Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Polis Akademiyasından daha bir müəmmalı tender

Polis Akademiyasından daha bir müəmmalı tender

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Ümumi dəyəri 97 min 553 manat 42 qəpik olan tender müsabiqəsinin qalibi “Bromante Group” MMC (VÖEN- 1905323421) olub.
“Bromante Group” MMC hündürmərtəbəli inzibati və yataqxana binalarında şüşələrin yuyulması xidməti üçün 48 min 796 manat 56 qəpik, camaşırların yuyulması üçün isə 48 min 796 manat 56 qəpik alacaq.
Nizamnamə kapitalı 10 manat olan “Bromante Group” MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli Qəs.) ev 153, m. 44 – də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Gülbaba Veybala oğludur.
Tender müsabiqəsinin maraqlı və müəmmalı tərəfi odur ki, tender müsabiqəsinin qalibi olan şirkət  – “Bromante Group” MMC tender elanından təxminən 4 ay əvvəl – ötən ilin noyabr ayının 16-da dövlət qeydiyyatına alınıb. Eyni günlərdə və eyni ünvanda “Bromante Group” MMC-dən başqa Hüseynov Gülbaba Veybala oğlunun qanuni təmsiçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb. Bunlar “Lion Group LL” MMC (VÖEN – 1905321151) və “Gremtur” MMC-dir (VÖEN-1905323141). Bu şirkətlər barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur.
Onu da qeyd edək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanda yaxın tarixlərdə yüzlərlə şirkət dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin adlarında bənzərliklər var və eyni şəxs bir neçə şirkətə rəhbərlik edir. Açıq şəkildə görülür ki, bu şirkətlər vahid mərkəzdən idarə olunur.
Maraqlıdır ki, yeni yaranmalarına baxmayaraq, bu şirkətlər dövlət qurumlarının keçirdikləri çoxsaylı tenderlərdə qalib olurlar və dövlət büdcəsinə də vergi ödəmirlər. Məsələn, DİN-in tenderində qalib olan “Bromante Group” MMC ilə eyni ünvanda yerləşən “Barmon-AZ2021” MMC-nin (VÖEN – 1904842981) dövlət büdcəsinə yarım milyondan çox borcu var.

Onu da bildirək ki, Polis Akademiyası tərəfindən əvvəllər də bu cür müəmmalı tender müsabiqələri keçirilib.

Yeniavaz.com

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …