların düzgün seçilməsi və düzgün yerləşdirilməsidir. Yalnız belə idarəetmə tətbiq olunandan sonra dəqiq müəyyən etmək mümkündür ki, hansı şirkəti gəlirə çıxartmaq üçün hansı addımlar atılmalıdır. Bu zaman özəlləşdirmə məsələsinə ciddi yanaşılmalıdır. Çünki bu müəssisələrin tamamilə özəlləşdirilməsi səmərəli addım olmaya bilər. Bu baxımdan, həmin müəssisələrin bir hissəsi dövlətin təmsilçisi kimi AİH-də qalmalıdır”. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …